Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:24

İlham Əliyev: “Jurnalistlər mənim köməkçilərimdir”


Jurnalistlərə ev verilməsi mərasimi
Jurnalistlərə ev verilməsi mərasimi

“Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir”, İ.Əliyev bildirib.

Bu gün, iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxış edən prezident İlham Əliyev belə deyib.

Buna da bax: Gürcüstanda məmurlar işdən kənarlaşdırıldı - jurnalist Əfqan Muxtarlıya görə

“Əhalinin 80 faizi internet istifadəçisidir”

İ.Əliyev jurnalistlərə ən yaxşı şərait yaratmağa çalışdıqlarını, dövlətin azad mətbuatın inkişafında bundan sonra da fəal olacağını ifadə edib. Jurnalistlərə inşa edilən binalardakı mənzillərin müxtəlif siyasi spektrə aid jurnalistlərə verildiyini, heç bir ayrı-seçkiliyə yol verilmədiyini vurğulayan ölkə başçısı söz azadlığının önəmindən bəhs edib.

“Söz azadlığı Azərbaycanda tam təmin edilib, heç bir məhdudiyyət yoxdur. Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə olaraq qərəzli mövqedir. Sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı Azərbaycanda təmin olunur və təmin olunacaqdır”.

Jurnalistlər üçün tikilmiş bina
Jurnalistlər üçün tikilmiş bina

"Yalan məlumatların sayı kəskin azalıb"

O qədər də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycanın öz müstəqil siyasətini qoruyub möhkəmləndirdiyini deyən prezident dövlətin inkişafınınxalqının əlində olduğunu vurğulayıb. Ölkə başçısı Azərbaycan jurnalistikasından razılığını ifadə edib.

“Yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə aşağı düşüb. Bunu cəmiyyət də görür, jurnalistlər də. Əlbəttə, bu, jurnalistlərin fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artması nəticəsində baş verib. Eyni zamanda, hər bir mətbuat orqanı yaxşı başa düşür ki, bir dəfə, iki dəfə, üç dəfə yalan danışmaq olar. Amma ondan sonra həmin mətbuat orqanına heç kim inanmayacaq və o, hörmətdən düşəcək. Ona görə jurnalistikada həqiqət prinsiplərinin bərqərar olması prosesi, əlbəttə, diqqətəlayiqdir. Hesab edirəm ki, son illərdə Azərbaycanda bu istiqamətdə müsbətə doğru irəliləyiş var”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların beynəlxalq birliyə çatdırılması istiqamətində son illərdə əsaslı irəliləyişə nail olunduğunu qeyd edən İ.Əliyev jurnalistikanın xarici təsirə düşməməsinin vacibliyini ifadə edib.

"Jurnalistika xarici təsir altına düşməməlidir"

“Jurnalistika xarici təsir altına düşməməlidir. Azərbaycan getdikcə daha da güclənir, Azərbaycanın rolu nəinki bölgədə, dünyada artır. Bölgədə bizim iştirakımız, razılığımız olmadan heç bir layihə, yaxud siyasi, iqtisadi və digər təşəbbüs reallaşa bilməz. Biz müstəqil siyasət aparırıq. Ona görə bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz”, deyən İlham Əliyev vurğulayıb ki, Azərbaycan jurnalistikası vətənpərvər olmalıdır.

“Əlbəttə, ölkəmizdə problemlər, çatışmayan cəhətlər, qüsurlar var. Siz bunu işıqlandırırsınız və işıqlandırmalısınız. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. Bu, təbii prosesdir. Amma, eyni zamanda, biz hamımız bilməliyik ki, bu, bizim ölkəmizdir. Azərbaycanı bizdən çox sevən insan, ya qurum, ya ölkə yoxdur, ola da bilməz. Ona görə biz özümüzü xarici təsirdən qorumalıyıq”.

"Üçüncü binanı üç ilə tikməliyik"

Prezident deyib ki, azad medianın inkişafından ötrü bundan sonra da səylərini əsirgəməyəcək.

“Jurnalistlərin məişət problemlərinin həlli üçün də bundan sonra da biz öz addımlarımızı atacağıq. Çünki mən yaxşı başa düşürəm ki, jurnalist biznesmen, iş adamı deyil. Jurnalistika ilə məşğul olan insan üçün mənzil almaq o qədər də asan məsələ deyil və dövlət burada həmişə sizin yanınızdadır. Azərbaycan dövləti güclü dövlətdir, sosial dövlətdir.Neftin qiymətinin qalxmasına, düşməsinə baxmayaraq, sosial proqramların icrasında heç bir geriləmə, yubanma yoxdur. İkinci binanın tikintisinə dörd il vaxt gedib. Bu üçüncü binanı da biz maksimum üç ilə tikməliyik”, ölkə başçısı bildirib.

XATIRLATMA

Prezident İlham Əliyev bu gün, iyulun 20-də jurnalistlərdən ötrü tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində iştirak edib.

Jurnalistlərə ilk bina 2013-cü ildə tikilib. Dünən, iyulun 19-da isə prezident İ.Əliyev növbəti, üçüncü binanın tikilməsindən ötrü 5 milyon manat vəsait ayırıb.

Ancaq bəzi müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar. Onların fikrincə, Azərbaycan kimi azadlıqların boğulduğu ölkədə bu jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır. Üstəlik, Azərbaycanda hazırda 10-dan çox jurnalist, bloqqer həbsdədir. Bəzi həmkarlarının fikrincə, onlar məhz peşə fəaliyyətlərinə görə həbs ediliblər.

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 141 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet – «Əkinçi» işıq üzü görüb.

XS
SM
MD
LG