Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:27

Enerji sektorunda kütləvi ixtisarlar


Illüstrasiya
Illüstrasiya

►“400-dək işçi vardı, 100-dən çox qalıb”

“Mən 3 il döyüşmüşəm, neçə ildi bu sektorda can qoymuşam. Amma indi dünənin uşaqlarını saxlayıb, məni işdən çıxarırlar”

Son günlər “Azərenerji”, “Azərışıq”, “Azenco” ASC-lərdə kütləvi ixtisarlar haqqında məlumatlar gəlməkdədir.

AzadlıqRadiosuna “Azərişıq”-ın ixtisara düşən keçmiş əməkdaşı yazır: “Dünən “Azərişıq” ASC -nin sədri bizə – Şirvan, Hacıqabul, Lənkəran elektrik şəbəkələrinin işçilərinə, eləcə də başqa şəhər və rayonlardakı həmkarlarımıza xəbərdarlıq etmədən, kollektiv şəkildə işdən çıxarıb”.

Buna da bax: Qanunlarda "süni qiymət artımı" deyilən anlayış yoxdu

“400-Ə QƏDƏR İŞÇİ VARDI, İNDİ 100-DƏN ÇOX İŞÇİ QALIB”

İşini itirənlərdən biri də bu il yanvarın 12-dək “Azenco” ASC-də çalışan Etibar Hüseynovdur. O, AzadlıqRadiosuna deyir ki, onunla bərabər 200-dən artıq həmkarı işdən çıxarılıb.

– Noyabrdan bildirdilər ki, “özünüzə iş axtarın, ixtisara düşürsüz”. Səbəbini soruşduq. Dedilər, guya iş azalıb. Briqadalara deyilmişdi ki, “10 nəfər götürün, qalanlarını çıxarın”.

– Təxminən neçə adam çıxarılıb?

– “Azenco”-da “yüksəkgərginlik”də 400-ə qədər işçi vardı, indi 100-dən çox işçi qalıb. Hələ daha 50 nəfərin də çıxarılması gözlənir. Mən özüm Qarabağ müharibəsi veteranıyam. Müdirin yanına da getdim ki, “məni çıxarmağa ixtiyarınız yoxdur sizin”. Prezidentin qərarına görə, ən axırda veteran işdən çıxarılmalıdır. Əvvəl dedi: “Baxarıq”. Sonra da dedi: “Hara istəyirsən, şikayət et. O, sənin haqqındır. Ancaq işdən çıxarılırsız”.

“OĞLUM DA İXTİSARA DÜŞDÜ, YOLDAŞIM DA XƏSTƏDİR”

Müharibə veteranı olan, 46 yaşlı Etibar Hüseynov iki uşaq atasıdır. Həyat yoldaşı ağır xəstədir, əməliyyat olunub. 1989-cu ildən “Azərnerji”də, son 10 ildəsə “Azenco”-da işləyib.

– Həyat yoldaşım xərçəng xəstəsidir. Təkcə bu gün 200 manat onun dərmanlarına pul vermişəm. Dünən də 300 manat xəstəxanaya ödəniş etmişəm. İndiyə kimi bacardığımız kimi müalicəsini etdirirdik. Bundan sonra nə olacaq, bilmirəm.

– Evdə sizdən başqa işləyən yoxdur?

– Oğlum da işləyirdi. Onu da yanvarın 8-də işdən çıxardılar. Evə iki nəfər pul gətirirdi, ikimiz də bu ildən işsiz qalmışıq. İkinci oğlum universitetdə oxuyur, ödənişli təhsil alır. İldə 2 min 300 manat keçirməliyik. Oğlum deyir ki, “ödənişi edə bilmirsinizsə, təhsilimi dondururam”. Artıq prezidentə, birinci xanıma yazmışam. Amma hələ cavab yoxdur. Mən 3 il döyüşmüşəm, neçə ildi bu sektorda can qoymuşam. Amma indi dünənin uşaqlarını saxlayıb, məni işdən çıxarırlar.

İş günü olmadığından qurumun münasibətini öyrənə bilmədik. Amma 250 işçisi ilə “müqaviləni uzatmayan” və təzminat ödəməyən “Azərenerji” mətbuata açıqlama verib.

Buna da bax: “Azmont”un görünən və görünməyən üzü

“AZƏRENERJİ”-DƏN AÇIQLAMA

Qurumdan “azvision.az”-a deyiblər ki, son illər həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerji sistemi yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib.

"Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir. Səhmdar cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb. Onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilib”,- ASC-dən bildirilir.

Mövzunu davam etdirəcəyik.

XS
SM
MD
LG