Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:58

İnsan niyə müharibə edir? Einstein və Freud'in yazışması


Sigmund Freud və Albert Einstein
Sigmund Freud və Albert Einstein

-

A. Einstein ilə S.Freud'in MÜHARİBƏLƏRİN QARŞISININ ALINMASI MÖVZUSUNDA MƏKTUBLAŞMASI

Albert EİNSTEİN

Sigmund Freud'ə məktub

İnsanlığın müharibə təhlükəsindən qaça bilməsi üçün hansısa bir yol varmı?

Əziz professor Freud!

Millətlər Liqası və onun Parisdə yerləşən Beynəlxalq İntellektual Kooperasiya İnstitutu mənə belə bir təklif göndərmişdir: özüm seçdiyim istənilən insanı, məni maraqlandıran hansısa mövzu üzrə səmimi fikir mübadiləsi aparmaq üçün dəvət eləyə bilərəm; bu isə mənim düşüncəmə görə, sivilizasiyanın qarşısında dayanan ən təxirəsalınmaz bir problemi sizinlə müzakirə eləyə bilməyim üçün çox gözəl bir imkan yaradır.

Bu problemi belə ifadə eləmək olar: insanlığın müharibə təhlükəsindən qaça bilməsi üçün hansısa bir yol varmı?

Çağdaş elmin inkişafı nəticəsində genişlənən biliyimiz, bu sualda sivilizasiyanın ölüm, yoxsa qalım probleminin ortaya qoydulduğunu bizə yetərincə anlatmaqdadır; bütün bunlara baxmayaraq, bu problemin həlli ilə bağlı çalışmaların hamısı kədərli bir uğursuzluqla sona çatmışdır.

Ona görə də, mənim düşüncəmə görə, bu problemi həll eləməyə borclu olan peşəkarlar da, getdikcə daha çox problemin dərinliklərində ilişib qalırlar, elə buna görə onların özü də bu problemlə bağlı dünya miqyaslı problemləri anlamaqda və onların perspektivlərini dəyərləndirməkdə üstün dünyagörüşləri olan elm adamlarının nə düşündüklərini və problemdən çıxış yollarını nədə gördüklərini öyrənməkdə maraqlıdırlar.

Özümə gəlincə, araşdırmağa və qavramağa alışdığım obyektlər büsbütün ayrı bir yöndə olduğu üçün, düşüncələrim insan iradəsi və duyğularının mənim üçün qaranlıq olan fəzasına nüfuz eləməyə imkan vermir.

Buna görə də ortaya qoyulan bu sualı araşdırmaqda mənim görə biləcəyim iş, yalnız Sizin insanın yanlış instinktləri və bu problemlə mübarizə yolları ilə bağlı çox geniş biliklərinizi tətbiq eləyə bilməyiniz üçün, bu məsələnin necə qoyulmasını düşünüb tapmaqdan ibarət ola bilər.

Elə psixoloji maneələr vardır ki, düşüncə prosesi ilə bağlı olan elmlərlə məşğul olmayan insanların onlar barədə yalnız dumanlı təsəvvürləri olur. İntellektual incəliklərin qarşılıqlı və mürəkkəb xarakteri bu adamların belə məsələlərdə özlərinin bacarıqsız olduqlarını bütün dərinliyi ilə anlaya bilməsinə mane olur;

ancaq mən Sizin, – az, ya çox dərəcədə siyasi sferaya aid olmayan bu, tərbiyə və təhsil oblastlarında belə maneələri aradan qaldıra biləcək metodları ortaya qoya bilmək bacarığınızın olduğuna inanıram.

Özümə gəlincə, bu problemə milli suverenlik aspektinin xarici faktordan(inzibati) asılılığı kimi, sadə bir mülahizə ilə yanaşıram: mənim düşüncəmə görə, burada, millətlər arasında yaranan istənilən konfilikti yoluna qoya bilmək səlahiyyəti olan, beynəlxalq konsensusa(fikir birliyinə) əsaslanan qanunverici və hüquqi bir orqana əsaslanmaq olardı.

Millətlərin hamısı bu orqanın qərarlarını yerinə yetirmək öhdəliyi götürərdilər, bütün mübahisələri həll etmək üçün onun toplantılarını çağırardılar və bu tribunalın qərarlarının yerinə yetirilməsini zəruri eləyən ölçü götürərdilər.

Ancaq mən elə buradaca maneə ilə üzləşməli oluram; tribunal insanların qurduğu bir müəssisədir və onun əlində olan hakimiyyət, çıxardığı qərarların icrasını yerinə yetirmək üçün nə qədər yetərli olmayacaqsa, o, bu qərarların icrası üçün bir o qədər hüquqi olmayan vasitələrlə təzyiq göstərmək üsullarına əl atmalı olacaqdır.

Bu, faktdır və onunla hesablaşmamaq mümkün deyildir: qanun ilə güc qaçılmaz olaraq, əl-ələ tutub yeriyirlər və hüquqi hökmün ədalətli mühakimə idealına(buna ictimai tələb də demək olardı) nə qədər yaxınlaşa bilməsi, cəmiyyətin, hüquqi idealın qərarlaşa bilməsi üçün öz gücündən nə dərəcədə effektiv istifadə eləyə bilməsindən asılı olur.

Çağdaş günümüzdə biz, millətlər üzərində yüksələn və sözsüz yerinə yetirilən qərarlar verib onların icrasını təmin eləməyə mütləq hakimiyyəti olan təşkilatların formalaşmasından hələ çox uzaqdayıq. Beləliklə də mən bütün bu deyilənlərə əsaslanıb özümün birinci aksiomumu səsləndirirəm: beynəlxalq təhlükəsizliyə gedən yol, qeyd-şərtsiz olaraq istənilən millətin hüquqlarının əksildilməsinə gətirib çıxaracaqdır və bununla da, bu millətlərin azad fəaliyyəti və suverenliyi məhdudlaşdırılacaqdır, həmçinin, müzakirə elədiyimiz anlamda təhlükəsizliyə gətirib çıxarmağı bacaran başqa heç bir yol yoxdur.

Ötən onilliklərdə, bu oblastda nəticə əldə eləmək üçün olan bütün cəhdlərin sarsıdıcı uğursuzluqlarla qurtarması, burada bütün səyləri puça çıxaran güclü psixoloji faktorların rol oynadığına şübhə yeri qoymur. Onları axtarıb tapmaq üçün uzağa getməyə gərək yoxdur.

İstənilən millətin iqtidara can atan hakim siniflərinin, öz dövlətlərinin suverenliyinin istənilən şəkildə məhdudlaşdırılmasına düşməncəsinə yanaşması, xarakterik bir cəhət kimi, bütün aydınlığı ilə göz önündədir. Siyasət ticarətin və ya sahibkarlığın maraqları ilə bəslənir. Mən burada, müharibəyə öz maraqlarının təmin olunması və şəxsi hakimiyyətlərinin möhkəmlənməsi vasitəsi kimi baxan, cəmiyyətin və əxlaqın bütün çəkindirici tələblərini saya salmayan, bütünlüklə bəlli olan azsaylı şəxslər qrupunu nəzərdə tuturam.

Albert Einstein
Albert Einstein

Bu açıq-aydın bəlli olan faktı təsdiq eləmək – faktiki vəziyyəti dəyərləndirmək üçün sadəcə birinci addımdır. İstər-istəməz belə bir çətin sual yaranır: bu azsaylı adamlar yığını cəmiyyətdəki çoxluğu necə öz iradəsinə tabe eləyə bilir və bu çoxuğu öz şəxsi ambisiyaları naminə müharibələrdə ölüm-itimlə və əzablarla üzləşməyə sürükləyə bilir?

