Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:25

Gələn il dükan, ya restorana getsəniz, cibinizə artıq pul qoyun...


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə üçün parlamentə təqdim edilib. Gələn il bəzi təsərrüfat subyektlərinin sadələşdirilmiş vergi dərəcələrinin artırılması gözlənilir. Dəyişikliyə görə, ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar dövriyyənin 6 faizi, ictimai iaşə sahəsində çalışan sahibkarlarsa 8 faizi səviyyəsində sadələşdirilmiş vergi ödəməlidirlər. Bu halda gələn il ticarətçilərin vergi öhdəliyi -1.5, kafe-yeməkxana-restoran işlədənlərinki 2 dəfə artacaq.

«SADƏLƏŞDİRİLMİŞ VERGİ» NƏ İLƏ ƏVƏZ OLUNA BİLƏR?

İqtisadçı-ekspert Qubad İbadoğlunun fikrincə, dəyişiklik həm ticarətdə, həm də ictimai iaşədə qiymətlərin bahalaşmasına gətirib çıxaracaq: «Azərbaycanla oxşar vəziyyətdə olan bir çox ölkədə sadələşdirilmiş verginin bu forması özünü doğrultmadığından ondan imtina edirlər. Kiçik sahibkarlıq subyektlərində kassa uçotu və hesabatların aparılmasına çəkilən məsrəflər inzibatçılıq baxımından sərfəli olmur. Buna görə də digər ölkələrdə kiçik müəssisələr və fərdi sahibkarlar üçün sadələşdirilmiş verginin başqa növləri də tətbiq olunur. Beynəlxalq təcrübədə sadələşdirilmiş vergi rejiminin «razılaşdırılmış vergi», «şərti vergi», «patent», «minimal vergi» kimi formaları daha geniş yayılıb. Praktikada «şərti vergi»nin ən geniş yayılmış formasından biri - verginin «patent» şəklində ödənilməsidir. «Patent» vergisi, əsasən, kiçik sahibkar subyektləri, o cümlədən fərdi sahibkarlar ödəyirlər. Patentin dəyərini təsərrüfat subyektinin dövriyyəsi və yerləşdiyi yer deyil, konkret fəaliyyət sahəsi müəyyənləşdirir. Fərdi və xırda sahibkarlar üçün patent vergi sistemi (PVS) tətbiqinin əsas məqsədi - kiçik biznesin inkişafı və vergi inzibatçılığının təkmilləşdirilməsi üçün daha əlverişli şəraitin yaradılmasıdır».

PATENT VERGİ SİSTEMİ: SADƏLİK VƏ ŞƏFFAFLIQ

Ekspert əlavə edir ki, patent vergi sistemi vergi hesabatları ilə bağlı prosedurların sadələşdirilməsini nəzərdə tutur: «Bu sistemdə kassa və mühasibat uçotu aparılmasına və gəlir bəyannaməsinin təqdim olunmasına ehtiyac qalmır. Bundan başqa təsərrüfat subyektləri üçün PVS-ə keçid və əvvəlki sistemə (geriyə) qayıdış könüllüdür. PVS-in üstünlüklərindən biri də bu vergini ödəyənlərin digər vergi öhdəliklərindən azad edilməsidir. PVS-i qəbul edən sahibkarlar fiziki şəxslərin gəlir və əmlak vergilərini və ƏDV-ni ödəməkdən azad olunurlar».

Qubad İbadoğlunun fikrincə, patentin hesablanmasında sadəlik və şəffaflıq əsas formuldur: «Kiçik sahibkarlar, fərdi şəxslər illik (rüblük, aylıq) patent alarsa, o halda vergi orqanları onların gəlir və xərclərinə nəzarət etmir və bu halda da sahibkarlarla vergi müfəttişlərinin ünsiyyəti aradan qaldırılır. Bu vergi növü Rusiya, Qazaxıstan və Qırğızıstanda son illər geniş tətbiq olunur və özünü doğruldur».

Ekspert bildirir ki, beləcə, bu növ vergini ödəyən sahibkarların fəaliyyətinə vergi orqanlarının müdaxiləsi aradan qalxır: «Çünki qanuna görə, vergiödəyicisinin patenti varsa, onu vergi orqanı yoxlaya bilməz. Bu baxımdan PVS-ə keçid Azərbaycanda kiçik sahibkarlığın və fərdi sahibkarların inkişafına mane olan inzibati baryerlərin, haqsız müdaxilələrin və əsassız yoxlamaların azalmasına gətirib çıxara bilər».

XS
SM
MD
LG