Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:51

Koronavirusla bağlı siyasi məqsədlər var?


Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır

Son aylar Azərbaycanda koronavirusla bağlı tətbiq edilən karantin tələblərin çoxu ləğv edilib. Mayın 1-dən qapalı yerlərdə tibbi maska tələbi götürülüb. Bundan əvvəl isə toy və yaslarda insanların say məhdudiyyəti tələbi də aradan qaldırıldı, həmçinin, kütləvi idman yarışlarına icazə verildi.

İyun ayının birinci yarısında Bakıda "Formula-1" yarışı keçiriləcək. Keçən ildən fərqli olaraq bu yarışın da tamaşaçıların iştirakı ilə təşkil olunacağı nəzərdə tutulur.

Amma bəzi qadağalar yenə də qalmaqdadır. Məsələn, hələ də 50 nəfərlik piket müraciətinə koronavirus səbəb göstərilərək razılıq verilmir. Bir qədər öncə Azərbaycan Demokratiya və Rifah Partiyasinin Ukraynaya təcavüzlə bağlı Bakıda Rusiyanın Azərbaycandakı səfirliyi önündə keçirmək istədiyi piketə şəhər rəhbərliyi məhz pandemiya ilə bağlı karantinini səbəb göstərərək müsbət cavab verməmişdi.

Bəs bütün bu qərarlar bir-biri ilə ziddiyyət təşkil etmirmi? Bununla bağlı qərarlarda dəyişiklik ola bilərmi?

Nazir: "Bir qədər gözləməyi xahiş edirəm"

Səhiyyə naziri Teymur Musayev bu gün, mayın 10-da karantinin tam ləğvi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Koronavirusun yeni ştammları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".

F.Mustafa
F.Mustafa

Milli Məclisin deputatı Fazil Mustafa da "Turan"a mövzu ilə bağlı açıqlamasında deyib ki, koronavirus pandemiyası hələlik bitməyib: "Sadəcə, qaydalar yumşalıb, maska tələbi ilə bağlı məhdudiyyət götürülüb. Amma bir sıra məsələlərdə hələ ki, bu qalmaqdadır. Məsələn, modul tipli xəstəxanalar hələ ki, bağlanmayıb".

Deputat qeyd edib ki, karantinin digər tələblərinin aradan götürülməsi ilə bağlı, hələlik, bir yenilik yoxdur: "Çünki Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitməsini elan etməlidir. Amma, görünür ki, Çində təhlükə qaldığına görə, hələlik, bunu etmir".

"Quru sərhədlər də açılmayıb"

F.Mustafanın fikrincə, pandemiya davam etdikcə Nazirlər Kabineti yanında Operativ Qərargah müəyyən ehtiyat tədbirlərini hələ ki, qüvvədə saxlayır: "Quru sərhədlər də hələ ki, açılmayıb. Görünür ki, bizim bilmədiyimiz məqamlar var, təhlükə riski müəyyən dərəcədə gözlənilən olduğuna görə belə bir addımlar atılmır. Müəyyən risk azalandan sonra Operativ Qərargahın nəyinə lazımdır bu qədər məhdudiyyət saxlasın? Əslində bu işi çətinləşdirir, turizmin inkişafına ziyandır".

B.Süleymanlı
B.Süleymanlı

"Bu qərarlar siyasi xarakter daşıyır"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, bu qərarlar siyasi xarakter daşıyır: "Burada pandemiya qaydalarına riayət etməsi əhəmiyyət daşımır".

Ekspert qeyd edib ki, əslində fundamental azadlıqların məhdudlaşması ilə bağlı beynəlxalq standartlar var: "Pandemiya baş verdi və dövlət məcbur qalıb müəyyən müddətdə, müəyyən kriteriyalar çərçivəsində məhdudiyyət tətbiq etdi. Amma bu əsas vermir ki, pandemiyanı bəhanə gətirib daha uzun müddətə məhdudiyyət tətbiq edilsin. Bununla paralel digər qadağalar aradan götürülürsə, amma vətəndaşların fundamental hüquqları tanınmırsa, əlbəttə ki, burada siyasi məqsədlər var".

Hüquq müdafiəçinin fikrincə, sərbəst toplaşmaq azadlığı ilə yanaşı, quru sərhədlərin bağlı qalması da siyasi xarakter daşıyır: "Ölkələrin böyük əksəriyyəti öz sərhədlərini açıb. Bizdə isə digər məhdudiyyətlər aradan qaldırılsa da, bu məsələ hələ ki, həll edilməyib. Bu da insanların sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırır".

Xatırlatma

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantin rejimi hökm sürür. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə mayın 10-na kimi 800 minə yaxın şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan 9 min 700-dən çoxunun vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG