Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:18

Bayden Polşaya 3 min əsgər göndərir və Putinlə danışmağa hazırlaşır


Bayden Putinlə son dəfə telefonla ötən dekabrda danışıb
Bayden Putinlə son dəfə telefonla ötən dekabrda danışıb

Qərb son günlərdə Ukrayna və Rusiya arasında böhranın açıq münaqişəyə çevrilə biləcəyindən narahatdır

Prezident Co Bayden NATO müttəfiqi olan Polşanın ərazisində əlavə olaraq daha 3 min ABŞ əsgəri yerləşdirilməsini əmr edib.

Qərb son günlərdə Ukrayna və Rusiya arasında böhranın açıq münaqişəyə çevrilə biləcəyindən narahatdır.

Fevralın 11-də Pentaqonun verdiyi bəyanatda deyilir ki, sözü gedən əsgəri qüvvə “gələn həftənin əvvəllərində” Polşa ərazisindəki 1700 ABŞ əsgərinə qoşulacaq:

"5000 nəfərlik bu əlavə qüvvə çoxsaylı missiyaları yerinə yetirməyə qabildir və yüksək mobilliyə və çevikliyə malikdir. Bu qüvvələrdən məqsəd bizim NATO müttəfiqlərimizi NATO-nun şərq cinahına mümkün təcavüzün dəf ediləcəyindən əmin etməkdir. Bu qüvvə ev sahibi olan ölkənin silahlı qüvvələri ilə birgə təlim keçib”.

Rusiyanın hücum üçün kafi qüvvəsi var

Bundan əvvəl fevralın 11-də Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan demişdi ki, indi Rusiyanın Ukrayna sərhədində böyük hərbi əməliyyat üçün kifayət qədər qüvvəsi var.

O ehtimal olunduğunu bildirmişdi ki, bu hücum potensial olaraq mülkilərin ölümünə səbəb olacaq mərmi və raket zərbələri ilə başlana bilər.

Bu arada Rumıniyada olan NATO baş katibi Yens Stoltenberq “Avropada silahlı münaqişə təhlükəsinin” olduğuna dair xəbərdarlıq edib.

ABŞ tezliklə Rumıniyaya da 1000 nəfərlik əsgəri qüvvə göndərəcək. Fevralın 9-dan Rumıniyaya ABŞ zirehli texnikasının gətirilməsi davam edir.

Təşəbbüs Vaşinqtondan gəlib

Fevralın 11-də Kreml bəyan edib ki, fevralın 12-də Rusiya prezidenti Vladimir Putinin prezidentlər Co Bayden və Emmanuel Makronla telefon söhbətləri olacaq.

Kremlin sözçüsü Dmitri Peskov bunu da bildirib ki, Putin və Bayden arasında telefon söhbətinin təşəbbüsü Vaşinqtondan gəlib.

Bayden və Putin son dəfə telefonla ötən dekabrda danışıblar.

Həmin ayın əvvəllərində onların habelə videoformatda görüşü olmuşdu.

İki prezidentin son üzbəüz görüşü isə 2021-ci ilin iyununda Cenevrədə keçirilib.

Fransa prezidenti Emmanuel Makron isə bu həftə Moskvaya səfəri zamanı bildirmişdi ki, Ukraynaya səfərdən sonra təkrar Vladimir Putinlə danışacaq.

XS
SM
MD
LG