Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

'Ərəb baharı'nın kinonu dəyişməsi


Qahirədə etirazçı
Qahirədə etirazçı

Yusri Nasrallanın 2012-ci ildə çəkdiyi, Kann kinofestivalında "Qızıl Palma" mükafatına namizəd olmuş "After the Battle" filmi 2011-ci ildə Hüsni Mübarəkin devrilməsindən sonra ölkədəki qarışıqlığın dramatikləşdirilmiş təsviridir. Daha əvvəl diktatorun nümayişçilərin üstünə göndərdiyi və dəvənin üstündə etirazçılara hücum etmiş Mahmud eyni ilin oktyabrında digər etirazçıların üstünə gedir. Budəfəki hücum ölkənin cənubunda yerləşən bir kilsənin uçurulmasına etiraz edən xristian koptların dinc aksiyasına yönəlir. Ancaq vəziyyət nəzarətdən çıxır və dəvənin üstündəki "qəhrəman" naməlum şəxs tərəfindən güllə ilə vurulur.

"Dönüş"

Filmin təsvir etdiyi real Maspero qırğını zamanı əsasən koptlardan ibarət azı 26 silahsız etirazçı ordu və təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmişdi. Hazırda bu mövzu Misirdə tabu sayılır. Onun mediada, yaxud sənət vasitəsilə hər hansı müzakirəsi qadağandır. Çəkilməsindən 8 il sonra "After the Battle" filmi Misir kinematoqrafçılarının inqilab zamanı yaşadığı qısa azadlıq dövrünün və heç vaxt həyata keçməmiş böyük gözləntilərin xatirəsi kimi qalmaqdadır.

10 il əvvəl Tunisin avtokratik prezidenti Zeyn əl-Abidin bin Əli ölkəni tərk edərək regionun ilk devrilmiş lideri olmuşdu. Bu, yenicə başlamış "Ərəb baharı"nın gedişində mühüm hadisə idi. Regionu lərzəyə gətirən bu hadisələrin əks-sədasını kinoda da görürük. BBC "Ərəb baharı"nı müasir ərəb kinosunda "dönüş hadisəsi" adlandırır. "Ancaq inqilabın siyasi təsirləri uzunmüddətli perspektivdə qarışıq olduğu kimi, kino irsi haqqında da bunu demək olar", – BBC-nin məqaləsində deyilir.

Yeni minilliyin başlanğıcından ərəb kinosu bədii intibah dövrünə qədəm qoymuşdu. Həm prodakşn xərclərini azaltmağa kömək edən yeni texnologiya, həm də Körfəz kinofestivallarının (Dubay, Əbu Dabi, Doha) yaranması gənc kinorejissorların qarşısında yeni və gəlirli imkanlar açırdı. Xüsusən də Məğrib ölkələrində (Əlcəzair, Liviya, Tunis, Mərakeş, Mavritaniya) dövlət qrantlarının ayrılması da kinoda yeni səslərin eşidilməsinə çox kömək edib.

Mövzu senzurası

Ancaq əsas problem toxunula biləcək mövzuların üzərindəki məhdudiyyətlər idi. Bu mövzular ölkədən-ölkəyə fərqlənirdi. Tunis, Mərakeş və Livan seks mövzusuna daha rahat yanaşırdısa, Misir, müəyyən qədər də Suriya dövlət korrupsiyasının tənqidinə imkan verirdi.

Ərəb ölkələrinin hamısında hakim elitalar isə toxunulmaz olaraq qalmışdı. Hakim isteblişment istər media, istərsə də incəsənətdə bu mövzuda hər hansı siyasi şərhi düşmənçiliklə qarşılayırdı.

Amma 2011-ci il ərzində regionun köhnə rejimlərinin devrilməsindən sonra bu mənzərədə radikal dəyişiklik baş verdi. İnqilab dövründə qısa müddətdə çox sayda bədii və qeyri-bədii film çəkildi.

Tunis kinematoqrafçıları da ilhama gələrək 2011 və 2012-ci ildə çoxlu film çəkdilər. "Onların filmləri siyasi olsa da, əsasən, şəxsi müstəvidən başlayırdı", - tanınmış tunisli prodüser Dora Buşuşa "BBC Culture"a müsahibəsində deyib.

Di gəl, kinematoqrafçılar əvvəllər görmədikləri açıqlıqdan istifadə edə bilsələr də, ötəri inqilab anından çıxa bilmədilər. Filmlər uzaqgörən olmayan qələbə sonluğu ilə başa çatırdı.

Ərəb kinosu bumu

"Ərəb baharı"nın miqyası o qədər böyük idi ki, dünya kinofestivalları bu mövzuya "yox" deyə bilməzdi. "18 Days", "No More Fear""After the Battle" Kann Kinofestivalında iştirak etdi. "The Good, the Bad and the Politician""Winter of Discontent" Venesiya, "Tahrir: Liberation Square" isə Lokarnoda nümayiş etdirildi. Birdən-birə ərəb filmlərini hər yerdə görmək olurdu. Halbuki, ərəb kinematoqrafçıları bundan əvvəl on illərlə Qərbin diqqətini cəlb etmək üçün əllərindən gələni edirdilər.

Ərəb dünyasının digər ölkələrində çəkilən filmlər də bu və ya digər formada "Ərəb baharı"nın təsirinə məruz qalmışdı. Bu işlərin tonu optimizmdən real dəyişikliyin mümkünlüyü ilə bağlı skeptisizmə qədər dəyişir. Yəməndə ilk gündən məğlubiyyətə məhkum inqilab haqqında bir neçə sənədli film çəkildi. İnqilabın gəlib çıxmadığı Mərakeşdə də bu mövzuda filmlər çəkildi ("My Makhzen and Me" (2012); "They Are the Dogs" (2013)), Əlcəzairdə isə veteran rejissor Merzak Alluaşın "Normal!" (2011) filmi inqilab haqqında çəkilmiş yeganə filmdir.

Dövlətin üsyanları zorakılıqla yatıraraq vətəndaş müharibəsinə yol açdığı Suriyada çəkilən filmlər Misir və Tunis filmləri qədər nikbin deyil. Bu mənada onlar Yəmən filmləri ilə oxşardır. Bu filmlər Avropa tamaşaçısına yaxından tanıdılıb və dünya kino və televiziya ekosisteminə daxil olub. Onların arasında "Return to Homs" (2013), "A Syrian Love Story" (2015), "Last Men in Aleppo" (2017) və "For Sama" (2019) filmlərini misal göstərmək olar.

XS
SM
MD
LG