(Mən burada “çoxluq” deyəndə, istənilən rütbədən olan döyüşçüləri nəzərdə tuturam, onlar müharibəni özlərinə peşə seçirlər və öz millətlərinin yüksək maraqlarına qulluq elədiklərinə inanırlar, habelə, “ən yaxşı müdafiənin hücum olduğunu” düşünürlər.)

Adətən bu suala belə cavab verirlər: bunun səbəbi bu azlığın indilikdə hakim sinif olmasında və mətbuatın, məktəblərin, çox hallarda isə kilsənin də onun əlinin altında olmasıdır.

Məhz elə bu da, həmən azlığın kütlənin emosiyalarını formalaşdırmasına və yönəltməsinə, beləliklə də, onu öz iradəsini yerinə yetirməyin alətinə çevirməsinə imkan verir.

Ancaq bu cavab da, problemin həll edilməsi üçün yol göstərə bilmir. Ondan yeni bir sual yaranır: nə üçün insan onu öz şəxsi həyatını qurban verməyədək gətirib çıxaran belə bir vəhşi coşqunluğa qapılmasına aparan çağırışlara uyur?

Burada yalnız bir cavab ola bilər: ona görə ki, nifrət və dağıdıcılıq yanğısı insanın öz daxilindədir.

Dinc vaxtlarda bu istəklər gizli formalarda mövcud olur və ancaq fövqəladə vəziyyətlərdə üzə çıxırlar. Göründüyü kimi, onların bu istəklərini yerindən oynatmaq və bunu kütləvi psixoz səviyyəsinə çatdırmaq olduqca asan bir iş olur.

Görünür, baxılan faktorlar kompleksinin gizli mahiyyəti məhz bununla bağlıdır və bu tapmacanın cavabını yalnız insan instinktləri oblastı üzrə ekspert olan bir insan tapa bilər.

Təcrübə göstərir ki, intellektual adamlar adlanan təbəqə, belə məhvedici kollektiv aşılanmanın təsirinə uğramağa daha çox meyilli olur

Beləliklə də, biz sonuncu suala gəlib çıxdıq.

İnsan soyunun intellektual təkamülünə elə bir şəkildə nəzarət eləmək mümkündürmü ki, onu amansızlıq və dağıdıcılıq psixozuna qapılmamaq üçün, dayanıqlı və dözümlü eləmək olsun? Burada mən yalnız savadsız adlanan kütləni nəzərdə tutmuram.

Təcrübələrin göstərdiyi kimi, intellektual adamlar adlanan təbəqə, belə məhvedici kollektiv aşılanmanın təsirinə uğramağa daha çox meyilli olur, belə ki, intellektual adamlar həyatın “qaba” gerçəklikləri ilə birbaşa təmasda olmurlar, onunla yalnız təxəyüllərinin gücü ilə, bir də, mətbuatdan oxuduqları süni formalara görə tanış olurlar.

Mən indilidkə yalnız beynəlxalq konfiliktlər adlanan, millətlər arasında baş verən müharibələrdən danışdım. Ancaq aqressiv instinktin başqa formalarda və vəziyyətlərdə də öz işini gördüyünü yaxşı bilirəm. (Mən bununla vətəndaş müharibələrini nəzərdə tuturam, keçmişlərdə onların səbəbi dini qısqanclıq idisə, indi bu müharibələr çox vaxt sosial faktorlara görə baş verir, ya da onların başlanması irqi ayrı-seçkiliklə bağlı olur.)

Mən bilərəkdən insanlar arasındakı konfliktlərin ən tipik, əzablı və pozğun formalarının üzərinə diqqət yönəldirəm, bununla da, istənilən silahlı münaqişənin qarşısını almağa imkan verən yolları və vasitələri tapa bilməyin necə önəmli olduğuna diqqət çəkmək istəyirəm.

Mənim bildiyimə görə, sizin əsərlərinizdə bu, təcili həllini gözləyən sarsıdıcı problemə aydınlıq gətirən açıq və ya üstüörtülü izahlar tapmaq olar. Ancaq siz özünüz ümüumdünya miqyasında barışın və dincliyin yaradılması işinə yarayan sonuncu araşdırmalarınızı üzə çıxarsaydınız, onda ola bilsin, bu məsələnin daha məhsuldar həllinə aparan yola həqiqət işığı saçmış olardınız.

Səmimiyyətlə,

A. Einstein

(Potsdam yaxınlığındakı Kaput məntəqəsi, 30 iyul 1932-ci il)

Sigmund FREUD

Albert Einsteinə məktub

Müharibələr qaçılmazdırmı?

Hörmətli cənab Einstein!

Sizi maraqlandıran və başqa insanların diqqətini çəkən bir mövzunu mənimlə müzakirə etmək istəyinizi öyrənəndə bununla o dəqiqə razılaşdım.

Mənim mülahizəmə görə, sizin seçdiyiniz mövzu bugün qazana bildiyimiz biliklərə əsaslanaraq müzakirə olunacaqdır və bizlərdən hər birimiz, fiziki və ya psixoloq olaraq, bu mövzuya özümüzün məxsusi yanaşma üsulunu tapa biləcəyik və beləliklə də, biz fərqli yönlərə doğru yollansaq da, sonda eyni bir məntəqədə görüşməyə gəlib çıxacağıq.

Ancaq sonradan sualın qoyuluşu məni bərk təəccübləndirdi: insanlığı yamanlıqların qaynağı olan müharibə təhlükəsindən qurtarmaq üçün nə etmək mümkündür? İlk anlarda mən özümün(az qala bizim deyəcəkdim) bu mövzu ilə bağlı bacarıqsızlığımı duyub sözün birbaşa anlamında qorxuya düşdüm, çünki müharibə ilə bağlı sual mənə, dövlət xadimlərinin həll elədiyi praktiki bir məsələ kimi görünmüşdü.

Fridtjof Nansen. Noreçli səyyah, elm adamı, humanist, Nobel Sülh Mükafatı laureatı
Fridtjof Nansen. Noreçli səyyah, elm adamı, humanist, Nobel Sülh Mükafatı laureatı

Ancaq sonradan başa düşdüm ki, burada sualı bir təbiətşünas və fizik kimi qoymursunuz, siz bu sualı Millətlər Liqasının çağırışı çərçivəsində, humanizm ovqatına köklənmiş bir insan kimi düşünmüsünüz, bu işiniz necəsə, Quzey qütb araşdırıcısı Fridtjof Nansen'in dünya müharibəsi nəticəsində öz vətənlərindən didərgin düşən və aclıq çəkən insanlara kömək göstərmək missiyasına bənzəyir.

Bunu da düşündüm ki, məndən praktiki təkliflər gözlənilmir, mən gərək mühariblərin qarşısının alınması probleminin psixoloqun baxışlarına görə necə göründüyündən danışam.

Ancaq siz öz məktubunuzda bununla bağlı başlıca sözü artıq demisiniz. Obrazlı desək, siz irəliyə çıxıb mənim yelkənlərimi dolduran küləyi zəiflətmisiniz və mən də həvəslə sizin suda saldığınız izi tutub üzməkdəyəm, ona görə də, mənə indi sizin yazdıqlarınızı məmnuyiyyətlə təsdiq eləmək qalır, ancaq hər halda mən də öz bildiklərimə və mülahizələrimə əsaslanaraq sizin tezislərinizi daha da genişlətməyə çalışacağam.

Siz sözünüzə hüquqla hakimiyyətin münasibətlərinə toxunmaqla başlayırsınız. Çox güman, bu bizim araşdırmalarımızın başlanğıc nöqtəsi üçün doğru bir seçimdir. Ancaq, necə bilirsiniz, mən buradakı “hakimiyyət” sözünü daha kəskin və amansız “güc” sözü ilə dəyişsəm, necə olar?

Bugünkü gündə hüquq və güc biri-biri ilə qarşılıqlı ziddiyətdədirlər. Hüququn gücdən törədiyini göstərmək çox asandır və əgər biz onların qaynağına(mənbəyinə) yaxınlaşsaq və bunun başlanğıcda necə baş verdiyinə baxsaq, onda çətinlik çəkmədən problemin mahiyyətinin nədə olduğunu da görə bilərik.

Heyvanlar aləmində də konfliktlər güclə həll olunur, insan da bu çərçivədən qıraqda olduğunu iddia eləyə bilməz; ancaq insanlarda buna rəylərin konfilikti də əlavə olunur.

Düşünürəm, siz mənim hamıya bəlli olan və hamılıqla qəbul olunan nəsnələrdən sanki yeni nəsə danışırmışam kimi söz açmağımı üzürlü sayarsınız, çünki bizim mövzumuz məni buna məcbur eləyir.

Burada prinsipial olan odur ki, adamlar arasında yaranan konfiliktlər güc vasitəsilə həll olunur. Bütün heyvanlar aləmində də məsələ elə bu cürdür və insan da özünün bu çərçivədən qıraqda olduğunu iddia eləyə bilməz; ancaq insanlarda buna yalnız rəylərin konfilikti deyilən olduqca mücərrədliyə gedib çatan bir hal da əlavə olunur və göründüyü kimi, onun həlli üçün büsbütün başqa üsullar tələb olunur.

Ancaq bu mürəkkəbləşmə insanlığın inkişafının daha sonrakı dönəminə aiddir. Başlanğıcda, azsaylı insan icmasında kimin nəyin yiyəsi olmasını və kimin iradəsinin başqasından üstün sayılmasını yalnız əzələlərin gücü həll eləyirdi.

Ancaq çox keçmədən əzələlərin gücünə başqa nəsnələr də əlavə olundu və az müddətdən sonra onun yerini müdafiə və hücüum eləmək üçün yaradılmış predmetlər tutmağa başladı; kimin daha yaxşı silahı var idisə və kim ondan daha bacarıqla yararlana bilirdisə, elə o da başqalarına üstün gəlirdi.

Silahın ortaya çıxması ilə artıq mənəvi üstünlük çılpaq əzələ gücünün yerini tutmağa başladı; ancaq savaşların son məqsədi dəyişilməz olaraq qalmışdı – döyüşənlərdən bir tərəf ona vurulan sarsıdıcı zərbələrdən və bununla bağlı olaraq gücünün zəifləməsindən, gərək öz iddialarından və savaş istəyindən əl çəkəydi.

Bu məqsədə əsaslı şəkildə çatmağın yolu isə, işlədilən gücün rəqibi aradan qaldırması, daha doğrusu, onu öldürməsi idi. Bu üsulün üstünlüyü onda idi ki, rəqib bir də heç vaxt dirənmək üçün baş qaldıra bilməyəcəkdi və onun taleyi başqalarını da qorxudaraq, bu kimi addımlar atmaqdan çəkindirəcəkdi.

Bundan başqa da, düşmənin öldürülməsi insanların daxilində olan instinktiv meylin məmnun olmasına da gətirib çıxarırdı, bunun nə demək olduğu ilə bağlı biz biraz sonra danışacağıq.

Ancaq bu savaşların sonunda düşmənini öldürmək niyyətinə qarşı olan başqa bir düşüncə də yaranırdı, bu isə yenib özünə tabe elətdirdiyi düşmənini öldürməyib ondan öz maraqları üçün yararlanmaq istəyi idi. Bu halda güc öz düşmənini kölə eləməklə məmnunluq qazanırdı, ancaq bu durumda gərək qalib gələn tərəf məğlub tərəfin qısas almaq yanğısı ilə də hesablaşaydı və ehtiyatı əldən verməyəydi, hər halda o, bu addımı ilə, yəni düşümənini öldürməməklə, istər-istəməz özünün şəxsi təhlükəsizliyini zəiflətmiş olurdu.

Çılpaq gücə, yaxud da intellektin gücünə arxalanan böyük hakimiyyətlərin ağalıq eləməsinin başlanğıc vəziyyətdə belə olduğunu təsəvvür eləmək mümkündür.

Bildiyimiz kimi, inkişafın gedişində bu durum dəyişilmiş, onun tutduğu yol, gücdən hüquqa doğru yönəlmişdir, ancaq elə buradaca çox önəmli olan belə bir sual doğulur: bu yol necə olmuşdur?

Məncə, burada yalnız bir yol mümkün idi. Onun mahiyyəti belədir: bir nəfərin böyük gücünə arxalanan ağalığını sarsıtmaq, yalnız bir neçə zəif gücün birləşib onunla dirəşməsi vasitəsilə mümkün ola bilərdi. Lunion fait la force(bu deyim fransızca olub “Güc birlikdədir” anlamındadır).

Təkbaşına ağalıq eləyən güc ona qarşı yaranan birliyin gücü ilə sındırılır və bunun ardınca, birləşərək hakimiyyətə gələnlərin ayrıca bir adamın gücünə arxalanan ağalığa qarşı olması hüquq anlayışını orataya çıxarır.

Biz hüququn – qrupların, icmaların hakimiyyət maraqlarını təmin elədiyini görürük. Hüquq özünün bu durumunda da hələ güc deməkdir və bu güc hüuququ yaradan qrupun əksinə olan hər bir adama qarşı yönəlmişdir, habelə, hüquq da güc vasitəsilə işləyir və eyni məqsədi güdür.

Buradakı gerçək fərq indi məsələlərin tək-tək adamların gücü ilə deyil, icmanın birləşmiş gücü ilə həll olunmasıdır. Ancaq gücdən bu yeni hüquq deyilən anlayışa keçə bilmək üçün gərək, hökmən bir psixoloji şərt yerinə yetiriləydi. Çoxluğun yaratdığı bu birlik gərək, daimi və ya uzunmüddətli olaydı.

Əgər bu birlik yalnız hansısa qeyri-adi gücü yenmək üçün yaradılsaydı və bu məqsədə çatandan sonra dağılsaydı, onda burada heç bir məqsədə çatmaqdan söz gedə bilməzdi. Bu halda özünü güclü sayan bir başqası, yenidən ağalığa can atacaq və bu oyun sonsuza kimi davam eləyəcəkdi.

Ona görə də, bu birlik gərək qorunub saxlanaydı, təşkilatlandırılaydı, yarana biləcək təhlükəli qiyamların qarşısını ala bilmək üçün qaydalar qoyulaydı, bu qaydaların və ya qanunların yerinə yetirilməsinə göz qoyan orqanlar yaradılaydı, habelə mütəmadi və yerli-yerində güc nümayişi təmin ediləydi.

Ayrı-ayrı adamların ümumi maraqları əsasında qurulan belə birliklərdə yeni psixoloji vəziyyət yaranırdı: bu birliyə daxil olan icma üzvləri arasında duyğuların ümumiləşməsi və ümumilik duyğusu formalaşmağa başlayırdı və bu da onların ümumi düşmənləri qarşısında möhkəm dayanan bir qalasına çevrilirdi.

Beləliklə də, məncə, artıq mahiyyət göz önündədir – gücün dəf olunması hakimiyyətin daha böyük birlik formasına keçməsi ilə baş verir və bunun əsasında birlik üzvlərinin ümumi duyğuları dayanır. Bundan sonrası yalnız detallar və təkrarlanmalardır.

İcmada hansısa sayda eynigüclü fərdlər olduqca buradakı münasibətlər də öz sadəliyini qoruyub saxlaya biləcəkdir. Belə durumlarda bu sayaq birliklərin yaranması qanunları: icma üzvlərinin birgəyaşayışının təmin olunması üçün birlik üzvlərindən hər birinin hansı ölçüdə öz şəxsi azadlıqlarından hakimiyyətin yararlanması üçün imtina eləməsindən asılı olur.

Ancaq belə bir dinc vəziyyəti yalnız nəzəri baxımdan təsəvvür eləmək mümkündür, gerçəklikdə vəziyyət onunla mürəkkəbləşir ki, icmanın yarandığı ilk gündən onun üzvləri arasında güc baxımından bərabərlik olmur, onlar: kişilərə və qadınlara, valideyinlərə və övladlara, müharibələrin gedişindən sonra isə, qaliblərə və məğlublara, bunun özülündə yaranmış ağalara və kölələrə bölünürlər. Həm də, sonuncu cəhət müharibənin qalibləri ilə məğlubları arasında ağa-qul münasibətlərinin yaranmasına gətirib çıxarır.

Bu vəziyyətdə icmada oturuşan hüquq onun daxili münasibətlərindəki bərabərsizliyin ifadəsi olur, burada işləyən qanunları hakimiyyətdə olanlar verir, bu qanunlar onların maraqlarını qoruyur, məğlublara isə çox cüzi hüquqlar tanınır.

Bu məqamdan başlayaraq cəmiyyətdə hüquqa qarşı qalxmağın və onu təkmilləşdirməyin iki qaynağı olur.

Bunlardan birincisi, hakimiyyətdə olan bir sıra adamların qəbul olunmuş ümumi məhdudiyyətlərin fövqünə qalxmaq və hüququn ağalığından gücün ağalığına qayıtmaq istəyi ilə baş verir.

Qeyri-bərabərlik yaradan hüquqdan bərabərlik yaradan hüquqa sarı irəliləyiş

İkincisi isə, əzilənlərin daim daha çox hüquqlar əldə etmək, bu hüquqların qanunla təsbit edilməsinə çalışmaqla bağlı cəhdləri ilə bağlı olur. Bunun baş verməsi qeyri-bərabərlik yaradan hüquqdan bərabərlik yaradan hüquqa sarı irəliləyiş demək olardı, habelə, cəmiyyətdə hamı üçün eyni olan hüququların yaranmasına gətirib çıxarardı.

Dediyimiz bu ikinci qaynaq, başqa sözlə desək, bərabər hüquqlar uğrunda aparılan mübarizə, çoxsaylı tarixi faktorların təsiri ilə ictimai həyatdakı güclər nisbətinin dəyişildiyi məqamlarda daha çox aktual və önəmli olur.

Bu halda hüquq tədricən güclərin yeni nisbətinə uyğunlaşmalı olur və ya – çox vaxt belə olur – hakim sinif belə dəyişikliklərin qanunauyğun olduğunu qəbul eləməyə hazır olmur, beləliklə də üsyanlar, vətəndaş müharibələri başlayır, daha doğrusu, müvəqqəti olaraq hüquq ortdan çıxır və yenidən hər şeyi güc həll etməyə başlayır. Bütün bunların nəticəsi olaraq yeni qayda-qanunlar yaranmış olur.

Ancaq hüququn dəyişilməsini, istisnasız olaraq dinc yolla gerçəkləşdirən, başqa bir qaynaq da vardır, – bu, insan cəmiyyəti üzvlərinin mədəni inkişafıdır, bu hadisə başqa bir kontekstdə olduğundan, ona diqqət yetirməyi biraz sonraya saxlamaq olar.

Beləliklə də, biz üzvlərinin anlaşması əsasında yaranan cəmiyyət çərçivəsində belə, qarşılıqlı ziddiyətlərə gətirib çıxaran maraqlar arasındakı problemin həllində də güc tətbiqinin qaçılmaz olduğunu görürük.

Ancaq uzun illər bir ərazidə yaşamaqla bağlı yaranan birləşdirici məqamların təsiri, bu durumlarda yaranan çəkişmə və tutaşmaların daha tez yoluna qoyulması üçün əlverişli şərait yaradır, ona görə də bu sayaq konfliktlərin barışla qurtarmaq ehtimalı daima artır.

Stalingrad. Fyodor Bondarchuk-un filmindən
Stalingrad. Fyodor Bondarchuk-un filmindən

Hər halda insanlığın tarixinə baxanda gözlərimizin önündə bir cəmiyyət ilə başqasının və ya bir necə cəmiyyətin öz aralarında: kiçik və böyük qruplara, oblastlara, bölgələrə, tayfalara, xalqlara, imperiyalara bölünərək qarşılıqlı ziddiyətlərə gəlib çıxdıqlarının şahidi oluruq, bunların hamısı, demək olar həmişə, güc işlətməyə əsaslanan müharibə vasitəsi ilə həll olunur.

Belə müharibələr döyüşən tərəflərdən birinin talan olunması və ya bütünlüklə köləliyə sürüklənməsi, həmçinin döyüşən güclərdən biri tərəfindən işğal olunması ilə nəticələnir.

İşğalçı müharibələrin hamısını eyni cür dəyərləndirmək olmaz. Onlardan bir sırası, monqollar və türklərin işğalçı müharibələrində olduğu kimi, çoxlu bəlalar gətirmişsə də, bir başqaları, əksinə, hüququn güclənməsinə gətirib çıxarmışdır, çünki bu işğalçı müharibələrin nəticəsində qat-qat böyük toplumlar yaranmışdır və onların daxilində yaranan konfliktlərin güc vasitəsilə həlli yasaqlanmış, yaranan bütün münaqişələr yaradılmış yeni qaydalara əsaslanaraq, hüquqi yolla həll edilmişdir.

Buna örnək olaraq, romalıların Aralıq dənizi sahilindəki ölkələri işğal eləyəndən sonra bu ərazilərdə yaranan, çox yüksək dəyəri olan Pax Roman(latınca, Roma sülhü deməkdir, Roma imperiyası ərazisində Roma hüququnun gücü ilə yaradılan dinclik dönəmi belə adlanır) faktını göstərmək olar.

Pis işğal da var, yaxşı işğal da

Eləcə də, Fransız krallarının öz ağalığında olan əraziləri genişlətmək ehtirası sülh içində yaşayan və çiçəklənən bir birliyi, Fransanı yaratmış oldu.

Necə paradoksal səslənsə də, danmaq olmaz ki, müharibə arzuolunan əbədi “sülhün” yaranması üçün vasitə də ola bilər, çünki yalnız onun vasitəsilə müharibələrin qarşısını almağı bacaran, güclü mərkəzləşdirilmiş hakimiyyətləri olan böyük toplumlar yaranmışdır.

Ancaq müharibə sonadək bu vasitəyə çevrilə bilmədi, çünki bir qayda olaraq işğalçılıqla bağlı uğurlar uzunömürlü olmur; yeni yaranmış birliklər və toplumlar yenidən dağılırlar, bunun ən başlıca səbəbi isə güclə birləşdirilmiş ayrı-ayrı hissələrin bu birliyə yetərincə bağlana bilməməsidir.

Bundan başqa, işğalçılıq, birləşdirilən hissələr arasında çox böyük ərazidə yerləşən, möhkəm olmayan bir birlik yaradırdı və onlar arasındakı konflikti biryolluq aradan qaldıra bilmədiyindən, onun yenidən alovlanması qaçılmaz olurdu.

Bu sayaq hərbi gücə arxalanmağın nəticəsi olaraq çoxsaylı, demək olar ki, arası kəsilməyən lokal müharibələr, sonradan, çox təsadüfi baş versə də, gemişmiqyaslı dağıdıcılığa və böyük qırğınlara gətirib çıxaran total müharibələrlə əvəz olunmağa başladı.

S.Freud oğulları ilə
S.Freud oğulları ilə

İndiki çağımıza baxanda danışılan bu qısa icmalda qeyd olunan faktlara uyğun gələn nəticələrlə qarşılaşırıq.

Müharibələrin qarşısının alınmasının etibarlı üsulu isə belə olardı: gərək insanlar bir mərkəzi hakimiyyət altında birləşsinlər və müxtəlif maraqların toqquşmasından yaranan konfliktlərin qəti həll edilməsi hüququnu da bu hakimiyyətə versinlər.

Bunu həyata keçirmək üçün gərək hökmən iki şərt ödənilsin: birincisi, bu ali hakimiyyət yaradılmalı, ikincisi isə, ona zəruri olan hakimiyyət səlahiyyətləri verilməlidir. Bu şərtlərdən biri olmasa, onda bu işdən heç nə alınmayacaqdır.

Millətlər Liqası belə bir səlahiyyətli orqan kimi düşünülərək yaradılmışdır, ancaq burada, dediyimiz ikinci şərt yerinə yetirilməmişdir; Millətlər Liqasının əlində heç bir hakimiyyət səlahiyyəti yoxdur və yalnız onun üzvü olan dövlətlər əllərində olan hakimiyyəti ona verərlərsə, o, belə bir səlahiyyət əldə eləyə bilər. Ancaq bugün belə bir işin baş tutacağına ümid olduqca azdır.

Millətlər Liqası təşkilatının yaranmasının, insanlığın çox nadir hallarda ürək elədiyi, bəlkə də, indiki miqyasda heç vaxt özündə cürət tapa bilmədiyi bir cəhd olduğunu bilmədən, onu dəyərləndirmək əsla mümkün deyildir.

Bu, insanlara aşılanan yüksək bir nüfuzu əsaslandırmaq, daha doğrusu, göstərilən təsirə tabe olmağa məcbur eləmək cəhdidir və burada adətən dövlətlərə xas olan bu cəhəti mənimsəməyə, habelə, bir sıra ideal mülahizələr üzrə hökm vermək gücünə yiyələnməyə yönələn bir iradə nümayişi gözə çarpır.

Biz artıq toplumdakı birliyin iki nəsnənin gücü ilə saxlana bildiyini demişik: bunlar güc vasitəsilə təzyiq göstərmək və toplumu yaradan insanların duyğularının ümumiliyidir, buradakı ikinci faktoru, başqa sözlə, insanların öz aralarında onları eyniləşdirən dəyərlər tapması da adlandırmaq mümkündür.

Birdən, bu məqamlardan hansısa biri öz gücünü itirərsə, onda toplum hələ özünün varlığını qoruyub saxlaya bilər. Duyğuların ümumiliyi və ya birləşdirici ideyalar, təbii olaraq, yalnız onda dəyərli sayıla bilər ki, toplum üzvləri onlarda özləri üçün dəyərli və çox önəmli olan ümumu cəhətlər tapa bilsinlər. Bu cəhətlərin nə qədər güclü olmasından çox şey asılıdır.

Tarixin də göstərdiyi kimi, onlar doğrudan da yetərincə güclü təsirlər göstərə bilmişlər. Panellinizm ideyası(əski yunan tayfalarının birliyi ideyası) buna örnək ola bilər.

Daha doğrusu, hansısa bəlli toplumun üzvü olmağın ondan qıraqda olan barbarların sırasında qalmaqdan üstün olduğunun dərk edilməsi yunan toplumunun yaranmasına gətirib çıxara bilmişdi və bu ideya bir müqəddəs məbədin yaranmasında, orakul adlanan uzaqgörən kahinlərə hamılıqla inanmaqda və hamılıqla keçirilən bayramlarda özünü çox yaxşı göstərirdi.

Bbu ideya həm də, yunan tayfalarının öz aralarında apardıqları müharibələri səngitmək üçün yetərincə güclü idi, ancaq bu ideya yunan toplumunu yaradan ayrı-ayrı hissələrin, daha doğrusu, tayfaların arasındakı münaqişə və toqquşmaların qarşısını sonadək ala bilməmişdi, hətta bu birliyə müttəfiq öhdəliyi ilə daxil olan şəhər dövlətlərin öz maraqları üçün farslarla ittifaqa girməsinin qarşısı belə alına bilməmişdi və çox vaxt belə müttəfiqlərin cəzalandırılması da yunan toplumunun gücü xaricində olurdu.

Renesans dönəmində təsir gücünü heç cür danmaq mümkün olmayan xristianlıq duyğusunun yaratdığı ümumilik də, kiçik və böyük xristian şəhərlərinin öz aralarında apardıqları müharibələrdə, kömək üçün türk sultanına müraciət eləməkdən çəkindirə bilmək gücündə olmamışdı.

Eləcə də, bizim çağımızda belə bir birləşdirici nüfuzu olan hansısa ideya yoxdur. Əksinə, indi xalqlar üzərində hakimlik eləyən milli ideyaların onları biri-birindən ayırdığı və müharibələrə xidmət elədiyi olduqca aydın bir şəkildə görünməkdədir.

Örnək üçün, bugünümüzdə elə adamlar vardır, uzaqgörənlik elədiklərini düşünərək deyirlər: yalnız bolşevik düşüncə tərzinin bütün yer üzünə yayılması ilə müharibələrin kökünü kəsmək olar, ancaq istənilən halda biz bugün belə bir məqsədə çatmaqdan çox uzağıq və onların dediyi yolla nəyəsə gəlib çıxmağın özü də, qorxunc vətəndaş müharibələri yolu ilə mümkün ola bilərdi.

Beləliklə də, real hakimiyyəti ideyaların hakimiyyəti ilə əvəz eləmək cəhdi bugün hələ uğurszuluğa məhkum olaraq qalır. Buradakı mühakimələrdə yanlışlığa gətirib çıxaran, hüququn öz qaynağını çılpaq gücdən götürdüyünün unudulmasıdır və o, bugün də gücə əl atmadan keçinə bilmir.

Mən indi sizin daha bir baxışınızı şərh eləyə bilərəm. İnsanların çox asanlıqla müharibə isterikasına qapılması sizi təəcübləndirir və adamların daxilində hansısa nifrət və dağıdıcılıq instinktlərinin olduğunu, habelə, onların adamları müharibələrə təhrik elədiyini güman eləyirsiniz.

Mən yenə də, sizin bu sözünüzlə bütünlüklə razılaşıram. Biz, psixoanalitiklər, belə bir ehtirasın olduğuna inanırıq və məhz son illərdə onun xarici təzühürlərini öyrənməyə çalışırıq.

İcazə verin, bununla bağlı sizə heç olmasa ehtiraslar nəzəriyyəsinin bir hissəsi ilə bağlı məlumat verim, onu da deyim, psixoanaliz çoxlu sınaqlardan və şübhələrdən keçəndən sonra bu nəzəriyyəyə gəlib çıxmışdır.

Biz insan ehtirasının ikili xarakterli olduğunu güman eləyirik: ya qorunmağa və birləşməyə can atan ehtiras – biz onu Platonun “Pir” əsərində işlətdiyi Eros anlamında erotik ehtiras adlandırırıq, yaxud da, seksuallıq haqqında geniş yayılmış təsəvvürləri genişlədərək bu ehtiraslara seksual ehtiraslar deyirik, ya da ikinci növ, dağıtmağa və öldürməyə can atan ehtiras – biz onu aqressiv və ya dağıdıcı ehtiras adlandırırıq.

Gördüyünüz kimi, açıq danışsaq, burada hamıya yaxşı bəlli olan sevgi ilə nifrət qarşıdurmasının nəzəri izahından söz açılır – bu isə sizin çalışdığınız oblastda qarşılaşdığınız cazibə və itələmə qüvvələrinin daha qədimdə baş vermiş qütbləşməsindən doğulan bir qarşıdurmadır.

Gəlin bu anlayışları Xeyir və Şər terminləri ilə əvəz eləməyə tələsməyək.

Ancaq gəlin bu anlayışları Xeyir və Şər terminləri ilə əvəz eləməyə tələsməyək. Bu iki ehtirasın hər biri eyni dərəcədə zəruridir, onların qarşılıqlı əlaqəsi və qarşılıqlı ziddiyəti həyat deyilən hadisəni törədir.

Burada işlərin gedişi belə bir qaydaya tabe olur: bu ehtiraslardan heç biri, heç vaxt özünü o birindən təcrid eləyib yaşaya bilmir, onların hər biri həmişə, o birisi ilə hansısa əlaqədə olur və ya başqa cür desək, biri-birinə qarışmış şəkildə mövcud olurlar və onların hər birinin öz məqsədini formalaşdırması və ona çatması yalnız bu qatışığın vasitəsilə olur.

Örnək üçün, özünüqoruma instinkti, sözsüz, öz təbiətinə görə erotikdir, ancaq o, məhz öz aqressivliyi hesabına həyatda mövcud ola bilir. Bunun kimi də, özündən qıraqdakı başqa bir obyektə yönələn sevgi ehtirası sahiblənmək ehtirası ilə qarışmağa ehtiyac duyur – axı o yalnız bu şərt daxilində sevdiyi obyektə yiyələnə biləcəkdir.

Bu iki tip ehtirasların xarici təzahürlərini biri-birindən bütünlüklə ayırmaq üçün göstərilən cəhdlər, onların qavranılması prosesini çox uzun müddət əngəlləmişdir.

Siz mənim dediklərimin ardına qulaq asmaq istəsəniz, onda diqqətimizi insanların davranışındakı daha bir, ancaq biraz başqa xarakterli mürəkkəbliyə yönəltməli olcağıq.

Çox az hallarda hansısa konkret davranış yalnız bir ehtirasın istəyi ilə yaranır, hətta bu ehtiras erosla dağıdıcılığın qarışığından ibarət olsa da, bu belədir. Bir qayda olaraq, hansısa bir konkret davranışda bu sayaq qarışıq halda olan bir neçə ehtirasın motivləri olur. Sizin kolleqalarınızdan biri artıq bu haqda bilirdi, mən burada, fizikanın klassiklərinin yaşadığı çağlarda Gettingendə fizikanı tədris eləyən professor T. Hr. Lixtenberqi nəzərdə tuturam; ancaq çox güman o, böyük fizik olmaqdan daha çox, böyük psixoloq idi.

O ehtirasların motivlərini ayırd eləməklə bağlı meyarlar ixtira eləməyi bacarmışdı: “İnsanı nəyisə eləməyə həvəsləndirən motivləri də, dənizçilərin 32 külək növünü ayırd elədikləri kimi sistemləşdirmək olar, örnək üçün: çörək-çörək-şöhrət və ya şöhrət-şöhrət-çörək”. (Dənizçilər quzey-q, güney-g, şərq-ş, qərb-q səmtlərini işarələdikləri hərflərlə, tutalım, quzey-şərq səmt küləyini işarələmək üçün onu q-ş kimi işarələyirlər, habelə başqa səmt küləklərini də belə birləşmələrlə göstərirlər. A. G.)

Ona görə də, haçansa adamları müharibədə iştirak eləməyə çağıranda, onların ruhlarında özünə yer eləmiş çoxlu istəklər bu çağırışa qoşulmğa can atırlar, adamların ruhunda xeyirxah və xəbis istəklər vardır, onlardan birincilərinin adını bərkdən deyirlər, ikincilərə gələndə isə susmağa üstünlük verirlər. İnndi bizim onların hamısından danışmağımız üçün səbəb yoxdur. Ancaq, sözsüz, onların içərisində aqressivliyə və dağıdıcılığa yönələnləri də vardır; tarixdən bildiyimiz sayagəlməz amansızlıqlar və onların bugün də özünü göstərməkdə olan təzahürləri, belə bir ehtirasın olduğunu və onun gücünü bir daha təqsdiq eləyir.

İllüstrasiya
İllüstrasiya

Dağıdıcı ehtirasların erotik və idealla bağlı ehtiraslara sarılıb özünü gerçəkləşdirməyə çalışması, sözsüz, onların yerinə yetirilə bilməsini asanlaşdırır. Haçansa tarixdə baş vermiş hansısa bir qorxunc olayla bağlı eşidəndə, belə bir təəssürat yaranır ki, buradakı ideal motivlər sadəcə olaraq dağıdıcı ehtirasların tüğyan eləməsi üçün yalnız bir motiv olmuşdur, başqa durumlarda, tutalım, müqəddəs inkvizisiyanın amansızlıqlarında isə, bizə elə gəlir, ideal motivlər şüuru üstələmiş, dağıdıcı ehtiraslar isə, onlara qeyri-şüuri olaraq təkan vermişlər. Bu dediklərimizin hər ikisi mümkündür.

Mənə elə gəlir, müharibələrin qarşısının necə alınması ilə bağlı qoyduğunuz sualı saxlayıb öz məşğul olduğum sahənin nəzəriyyələrindən belə çox danışmaqla szin marağınızdan sui-istifadəyə yol verirəm. Ancaq buna baxmayaraq, istəyirəm, azacıq da olsa yenə də, bu dağıdıcı ehtiraslar üzərində dayanam, çünki, mənim düşüncəmə görə, onun daşıdığı dəyərə yetərincə diqqət yetirilmir. İndiyədək olan danışıqlarımızdan gəldiyimiz bir sıra ümumiləşdirmələrə əsaslanaraq biz belə bir nəticə çıxardıq ki, bu ehtiras hər bir canlı varlığın daxilində mövcuddur və bu ehtiras daxilində olduğu varlığı dağıtmağa, onu canlı orqanizmdən cansız materiyaya çevirməyə yönəlmişdir. Bu ehtiras özünün təbiətinə görə tam bir əsasla ölüm ehtirası adlana bilər, bununla yanaşı olaraq, erotik ehtiraslar da həyata canatma ehtirası adlanmağa layiqdir. Ölüm ehtirası xüsusi orqanların köməyi ilə xaricə çıxıb, başqa obyektlərə qarşı yönələndə dağıdıcılıq ehtirasına çevrilir. Canlı varlıq, belə demək olarsa, öz həyatını saxlamaq üçün yad varlıqların həyatını dağıdır. Ancaq ölüm ehtirasının bəlli bir hissəsi yenə də bu canlı varlığın daxilində öz təsirini göstərməkdə qalır və biz öz psixiatrlıq təcrübəmizdə, özlərinin dağıdıcı ehtiraslarını bütünlüklə daxilində sıxıb saxlayan bir sıra xəstələrimizi sağaltmağa çalışanda bu halın şahidi olmuşuq. Bütün bu deyilənlər bizi belə bir düşüncəyə gəlib çıxmağa təhrik eləmişdir ki, vicdanımızın yaranması da, bu, daxilə yönələn aqressivliklə bağlıdır. Bu prosesin daxildə güclü fəallaşmasının sağlamlığı korlayacağını anlamaq çətin deyildir, eyni zamanda bu dağıdıcı ehtirasın xarici aləmə yönəlməsi canlı varlığa bir yüngüllük gətirir və ona yaxşı təsir eləyir. Bunu necəsə, aradan qaldırmaq istədiyimiz bütün qorxunc və təhlükəli istəklərimizin qarşısında bir bioloji üzrxahlıq da saymaq olar. Bunu da etiraf etməliyik ki, bizim onlara qarşı üsyanımızdansa, onlar təbiətə daha yaxındırlar və biz gərək bu faktın da səbəbini tapmağa çalışaq. Ola bilsin, sizdə belə bir təsəvvür yaranır ki, bizim nəzəriyyəmiz özünəməxsus bir mifologiyadır, birdən belə olarsa, onda onun heç də ümidverici mifologiyaların sırasında olduğunu demək olmaz. Bir də axı, istənilən təbiət elmi əvvəl-axır belə bir mifologiyaya gəlib çıxmırmı? Yoxsa sizdə, fizika ilə bağlı vəziyyət başqa cürdür?

