Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

KXCP-də namizədlər seçkiyə qatılmaq istəmir


Oqtay Güləliyev.
Oqtay Güləliyev.

-

Azərbaycanda parlament seçkilərinə cəmi 10 gün qalsa da, bəzi partiyalarda seçkilərdə iştirakla bağlı tərəddüdlər hələ qalmaqdadır.

Xüsusilə də Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) hətta namizədlikləri qeydiyyata alınan bəzi funksionerlər bu seçkinin bir təyinat olduğunu və ondan geri çəkilməyə hazır olduqlarını hər fürsətdə dilə gətirirlər.

Elə bunun nəticəsi kimi də, ötən həftə bu partiyada seçkilərdə iştirak məsələsi bir daha müzakirə edilib. Partiya funksionerlərindən Oqtay Güləliyev öz «facebook» səhifəsində yazırdı ki, müzakirələrdə partiyanın qeydə alınan və alınmayan namizədlərinin əksəriyyəti iştirak edib.

KXCP-dən indiyə kimi 12 şəxsin namizədliyi qeydə alınıb. Oqtay Güləliyev qeyd edir ki, həmin müşavirəyə qatılan 9 namizəddən 7-si seçkiləri boykot etməyə tərəfdar olduqlarını açıqca dilə gətiriblər.

«KXCP ELÇİBƏY İDEYALARINA SADİQ TƏŞKİLATDIR»

Oqtay Güləliyev bu fikrin tərəfdarları ilə bağlı yazırdı:

«Mən o insanlarla bir təşkilatda olmaqdan qürur duydum. Əslində bu mövqe son zamanlar KXCP ilə bağlı cəmiyyətdə müzakirələrə yol açmış bəzi anlaşılmazlıqlara, suallara verilən ən gözəl cavabdır. Hər bir təşkilatın fərqli mübarizə taktikası ola bilər. Önəmlisi həmin təşkilatda cəmləşən insanların getdikləri yola sadiq olmalarıdır. KXCP yoluna, mübarizəsinə, Elçibəy ideyalarına sadiq təşkilatdır. Mən buna bir daha əmin oldum. Hər kəs də əmin olsun!».

Bununla belə toplantıda hər hansı bir yekdil qərar qəbul edilmir.
Üstəlik, KXCP rəhbərliyinin toplantısında Siyasi Şuranın seçkilərdə iştirakla bağlı əvvəlki qərarı qüvvədə saxlanır.

Mirmahmud Mirəlioğlu.
Mirmahmud Mirəlioğlu.

«TEZ-TEZ QƏRARLARI DƏYİŞMƏK OLMAZ»

KXCP-nın sədri Mirmahmud Mirəlioğlunun da namizədliyi qeydə alınmayıb. Ancaq o, seçkidə iştirakın tərəfdarıdır. Mirmahmud Mirəlioğlu AzadlıqRadiosuna müsahibəsində bu mövqeyini belə izah edib:

«Birincisi, seçki ərəfəsində tez-tez qərarları dəyişmək olmaz. Üstəlik bəzi qeydiyyata alınmayan namizədlər məhkəməyə müraciət edib. Bəzi üzvlərimizin məhkəmə yolu ilə axıra kimi mübarizə apardıqları bir vaxtda qeydiyyata alınan namizədlərin namizədliklərini geri götürməsi düzgün olmazdı».
Yeri gəlmişkən, elə bu gün Ali Məhkəmədə Mirmahmud Mirəlioğlunun şikayətinə baxılmalıdır.

Mirmahmud Mirəlioğlu həmçinin qeyd edib ki, KXCP-nın nizamnaməsində yazılıb ki, onlar yalnız seçkilər yolu ilə hakimiyyətin dəyişməsini istəyir:
«Əgər biz parlament seçkilərində iştirak etməyəcəyiksə, onda nizamnaməmizə də yenidən baxmalıyıq».

«Ali Məhkəmədən sizin şikayətinizə müsbət cavab çıxmasa, qərarınız dəyişərmi» sualına isə KXCP sədi belə cavab verib:

«Yox, əsla. Əksinə, Ali Məhkəmə mənim şikayətimə müsbət cavab verərsə, bu mövqeyimə yenidən baxmağa səbəb ola bilər».

XS
SM
MD
LG