Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Tamaşaçı rəyi: "Əsas məsələ - sənət qalır qıraqda"


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

- "Səhnədə çılpaq olmaq əsas məsələ deyil. Əsas insanı anlada bilməkdir."

Tural Şahtaxtinski

Seks qorxulu bir şey deyil

Uzun illərdir, Azərbaycan səhnəsində həll olunmayan, həlli tapılmayan bir problem var: səhnədə açıq-saçıq geyinmək, səhnədə söyüşün olması, səhnədə çılpaq olmaq, səhnədə sevişmək və s.

Məsələn, insanlara televizorda gündəm yaradan müğənnilərin nə oxuduğu, necə oxuduğu yox, nə geyindiyi maraqlıdır.

İnsanlar buna qarşı çıxır, etiraz edir və qəbul etmədiklərini deyirlər. Amma əsas məsələ - sənət qalır qıraqda.

Azərbaycan telekanallarında yayımlanan özümüzə məxsus seriallarda, filmlərdə, tamaşalarda öpüşən cütlük, açıq geyimdə olan aktyor, aktirisa görmək mümkün deyil.

Təbii, bu məsələlərin bir neçə səbəbi var, amma əsas səbəb “milli dəyər”lərin qorunması məsələsidir. İllərdir, insanlar qəbul etmirlər ki, sənət milli dəyər tanımır, sadəcə sənətdən zövq almaq lazımdır.

Əgər teatr cəmiyyəti göstərirsə, niyə o cəmiyyətdə baş verən bütün hadisələr açıq-aşkar göstərilməsin? Bu yaxınlarda Azərbaycan teatrında, Azərbaycan səhnəsində bir inqilab olub.

Bəli, artıq Azərbaycan tamaşaçısı illərlə səhnələrdə böyük problemə çevrilmiş seks səhnəsini indi açıq-aşkar izləyib. Biz bu yeniliyə cəmiyyətin hansı reaksiyalar verəcəyini əvvəldən yaxşı bilirdik.

Məsələn, mən tamaşaya baxa-baxa gözləyirdim ki, hər an kimsə ayağa qalxıb zalda səs-küy salacaq, belə olmadı. Əksinə, tamaşaçılar gərgin və ağır bir tamaşanın təsirinə düşdülər və hətta gülüş hissəsi olanda belə, gülə bilmədilər.

Çünki məsələ çılpaq insan və ya seks məsləsi deyildi, məsələ insan həyatı idi.

Çox heyf ki, cəmiyyəti o zalda olan 20-30 nəfər təşkil etmir, indi görürəm ki, “Oda” teatırında səhnəyə qoyulan həmin “MimOda +18” tamaşasını heç də hər kəs normal qarşılamayıb.

Həmişə olduğu kimi, cəmiyyət yeniliyi, inqilabı qəbul etmir, onlara hücuma keçir. Dəhşətlisi odur ki, tamaşaya baxmadan artıq bütün qərarlar verilir.

Ən acınacaqlısı isə onlara qarşı çıxan insanların çoxu illərdir yenilikdən, müasirlikdən danışanlardır. Ziyalı bir insan niyə bu cür tamaşaya qarşı çıxsın axı?

Hələ bizim gənclərin heç bir əsas olmadan tamaşanı pisləməsi heç qəbul edilməzdir.

Mən tamaşanı ərsəyə gətirən rejissor İmam Həsənovla söhbət etdim. Onunla danışdıqdan sonra hər şey daha yaxşı aydın oldu.

Məlum oldu ki, əslində belə bir tamaşa iki il əvvəl düşünülüb və heç bir azərbaycanlı aktirisa buna razı olmayıb. Zaman keçir və “Oda” teatrı fransız bir aktrisa tapır. Həmin fransız aktirasadan sonra bu tamaşa öz dəyərini qazanır.

İndi “Oda” teatrına qarşı çıxan insanların heç biri o tamaşaya baxmayıb. O tamaşada məsələ seks deyil. İnsan, insanın ağrıları, əzabları, savaş, gərginlik, seks, o tamaşada hər şey var. İnsanın bütün çılpaqlığı əks olunur.

Yeniliyə qarşı bu qədər qərəzli olmağa dəymir. “Milli dəyər” deyilən bir anlayış cəmiyyəti zəhərləyib, cəmiyyəti inkişaf etməyə, düşünməyə imkan vermir.

Bu gün insanlarımız kimi mentallıqdan qurtula bilməyən səhnəmiz də bir inqilabın, yeniliyin şahidi olub. Bunu ölkənin yeganə müstəqil teatırı olan “Oda” teatırı bacarıb.

Məncə, burada bir şey də bizə aydın olur: “Əsl müstəqillik, azadlıq.” İllərdir dövlət teatrlarında heç bir tamaşada belə yenilik olmayıb.

İnsanın özəyini ortaya qoyan bir tamaşa. Seks, səhnədə çılpaq olmaq əsas məsələ deyil. Əsas insanı anlada bilməkdir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG