Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

Putin: Rusiyanın tələbləri ultimatum deyil


Vladimir Putin
Vladimir Putin

Şoyqu Donbasda ABŞ-ın hansısa hərbi özəl şirkətinə məxsus 130 döyüşçünün olduğunu, onların “kimyəvi komponentlər”lə provokasiya hazırladığını iddia edib

Rusiya Prezidenti Vladimir Putin bu gün – dekabrın 21-də Moskvada Müdafiə Nazirliyinin geniş kollegiya iclasında çıxış edib.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO-ya təhlükəsizlik tələbləri irəli sürəndən sonra ilk çıxışını edən Putin deyib ki, Rusiyaya şifahi deyil, yazılı zəmanət lazımdır.

“Silahlı münaqişələr bizim seçimimiz deyil”

O, Avropada gərginliyin artmasına görə Qərbin günahkar olduğunu vurğulayıb. Putin tarixə ekskursiya edərək, ABŞ və müttəfiqlərini 1990-cı illərdə Şimali Qafqazda separatçıları və terrorçuları dəstəkləməkdə suçlayıb. O həmçinin NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastruktur qurduğunu bəyan edib.

“Qərbdəki həmkarlarımız açıq aqressiv xətt yürüdərlərsə, biz adekvat hərbi-texniki addımlar atacağıq”, – deyən Putin detalları açıqlamayıb.

Rusiya prezidenti zəmanət tələblərinin ultimatum olmadığını deyib, amma Qərb ölkələrinin tezliklə onlara “aydın cavab” verməli olduğunu bildirib. “Silahlı münaqişələr bizim seçimimiz deyil, biz məsələləri siyasi-diplomatik vasitələrlə həll etmək istəyirik”, – Putin deyib.

12.8 faiz yüksəliş

Müdafiə naziri Sergey Şoyqu isə çıxışında deyib ki, Ukrayna ilə NATO ölkələrinin hərbi əməkdaşlığı Rusiyaya təhdid yaradır. O, Donbasda ABŞ-ın hansısa hərbi özəl şirkətinə məxsus 130 döyüşçünün olduğunu, onların “kimyəvi komponentlər”lə provokasiya hazırladığını iddia edib.

Şoyqunun sözlərinə görə, bu il Rusiya ordusunun döyüş imkanları “12.8% artıb”. O, ötən il Rusiyanın ilk raket polkunun hipersəsli “Avanqard” kompleksi ilə təchiz olunduğunu açıqlayıb.

ABŞ dialoqa hazır olduğunu deyir

Ötən həftə Rusiya hakimiyyəti ABŞ-la müzakirə etmək istədiyi təhlükəsizlik təminatı təkliflərini açıqlayıb. Moskva NATO-nun şərqə doğru genişlənməyəcəyinə, NATO-nun Şərqi Avropada hərbi fəaliyyətinin, Ukrayna və Gürcüstanla əməkdaşlığının məhdudlaşdıracağına təminat istəyir.

Birləşmiş Ştatlar dialoqa hazır olduğunu, amma bunun müttəfiqləri ilə koordinasiyalı şəkildə aparılmalı olduğunu bildirir.

Son vaxtlar Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi onun Qərblə münasibətləri kəskinləşdirib. Qərb Rusiyanın Ukrayna ərazisinə girməyə hazırlaşdığını düşünür.

XS
SM
MD
LG