Btün bu deyilənlərdən biz ən azından belə bir nəticəyə gələ bilərik ki, insanı onun aqressiv meyllərindən qurtarmaq praktiki olaraq mümkün deyildir. Deyilənə görə, yer kürəsinin xoşbəxt bir bucağı var, orada təbiət bütün zəruri olan şeylərin hamısını insanlara artıqlaması ilə verir və orada yaşayan tayfa dinclik və barış içində yaşayır, habelə, zorakılığın və aqressiyanın nə demək olduğunu belə bilmir. Məni belə bir yerin olduğuna inandırmaq çox çətindir və mən böyük həvəslə bu xoşbəxt adamlarla bağlı daha çox şeylər öyrənmək istərdim. Bunun kimi, bolşeviklər də, ümid eləyirlər ki, onlar insanların bütün maddi ehtiyaclarını ödəməklə və toplumdakı insanlar arasında ictimai bərabərlik yaratmaqla, insan soyunu aqressivlikdən büsbütün azad eləyə biləcəklər. Mən bunu bir illüziya sayıram. Bugün onlar var gücləri ilə silahlanırlar və öz tərəfdarlarını da, başlıca olaraq, özləri ilə olmayanların hamısına qarşı, nifrət və kini qızışdırmaqla toplayırlar.

Beləliklə də, sizin də qeyd elədiyiniz kimi, burada heç də insanın aqressiv ehtiraslarını bütünlüklə aradan qaldırmaqdan söz getmir; ola bilsin, onu bu ehtiraslarından elə bir şəkildə uzaqlaşdırmağa cəhd eləmək olar ki, bu ehtiraslar özünü yalnız müharibələr yolu ilə gerçəkləşdirməyə gəlib çıxmasınlar.

Bizim ehtiraslar haqqında olan mifik təlimimiz müharibələrə qarşı mübarizə vasitələrinin əldə edilməsi ilə bağlı formulun tapılması yolunu çox asanlıqla göstərə bilir. Əgər müharibəyə hazırlıq dağıdıcılıq ehtirasının təsirindən törəyirsə, onda ən sadə yol, ona qarşı mübarizəyə bu ehtirasla ziddiyyətdə olan erosu yönəltmək olardı.

Müharibəni aradan qaldırmaq üçün gərək insanları birləşdirən bütün sevgi doğuran duyğular qarşı qoyulsun.

Bu əlaqələr ikili xarakter daşıyır. Birincisi, bu əlaqə sevilən obyekti xatırlatsa da, burada seksual məqsəd yoxdur. Psixoanalitik gərək bu duruma uyğun olaraq sevgidən danışmaqdan çəkinməsin, axı bunu elə din də təsdiq eləyir:

“Doğmalarını özünü sevdiyin kimi sev( Markın İncili: 12.31) Belə bir tələbi irəli sürmək çox asandır, ancaq onu yerinə yetirmək olduqca çətindir. Duyğulara əsaslanan başqa növlü əlaqələr eyniləşmənin köməyi ilə yaranır. Bu əlaqələr, insanları mahiyyətlə bağlı məsələlərdə birləşdirən nə varsa, onlarda duyğuların ümumiləşməsini yaradır, başqa sözlə, onları bu məqamlarda eyniləşməyə təhrik eləyir. Elə mövcud olmuş və olan insan toplumlarının qurulmasında da, onlardan çox yararlanırlar.

Sizin, nüfuz yiyələrinin öz üstünlüklərindən sui-istifadə eləməklə bağlı gileyinizə əsaslanıb, mən müharibə meyllərinin qarşısının alınması vasitələri ilə əlaqədar ikinci bir nəticəyə gəlirəm.

İnsanların xaraktercə rəhbərlərə və tabeçilərə ayrılması anadangəlmə bir özəllikdir və insanlar arasında aradan qaldırıla bilməyəcək bir bərabərsizlikdir.

Tabeçilik göstərənlər və asılılar böyük çoxluğu təşkil eləyirlər, onların həmişə bir nüfuz yiyəsinə ehtiyacları olur və bu nüfuz yiyəsi onların əvəzində məsələləri həll eləmək səlahiyyətini öz üzərinə götürür, böyük çoxluq isə onun qəbul elədiyi qərarlara könüllü və sözsüz olaraq tabeçilik göstərir.

Ona görə də burada da, belə bir məsələni müzakirə etməyə dəyərdi: müstəqil hərəkət eləməyi bacarmayan kütləni idarə eləmək üçün, sərbəst düşüncəli, qorxmaz, həqiqətə can atan insanlar təbəqəsinin tərbiyə olunması çox önəmli bir rol oynaya bilərdi.

Dövlət hakimiyyətindən sui-istifadənin və kilsənin düşüncələr üzərinə qoyduğu yasağın, belə bir tərbiyədə hansısa bir işə yaramayacağını sübut eləməyə ehtiyac olmadığı məncə, aydın məsələdir.

Burada mümkün ola biləcək ideal variant, əlbəttə, öz ehtiraslarını və onunla bağlı olan həyatlarını, bütünlüklə ağlın diktaturasına tabe elətdirən insanların yaratdığı toplum ola bilərdi. Başqa heç nəyin adamların belə mükəmməl və möhkəm birliyini yarada bilməsi mümkün deyildir – hətta onlar arasında yadlıq yaradan duyğulardan imtinanın da, belə bir birlik yaratmaq gücü yoxdur.

Ancaq çox yüksək ehtimalla, insanların belə bir birliyinin yarana bilməsi də, yalnız utopik ümiddən başqa bir şey deyildir. Müharibənin qarşısını almaq üçün işə yaraya biləcək başqa üsullar, çox güman, daha əlçatandır, ancaq onlar da tez başa gələn uğurlar vəd eləmirlər.

Dəni çox yavaş üyütdüyü üçün, onun verəcəyi unu gözləməkdənsə acından ölmək ehtimalının daha çox olduğu dəyirman kimə gərəkdir?

Sigmund Freud
Sigmund Freud

Özünüz də yaxşı görürsünüz ki, konkret həlli tələb olunan önəmli bir praktiki məsələ ilə bağlı, gündəlik həyatın işlərindən uzaq olan bir nəzəriyyəçi ilə məsləhətləşmək necə də az fayda verə bilər.

Məncə, indi ən yaxşısı, hər bir konkret duruma uyğun olaraq yaranmış təhlükəni bu anda, əlimizin altında olan vasitələrlə aradan qaldırmağa çalışmaq olardı. Mən sizinlə, öz məktubunuzda qaldırmadığınız ancaq məni xüsusilə maraqlandıran bir sualı da müzakirə eləmək istəyərdim.

Biz nə üçün müharibəyə nifrət eləyirik, siz, mən və çoxlu başqa adamların nə üçün onu görməyə gözü yoxdur, biz nə üçün onu da, həyatın başqa acı fəlakətləri kimi təbii qəbul eləmirik? Axı müharibə elə bil şeylərin öz təbiətindən doğulur, möhkəm bioloji özül üzərində dayanır və praktikada ondan qaçmaq çətin ki, mümkün olsun.

