Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:48

«The New York Times» Avropa Oyunlarından yazır


Bakı Olimpiya Stadionu - 9 iyun 2015
Bakı Olimpiya Stadionu - 9 iyun 2015

-

«Uzun müddət bir məsələ maraq doğurub – Olimpiya Oyunlarının yarandığı Avropa qitəsinin özündə belə bir ekstravaqant oyun keçirilmir. Digər qitələr on illərdir oxşar tədbirlərə ev sahibliyi edirlər: Pan-Amerika Oyunları, Asiya Oyunları, Afrika Oyunları, hətta Sakit Okean Oyunları belə baş tutur».

Christopher Clarey «The New York Times» qəzetində yazır ki, nəhayət bu həftə Avropa ilk Avropa Oyunlarına qovuşacaq.

«YUMRUQ TORBASI»

Müəllif bu oyunların müsbət və mənfi tərəfləri olduğunu qeyd edir. Müsbəti odur ki, Azərbaycanın və idman-təfəkkürlü prezidenti İlham Əliyevin bu bahalı layihəni həyata keçirməyə hər cür vəsaiti var.

«İndiyədək heç kəsin bu çətin işdən yapışmağa maliyyə mənbələri və siyasi iradəsi olmayıb», -Avropa Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru Simon Clegg telefon müsahibəsində deyib.

«Pis tərəfi isə odur ki, Azərbaycanda insan haqlarının durumuna görə bu Oyunlar «yumruq torbası»na çevrilib. Oyunlara repressiv rejimlərin böyük idman tədbirlərindən təbliğat üçün istifadəsi tendensiyasının son nümunəsi kimi baxılır».

«Azərbaycanda postsovet dönəminin başlanmasından bəri insan haqları, mətbuat və başqa azadlıqlar baxımından ən pis məqam yaranıb», - «Human Rights Watch» insan haqları təşkilatının qlobal təşəbbüslər üzrə direktoru Minky Worden deyir. «İlk Avropa Oyunları repressiya mühiti ilə çirklənirsə, bu, hansı mesajı göndərmiş olur? Axı tezliklə Qazaxıstan və Çin də 2022-ci il Qış Olimpiadasına ev sahibliyi uğrunda yarışacaq».

Müəllifin fikrincə, siyasi ziddiyyətlər özünü göstərməkdədir. Rusiya prezidenti Vladimir Putin açılış mərasiminə gedir, Almaniya kansleri Angela Merkel, Almaniyanın siyasi liderləri isə iştirakdan imtina edib.

PROBLEMLƏR DƏRİNLƏŞİR

«Avropa Oyunlarının Azərbaycanda keçirilməsi belə bir fikir yürütməyə əsas verir ki, 2022-ci il Qətər Dünya Çempionatı kimi, bu Oyunlar da rejim üçün əsasən şan-şöhrət layihəsidir», - bunu isə Britaniyanın De Monfor Universitetinin professoru Tony Collins deyir.

Avropa Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru Simon Clegg
Avropa Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru Simon Clegg

Müəllif daha sonra yazır ki, bəzi idman növlərində bu oyunlar gələn ilki Olimpiyaya təsnifat sayılır, bəzi növlər, məsələn, üzgüçülükdə daha aşağı səviyyəli komandalarla təmsil olunur.

«Bu oyunlara ehtiyac olub-olmaması məsələsi ilə bağlı uzun müddət şübhə olub», - S.Clegg deyir. «Ancaq unutmayaq ki, Bakıya ev sahibliyi 2012-ci ilin dekabrında verilib, cəmi 30 ay öncə. Əksər Olimpiya şəhərlərinə altı-yeddi il vaxt verilir».

Müəllifin fikrincə, bu cur tədbirə Avropada elə bir ciddi ictimai sifariş yoxdur. T.Collins deyir ki, «Avropanın son əsrdə imperiya və Soyuq Müharibə tərəfindən parçalanması Avropa Oyunlarının indiyədək niyə keçirilməməsinin əsas səbəblərindəndir. İndi isə durum dəyişib. Yayımçıların idman tədbirləri üçün daha çox pulu var. İkincisi, Avropa da özündə dəyişiklik görür. Keçmiş sovet respublikaları ilə Qərbi Avropa arasında əlaqələr güclənir».

Jurnalistlərə, fəallara təzyiqlərə gəlincə, yazıda jurnalist Xədicə İsmayılın adı çəkilir, onun məhz araşdırmalarına görə həbsə atıldığı vurğulanır.

Bakı. 19 may 2015
Bakı. 19 may 2015

««Human Rights Watch»un on il ərzində apardığı tədqiqat göstərir ki, meqa idman tədbirlərini Çin, Rusiya və ya Azərbaycan kimi repressiv rejimlərə verəndə, mövcud insan haqları problemlərini dərinləşdirmiş olursan», - M.Worden belə deyir.

«DÜMSÜKLƏYİRİK»

Avropa Olimpiya Komitələrinin prezidenti Patrick Hickey M.Worden və digərləri ilə görüşüb: «Biz bacardığımız qədər təzyiq edir, dümsükləyirik, ancaq sonucda suveren dövlətə nə etməyi diktə edə bilmərik»,- Hickey deyib.

Azərbaycan hökuməti bu məqalədəki fikirlərlə bağlı şərh verməyib. Ancaq Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ötən həftə BBC-yə deyib ki, «Azərbaycanda heç kəs siyasi baxışları və fəaliyyətinə görə təqib olunmur. Ölkədə hüququn aliliyi və məhkəmənin tam müstəqilliyi təmin olunub».

Müəllif gələn il Bakıda «Formula-1», 2017-ci ildə İslam Həmrəylik Oyunlarının, 2020-ci ildə isə Avropa futbol çempionatının 4 oyununun keçiriləcəyini yazır. Yəni Olimpiya macəraları davam edir:

«Ancaq ilk oyunlarda ilk növbədə bir məsələ açıq qalır: Gələn iki həftə ərzində Azərbaycan Avropa Oyunlarına uyğun ev sahibi olmayacaq. Bu oyunların konsepsiyasının vaxtı çatıb, ancaq aktuallığı və uzunmüddətli gələcəyi qeyri-müəyyən qalır».

XS
SM
MD
LG