Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

«Pul tök, iş qur, qazanmağa başlayan kimi...»


Şerif, karikatura, «Centlmen razılaşması»
Şerif, karikatura, «Centlmen razılaşması»

-

«Xeyli vəsait xərclədiyim və hələ yenicə qazanc götürməyə başladığım obyekti gözümün önündə bir andaca sökdülər. Nə başqa torpaq sahəsi ilə təmin etdilər, nə də problemi başqa formada yoluna qoydular. Məni aldatdılar. Obyektimi sökdülər, ancaq özləri, hərəsi ikimərtəbəli olmaqla, üç obyekt tikdilər».

«OBYEKTİMİ SÖKDÜLƏR, ÖZLƏRİ OBYEKT TİKDİLƏR»

Sahibkar Yusif Quliyev deyir, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 2002-ci ildə verdiyi sərəncamla «Heydər parkı»nın ərazisində kommersiya obyekti quraşdırılması üçün 24 kvadratmetr torpaq sahəsi onun adına sənədləşib. Sahənin sxemi çəkilib və ölçülərək ona təhvil verilib. 11 il əvvəl İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpaq sahəsinə inşaat pasportu da çıxarılıb. Bütün sənədləşdirmələr başa çatandan sonra sahibkar yüngül konstruksiyadan iaşə obyekti quraşdırıb, əsaslı təmir işləri aparıb. 4 il əvvəl yerli İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək abadlıq işləri aparacaqlarını bildiriblər. Sahibkara başqa yerdə torpaq sahəsi vəd etməklə obyekti söküblər. Park təmirdən çıxdıqdan sonra sahibkar görəndə ki, ərazidə hərəsi ikimərtəbəli olmaqla üç obyekt tikilir, aldadıldığını bala düşüb.

İCRA HAKİMİYYƏTİ DEYİR, SAHİBKAR HAQLI DEYİL

Sumqayıt şəhər İcra Hakimiyyəti sahibkarın iddiasını əsassız hesab edir. Qurumdan bildirilib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 218 nömrəli, 2 sentyabr 2002-ci il tarixli sərəncamı ilə Quliyev Yusif Fazil oğlunun «Heydər Parkı» ərazisində istifadə etdiyi torpaq sahəsində kommersiya obyekti quraşdırılmasına icazə verilib. Həmin sərəncamın 5-ci bəndinə əsasən yerində quraşdırılan sahədə əsaslı tikintiyə icazə verilməyib. Baş plana uyğun olaraq, tikinti aparılması lazım olarsa, quraşdırmanın ləğv olunacağı bildirilib. 2011-ci ildən ölkə ərazisində başlanan abadlıq işləri ilə əlaqədar «Heydər parkı» ərazisində də təmir-tikinti işləri aparılıb. Əvvəllər ayrı-ayrı vətəndaşların müvəqqəti istifadəsinə verilmiş və standartlara cavab verməyən obyektlər ləğv edilib. Yusif Quliyevin də iaşə obyekti həmin obyektlərin siyahısında olub.

MƏHKƏMƏ OLUB, AMMA…

2011-ci ildən ölkə ərazisində başlanan abadlıq işləri ilə əlaqədar «Heydər parkı» ərazisində də təmir-tikinti işləri aparılıb.

Sahibkar Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Hakim İsmayıl Quliyevin sədrliyi ilə baxılan iddia təmin olunmayıb. Məhkəmə hesab edib ki, 2002-ci ildə verilmiş sərəncam müvəqqəti xarakterli olub və obyektin sökülməsində heç bir qanun pozuntusu yoxdur.

Yusif Quliyev qəbul edilmiş məhkəmə qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti verib. Onun şikayəti Sumqayıt Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Nazim Nəsibovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Yusif Quliyev Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarının ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsi məsələsini qaldırıb. O, bildirib ki, məhkəmə işin hallarına düzgün qiymət verməyib, iş üçün əhəmiyyəti olan bütün faktiki halları, o cümlədən, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 218 nömrəli, 2 sentyabr 2002-ci il tarixli sərəncamının hələ də qüvvədə olmasını araşdırmayıb və əsassız qərar qəbul edib. Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edib.

Sahibkarsa qətnamə ilə razılaşmır. O, məhkəmənin də icra hakimiyyətinin təsiri və təzyiqi altında olduğunu düşünür:

«Keçmiş icra başçısının qanunsuz hərəkətləri ucbatından həm öz əmlakımdan, həm də torpağımdan məhrum olmuşam. İcra hakimiyyətinin istifadəmdə olan tikilini hər hansı məhkəmə qərarı olmadan sökməsi və sərəncam qüvvədə olduğu halda, torpaqdan istifadəyə icazə verməməsi qüvvədə olan normativ hüquqi aktlara ziddir. Hakimsə bunu bilə-bilə göz yumdu, qısa müddətdə qərar qəbul etdi».

SAHİBKAR: NƏ ETMƏLİ, NECƏ QAZANMALI…

Məhkəmə isə hesab edib ki, qanunvericiliyə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqlar, torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Elə qətnamə çıxarılarkən də hakim bu qanuna əsaslanıb.

Sahibkarı isə bir sual maraqlandırır: 4 il əvvələdək iaşə obyektindən qazandığı çörəkpulunu indi necə əldə etməli?..

XS
SM
MD
LG