Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:50

AYİB prezidenti Suma Chakrabarti İlham Əliyevə nə dedi?


Suma Chakrabarti
Suma Chakrabarti

Sentyabrın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabarti ilə görüşüb.

Görüş barədə verilən rəsmi məlumatda qeyd edilir ki, prezident İlham Əliyev bu bankla əməkdaşlığın səviyyəsindən məmnun olduğunu, bankın Azərbaycana kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu bildirib.

Chakrabarti və Əliyevin AYİB-nın da adı hallanan Azərbaycanın növbəti korrupsiya qalmaqalını müzakirə edib-etməmələri haqda isə heç nə deyilmir.

QALMAQALDA AYİB-İN ADI DA HALLANIR

Xatırladaq ki, görüş ərəfəsində Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı yeni araşdırması yayııb.

Suma Chakrabarti ilə İlham Əliyevin görüşü ərəfəsində South Caspian Energy and Enviroment Crude Accountalibility (SCEECA) (Cənubi Xəzər Enerji və Ətraf Mühit Xammal Cavabdehliyi) təşkilatı AYİB prezidentinə açıq məktub yazaraq onun Azərbaycan prezidenti ilə korrupsiya problemlərini də müzakirə etməsini istəyib.

Məsələ burasındadır ki, bu araşdırma təkcə Azərbaycanın hakim elitasının və onlara yaxın şirkətlərin xaricə 2,9 milyard dollar çıxarması və pul yuması haqqında deyil. Araşdırma müəlliflərinə görə bu korrupsiya qalmaqalının Avropa Yenidənqurma və İnkişaf Bankına da dəxli var.

Suma Chakrabarti Dünya İdarəçiliyi Sammitində
Suma Chakrabarti Dünya İdarəçiliyi Sammitində

Jurnalistlər əldə etdikləri sənədlərə əsasən qeyd edirlər ki, Azərbaycanın pullarından Kalin Mitrevə 2012-2014-cü illər arası üst-üstə 576 min dollar köçürülüb. Həmin vaxt Mitrev iş adamı idi, indi isə Avropa Yenidənqurma və İnkişaf Bankının direktorudur.

Bundan başqa AYİB Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir, Azərbaycanda isə insan haqları ilə bağlı durum pisləşir.

AÇIQ MƏKTUB

SCEECA-nın icra direktoru Kate Watters İlham Əliyevlə görüş ərəfəsi AYIB-nin prezidentinə yazdığı açıq məktubda ondan dövlət başçısı ilə insan haqlarının durumu və korrupsiya problemlərinin də müzakirəsini xahiş edib.

Kate Watters qeyd edir ki, Bakıya bu səfər Azərbaycanın idarəçilik məsələlərinə münasibət bildirmək və AYİB-nin demokratiya və plüralizmə sadiqliyini göstərmək üçün həlledici imkandır:

"Azərbaycanda vətəndaş cəmiyyəti əzilirdi və son illər vəziyyət daha da pisləşib. Azərbaycan həbsxanalarında 100-dən çox siyasi məhbus var."

SCEECA xüsusilə də siyasi məhbuslarla bağlı baş verənləri “fırlanan qapı” siyasəti adlandırır: "Həbsxana qapısından 1-2 məhbus çıxır, yerinə dərhal təzə məhbuslar daxil olur. Son günlər Turan İnformasiya Agentliyini susdurmaq üçün onun direktoru Mehman Əliyev tutuldu. Siyasi müxalifətin liderlərindən olan İlqar Məmmədov Avropa İnsan Haqları Məhkəməsinin qərarına baxmayaraq 4 ildir ki, həbsdədir. Korrupsiyaya qarşı mübarizə aparan bloqqer Mehman Hüseynov 2017-ci ilin yanvarında tutuldu.

İLKİN ŞƏRT QOYULSUN

Azərbaycan hökuməti AYİB-ı ilə bağladığı razılaşmanın 1-ci maddəsində deyilən plüralizmə sadiqliyini göstərmək üçün bu şəxsləri və həbsxanada onlar kimi həbsdə olanları azad etməlidir.

AYİB Azərbaycandakı layihələri maliyyələşdirməyə ilkin şərt qoymalıdır ki, İlqar Məmmədov, Mehman Əliyev, Mehman Hüseynov və başqa siyasi məhbuslar azad olunmalıdır.

Məktubda daha sonra deyilirdi ki, EİTİ (Mədən Snayesində Aşkarlıq Təşəbbüsü) Azərbaycanı qaydalara riayət eləməyə nə qədər cəhd eləsə də faydası olmadı,İlham Əliyev isə Azərbaycanı EİTİ-dən çıxartdı. O bununla EİTİ-dəki prosesdə vətəndaş cəmiyyətinə ayrılan rola öz etinasızlığını nümayiş etdirdi. Vətəndaş cəmiyyətinin iştirakı olmadan isə təşəbbüs işləməyə bilməz.

Elə bu günlərdə Azərbaycanda korrupsiya qalmaqalını, AYİB rəhbərlərinin bu qalmaqala cəlb olunmasını məhz vətəndaş cəmiyyəti fəalları üzə çıxardıb, ölümcül risklərdən qorxmayaraq araşdırma aparıb.

Məktubda deyilirdi ki, AYİB prezidenti İlham Əliyevlə görüşdə bir daha bildirsin ki, AYİB EİTİ-yə sadiqdir və Azərbaycanla gələcək maliyyə əməkdaşlığının şərti Azərbaycanın EİTİ-yə qayıtmağıdır.

Məktubun sonunda xatırladılırdı ki, AYİB-nin Azərbaycanda Cənubi Xəzər Qaz Dəhlizi layihəsini və ya buna dəstək olan layihələri maliyyələşdirməsi siqnal kimi görünə bilər ki, Bank Azərbaycanda vətəndaş cəmiyyətinin, müstəqil jurnalistlərin, rejimlə barışmayanların əzilməsinə göz yumur. AYİB bütün siyasi məhbusların azad olunmasını, Azərbaycanın EİTİ-yə qayıtmasını tələb etməklə AYİB korrupsiya ilə mübarizədə, demokratiyanı və plüralizmi təbliğ etməkdə həlledici lider rolu oynaya bilər. Bu, Banka diktatorun zorakılığına dəstək verən qurum nüfuzu yox, əsillider nüfuzu qazandıra bilər.

Bu, AYİB prezidentinə Açıq Məktubda yazılanlardır. O bu tələbləriİlham Əliyevlə görüşdə irəli sürdümü? Bu barədə hələ heç bir tərəfdən məlumat verilmir.

Azərbaycan prezidenti də daxil olmaqla hakimiyyət təmsilçiləri israrla ölkədə insan haqları pozuntularına dair tənqidləri rədd edirlər. Ölkədən 2.9 milyard dolların qanunsuz yollarla çıxarılıb yuyulmasına dair son jurnalist araşdırmasını da hakimiyyət təmsilçiləri uydurma, erməni lobbisinin təşkilatçılığı ilə Azərbaycana qarşı qarayaxma kampaniyası adlandırıb.

XS
SM
MD
LG