Mənim bu sualımın qoyuluşundan sarsılmayın. Görünür, araşdırma məqsədi ilə üzümüzə bizi üstün göstərəcək bir maska taxmağımız mümkünüdür, bəlli olduğu kimi, gerçəkliklə qarşı-qarşıya olanda belə bir üstünlük bizim üçün əlçatmaz olur.

Bu sualın cavabı isə belə olacaqdır: ona görə ki, hər bir insanın yaşamaq hüququ vardır, ona görə ki, müharibə insanın həyata olan ümidinin gerçəkləşməsini məhv eləyir, ayrıca bir insanı ən alçaq bir duruma salıb onu, öz iradəsinin əksinə olaraq, başqa insanları öldürməyə məcbur eləyir, müharibə insan əməyinin məhsulu olan maddi dəyərləri və bir çox başqa şeyləri məhv eləyir.

Bununla yanaşı, müharibə özünün bugünkü formaları ilə, keçmişdə böyük dəyər verilən qəhrəmanlıq ideallarının da həyata keçirilməsinə imkan vermir, gələcək müharibələr isə, dağıdıcılıq vasitələrinin təkmilləşdirilməsi nəticəsində, döyüşən rəqiblərdən birinin, hətta ola bilsin hər ikisinin bütünlüklə məhv olmasına gətirib çıxarcaqdır.

Bütün bunlar həqiqətdir və bunlar o qədər inandırıcıdır ki, hərbi əməliyyatların bütün insanlığın qarşılıqlı anlaşması nəticəsində nə üçün indiyədək bir qırağa atılmadığna təəcüblənməmək olmur.

Yuxarıda göstərilən tezislərin bir çoxu ilə bağlı mübahisə də açmaq olar. Örnək üçün, toplumdakı ayrıca götürülmüş hər bir insanın yaşamaq haqqı var, yoxsa bu hamıya şamil oluna bilməz; bütün müharibələri eyni dərəcədə lənətləmək olmaz.

Nə qədər ki, dünyada varlı və ayrıca yaşayıb başqa millətləri çəkinmədən məhv eləməyə hazır millətlər var, onda bu başqa millətlər də gərək silahlı mübarizəyə hazır olsunlar.

Ancaq biz bu deyilənlərlə yetinmək istəmirik, çünki bunlar sizin məni dəvət elədiyiniz diskussiyaya aid deyildir. Mənim düşüncələrim isə başqa səmtə yönəlibdir: düşünürəm ki, biz başqa cür ola bilmədiyimiz üçün müharibəyə nifrət eləyirik.

Biz, pasifistik, biz öz təbiətimizin gücü ilə pasifist olmağa borcluyuq. Elə buna görə də, öz mövqeyimizin doğruluğunu sübut eləmək üçün çox asanlıqla arqumentlər tapa bilirik.

Müharibə
Müharibə

Görünür, təsdiq elədiyim bu sözlərə aydınlıq gətirmək zərurəti vardır. Mən burada bunları nəzərdə tuturam: tarixini bilmədiyimiz çox keçmiş çağlardan başlayaraq insan mədəni inkişaf prosesinə qoşulmuşdur. (Bu prosesi çoxlarının “sivilizasiya” deyə işlətməyə üstünlük verdiklərini bilirəm.)

Biz bu prosesə, yaratdığımız bütün yaxşı şeylərə görə borcluyuq, eyni zamanda indi əzabını çəkməkdə olduğumuz çox şeylər də onun ucbatındandır. Bu prosesin başlanma səbəbi və qaynaqları keçmişin qaranlıqlarında gizli olaraq qalır, onun necə yola çıxması bəlli deyil, ancaq onun ayrı-ayrı cəhətlərini anlamaq da çətin deyildir.

Çox ola bisin ki, o, insan soyunun məhvinə səbəb olacaqdır, çünki o ən müxtəlif üsullarla seksual funksiyaya təsir göstərir və artıq bugün sivilizasiyadan uzaq olan millətlər, habelə, əhalinin geridə qalan təbəqələri sivilizasiyaya çatmış təbəqədən qat-qat artıq doğub törəyir, daha sürətlə artırlar.

Görünür, bu prosesi bir sıra heyvanların əhilləşdirilməsi prosesi ilə tutuşdurmaq da olar; heç şübhəsiz, bu proses bədən quruluşumuzun əsaslı şəkildə dəyişilməsinə gətirib çıxaracaqdır; biz hələ mədəni inkişafın özlüyündə xüsusi bir üzvi proses olması düşüncəsinə yetərincə alışa bilməmişik.

Bu mədəni inkişaf prosesinə uyğun olaraq psixikanın dəyişilməsi olduqca aydın və birmənalı görünür. Bunlar, ehtirasların məqsədi ilə üzvi instinktiv istəklərin biri-birilə mütərəqqi şəkildə qarışmasında özünü göstərməkdədir.

Ulu babalarımıza sensasiya kimi gələn əyləncə və həzzlər indi bizim üçün adiləşib və bir çox hallarda bizə iyrənc də görünür; əgər bizim ideala münasibətdə etik və estetik tələblərimiz dəyişilmişdirsə, onda bütün bunlar üzvi əsaslar üzərində baş verir.

Mədəniyyətin psixoloji baxımdan xarakterik olan cəhətlərindən ikisi mənim üçün daha vacibdir: intellektin güclənməsi ilə onun ehtirasların fəaliyyətini özünə tabe eləməyə başlaması və aqressiyaya meylin özünü dərk eləyən insanın daxilinə yönəlməsi, habelə, bununla bağlı yaranan üstünllüklər və təhlükələr, məncə, çox önəmlidir.

Mədəni-tarixi proseslərin bizi köklədiyi psixi durum həmişə, uca səslə müharibəyə qarşı olduğunu biruzə verib və elə buna görə də, biz gərək müharibəyə nifrət eləyək, biz artıq ondan iyrənirik, habelə, indiki durumda bu yalnız intellektual və emosional vasvasılıq deyildir, biz pasifistlər müharibədən artıq fiziki baxımdan iyrənirik, o, bizim üçün ən ürəkbulandırıcı bir şeyə çevrilmişdir. Həm də müharibənin doğurduğu estetik eybəcərliklər bizdə onun yaratdığı başqa dəhşətlər qədər nifrət yaradır.

Başqalarının da bizim kimi pasifist olmasını çoxmu gözləməli olcağıq? Bunu öncədən söyləmək mümkün deyildir, ancaq ola bilsin, bu artıq elə də ümidsiz utopik ideya da deyildir və mədəniyyətin təsiri ilə yaranan yeni psixoloji durum və gələcək müharibələrin gətirib çıxara biləcəyi dəhşətlərə qarşı əsaslı görünən qorxu kimi iki faktorun birgə fəaliyyəti çox da uzaq olmayan bir gələcəkdə müharibələrə son qoyulmasına inam yaradır.

Bunun hansı birbaşa və ya dolayı yollarla baş verəcəyini biz öncədən görə bilmirik. Bütün bunlara baxmayaraq, biz bunu ürəklə təsdiq eləyə bilərik: mədəni inkişafa qulluq eləyən nə varsa, onların hamısı eyni zamanda müharibəyə qarşı da öz təsirini göstərir.

Mən sizi bir daha ürəkdən salamlayıram və əgər bölüşdyüm bu mülahizələr sizi məyus etdisə, bunu üzürlü saymağınızı diləyirəm.

Sizə dərin hörmətlərlə, Ziqmund Freyd

Vyana, 1932-ci ilin sentyabrı.

Rus dilindən Araz Gündüz çevirib.

XS
SM
MD
LG