Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Azad Rəhimov: "O boyda stadion baş qalıb dağılır"


Hazırda Bakıda Avropa Oyunları keçirilir
Hazırda Bakıda Avropa Oyunları keçirilir

Azad Rəhimov: “Bakıdakı stadion 68 min yerlikdir. Ancaq Olimpiya Komitəsi açılış və bağlanış mərasimləri üçün 80 min yerlik stadion tələb edir. Bu, çox böyükdür”

-

Azərbaycan 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət edə bilər.

Ancaq Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ev sahiblərinə tələblərini azaltmasını istəyir. Xəbəri Associated Press agentliyi iyunun 23-də Gənclər və idman naziri Azad Rəhimova istinadla yayıb.

BAKININ ŞƏRTİ VAR

Hazırda Bakıda 20 idman növü üzrə Avropa oyunları keçirilir. Bakı 2016 və 2020-ci illər Olimpiadasına ev sahibliyi üçün müraciət etsə də, finalçıların qısa siyahısına düşə bilməyib.

Azad Rəhimov deyib ki, 2024-cü il oyunları üçün müraciətin yolunda böyük əngəllər var:

“Hazırda Olimpiya tələbləri çox yüksəkdir,” o, jurnalistlərə deyib və əlavə edib ki, “hökumət oyunlara hazırlığa böyük investisiya” ayırmasa, Azərbaycanın Avropa oyunları üçün tikilmiş obyektlərdə Olimpiya keçirməsi “qeyri-mümkün” olacaq.

Söhbət BOK-un infrastruktur və idman qurğularına dair minimum tələblərindən gedir.

TƏLƏBLƏR YUMŞALSA...

“Bakıdakı stadion 68 min yerlikdir. Ancaq Olimpiya Komitəsi açılış və bağlanış mərasimləri üçün 80 min yerlik stadion tələb edir. Bu, çox böyükdür,” Rəhimov deyib. “Bildiyimiz kimi, hazırda Pekində tikilmiş nəhəng stadion boş qalıb, böyük tədbirlər, yarışlar keçirilmir, bir az da dağılır və s.”

Rəhimov üzgüçülük arenaları üçün qoyulmuş tələbləri də tənqid edib, onların “çox böyük” olduğunu bildirib.

BOK ötən il “Olimpiya Gündəliyi 2020” adlı islahat paketi qəbul edib. Məqsəd Olimpiadaya ev sahibliyi xərclərinin azaldılması və mövcud arenalardan maksimum istifadədir.

Rəhimov deyib ki, BOK-un islahatlarının praktikada necə işləyəcəyi hələlik aydın deyil.

“Bu tələblər daha realist yanaşma ilə yekunlaşsa, Azərbaycan kimi ölkələr də daha asan ev sahibliyi edə bilər,” o, deyib.

AŞAĞI QİYMƏT ALIB

AP yazır ki, BOK 2016 və 2020-ci il oyunları üçün təftişlər zamanı Bakının infrastrukturunu zəif dəyərləndirib. Ancaq hər iki təftiş Avropa Oyunları üçün tikintilərdən öncə aparılıb.

Azad Rəhimov onu da qeyd edib ki, Azərbaycan Olimpiya qərarını verməmişdən öncə Olimpiya hərəkatının Avropa Oyunlarına reaksiyasını da nəzərə alacaq. “Son qərarı Milli Olimpiya Komitəsinin rəhbəri, Prezident İlham Əliyev verəcək,” Rəhimov deyib.

2024-cü il Olimpiadasına ev sahibliyi üçün sentyabrın 15-dək müraciət olunmalıdır. Paris, Roma, Boston və Hamburq namizədliklərini verib. Budapeştin də bu yarışmaya qoşulacağı gözlənir.

XS
SM
MD
LG