Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:54

‘Bu, Moskvanın iştirakı olmadan qeyri-mümkündür’


Rusiya, Moskva, Kreml, arxiv foto
Rusiya, Moskva, Kreml, arxiv foto

Artıq bir neçə gündür Ermənistan mediası və sosial şəbəkələr istifadəçiləri Azərbaycanla bu ölkə arasında sülh müqaviləsinin yol xəritəsinin müzakirələrinin başlanacağı barədə yazırlar. İddia olunur ki, həmin danışıqlar çərçivəsində ilk görüş aprelin sonunda baş tutacaq.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilirmi?

Prezident: “Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq»

Prezident İlham Əliyev hələ bu il fevralın 26-da yerli və xarici media üçün mətbuat konfransı zamanı bildirib ki, sazişin imzalanmasını istisna etmir:

«Əgər hər şey məhz bu cür, bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir».

İlham Əliyev ADA-dakı tədbirdə
İlham Əliyev ADA-dakı tədbirdə

Aprelin 13-də də dövlət başçısı «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransda da sülh razılaşması barədə söz açıb:

«Biz hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq».

Aprelin 15-də isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan mətbuata bildirib ki, sülh sazişinin imzalanması üçün Azərbaycan nümayəndələri ilə görüş planlaşdırılmır. Onun sözlərinə görə, sülh sazişinin imzalanması üçün ilk növbədə sülh prosesi lazımdır.

“Mən inanmıram ki...»

Aqil Abbas, 30 avqust 2012
Aqil Abbas, 30 avqust 2012

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas da “Turan” Agentliyinə bildirib ki, hamı sülh istəyir, amma sülh ədalətli olmalıdır:

«Hər kəsin öz tələbləri və ərazisi var. Mən inanmıram ki, Azərbaycan, qalib gəlmiş bir dövlət hansısa bir ədalətsiz sülhə imza atsın».

Komitə üzvü vurğulayıb ki, Ermənistan 10 noyabr bəyanatının bütün şərtlərini hələ ki, yerinə yetirməyib:

«Azərbaycanlılar hələ ki, öz evlərinə qayıda bilməyiblər. Hələ ki, Ağdam-Şuşa, Ağdam-Kəlbəcər yolu açılmayıb. Ermənilər bu vurhavurda qəsəbələr salırlar”

Onun deməsinə görə, əvəzində Ermənistandan erməniləri Xankəndinə köçürürlər:

“Belə olan halda hansı sülhdən danışırıq?»

«Hələ əvvəlki bəyanatı icra etsinlər,...”

Deputatın fikrincə, yol xəritəsindən bəlkə də danışmaq olar, amma indiki şəraitdə sülh sazişindən danışmaq mümkün deyil:

«Hələ əvvəlki bəyanatı icra etsinlər, sonra isə sülhdən əlbəttə ki, danışacayıq. Bütün müharibələr axırda sülhlə bitir».

Rusiya sülhməramlılarının Qarabağa gəlməsi nələr vəd edir? Keçmiş həmsədr bunları deyir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

A.Abbas Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmaması ilə bağlı müzakirələrə də münasibət bildirib. O vurğulayıb ki, Azərbaycanın bu birliyə qoşulacağına inanmır:

«Çünki əgər Ermənistan ordadırsa və aramızda sülh müqaviləsi yoxdur, Ermənistanla biz bir ittifaqdamı olacayıq? Bu mümkün deyil».

Deputat qeyd edib ki, artıq başqa ittifaqdan söhbət gedir:

«Artıq Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bunu deyib. Söhbət Türk Dövlətlər Birliyindən, Türk Şurasından gedir. Biz bir ittifaqda birləşməliyik, tək qalmalı deyilik ki. Noyabrda İstanbulda Türk Dövlətlər Birliyi məsələsi müzakirə olunacaq».

“Azərbaycan tərəfdən bu barədə məlumat yoxdur»

Ərəstun Oruclu, 25 dekabr 2010
Ərəstun Oruclu, 25 dekabr 2010

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yol xəritəsinin hazırlanması haqqında məlumatlar hələ ki, bir tərəfdən gəlib:

«Bu, Ermənistan tərəfidir. Azərbaycan tərəfdən bu barədə məlumat yoxdur».

Ekspertin fikrincə, hələ ki, sülh müqaviləsi haqqında danışmaq çox tezdir:

«Orada o qədər bəndlər, o qədər müzakirə olunmalı məsələlər var ki, bu illərlə vaxt aparacaq. Amma prosesin başlanğıcı ola bilər».

Ə.Oruclu hesab edir ki, bu xəbərlər piar gedişi də ola bilər:

« N.Paşinyana indi piar lazımdır. O, seçkiyə hazırlaşır. Hərçənd hər şey olduqca qeyri-müəyyəndir. Belə ehtimal var ki, Ermənistanda nəzərdə tutulmuş növbədənkənar parlament seçkiləri keçirilməyə də bilər».

Politoloq qeyd edir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın höküməti ilə Moskva arasında fikir ayrılığının olması görünmür:

«Ona görə də düşünmürəm ki, sülh sazişi məsələsi ciddi məsələdir».

“Bəlkə də Moskvanın özü bunu təklif edəcək»

Ekspert hesab edir ki, sülh müqaviləsi hazırlanıb imzalansa belə, bu, Moskvanın iştirakı olmadan qeyri-mümkündür:

«Moskva regiondadır, o bu konfliktə nəzarəti öz əlinə götürüb. Əsas təsir vasitəsi olan Qarabağın erməni icması bu gün birmənalı şəkildə Moskvanın nəzarətindədir. Ona görə də mən əminəm ki, sülh sazişinin bütün detalları Rusiya ilə razılaşdırılacaq. Bəlkə də Moskvanın özü bunu təklif edəcək».

Ə.Oruclu deyir ki, sülh müqaviləsi imzalanarsa, orada Rusiya sülhməramlıların statusu da nəzərə alınacaq:

«Müqavilə imzalansa belə, onlar orada qalacaq və onların regiondan tezliklə çıxarılması baş verməyəcək. Əslində mən gözləyirəm ki, orada rus hərbi bazası olacaq».

Ekspert də qeyd edib ki, amma Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması real görünmür:

«Düşünürəm ki, Moskva bütün vasitələrdən istifadə edərək Azərbaycanı həm Avrasiya İttifaqına, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etmək istəyir. Ola bilsin ki, Belarusun prezidenti Lukaşenkonun bir neçəgün əvvəl Bakıya səfəri bununla bağlı idi. Amma Azərbaycan həmişə çalışıb ki, balanslı xarici siyasət yürütsün və indi bunu həyata keçirmək üçün başqa səbəb də var. Bu da Türkiyənin regionda iştirakıdır və Azərbaycan-Türkiyə hərbu əməkdaşlığıdır».

Avrasiya İqtisadi Birliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Ermənistan və daha bir neçə keçmiş SSRİ respublikaları daxildir.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG