Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:55

Qaraqalpaqıstanda ‘antiterror’ reydlərində 132 nəfər saxlanıb


Qaraqalpaqıstanda yoxlama postu (Arxiv fotosu)
Qaraqalpaqıstanda yoxlama postu (Arxiv fotosu)

Özbəkistanın tərkibindəki muxtar Qaraqalpaqıstan respublikasında “antiterror” reydləri keçirilib.

Axtarışda olan 132 nəfərin saxlanaraq istintaq orqanlaırna verildiyi bildirilir.

Bu barədə məlumatı Qaraqalpaqıstanın daxili işlər naziri Batıyar Torebekov verib.

Bu da qeyd olunur ki, sözü gedən reydlərin əsnasında 18,200 obyekt yoxlanıb, 89 min evdə axtarış aparılıb.

Xəbərdə deyilir ki, muxtar respublikanın sakinləri 344 ədəd ov tüfəngini könüllü olaraq təhvil veriblər.

İtkin sayılan 12 nəfər evlərinə qaytarılıb.

6 ay əvvəl...

Qaraqalpaqıstanda sözü gedən reydlər muxtar respublikanın paytaxtı Nukusda baş vermiş etiraz aksiyalarından altı ay sonraya təsadüf edir.

Etiraz aksiyaları ötən il iyulun 1-də başlamışdı. Aksiyaçılar Özbəkistan Konstitusiyasına düzəliş təkliflərinə qarşı çıxış edirdilər.

Bu təkliflərdən birinə görə Qaraqalpaqıstanın referendum əsasında Özbəkistandan ayrılmaq hüququna dair maddə Konstitusiyadan çıxarılmalı idi.

Lakin etirazların ardınca baş vermiş iğtişaşlarda azı 18 nəfər öldükdən 4 gün sonra Özbəkistan prezidenti Şavkat Mirziyoyev sözü gedən təklifi geri götürməli olmuşdu.

Nukusda baş vermiş iğtişaşlar üzrə məhkəmə prosesi Buxara vilayət məhkəməsində keçirilir.

Bu iş üzrə 22 müttəhim var. Prokurorluq jurnalist və bloger Dauletmurat Tajimuratov üçün 18, başqa bir jurnalist Lalaqul Kallıxanova üçünsə 11 il azadlıqdan məhrumetmə cəzaları istəyib.

Onlar hakimiyyəti ələ keçirməyə qəsddə və kütləvi iğtişaşların təşkilində ittiham olunurlar.

Qaraqalpaqıstan və qaraqalpaqlar

Qaraqalpaqlar Mərkəzi Asiyanın türkdilli xalqlarından biridir.

Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb, 1930-cu ilə qədər Qazaxıstan SSR-in tərkibində olub, sonra ordan çıxarılaraq birbaşa RSFSR-in tabeliyinə verilib.

1936-cı ildə Qaraqalpaq MSSR Özbəkistan SSR-in tərkibinə daxil edilib. Sovet İttifaqının dağılmasından sonra bölgə 1992-ci ildə Qaraqalpaqıstan Respublikasına çevrilib.

1993-cü ildə Qaraqalpaqıstan Respublikasının Özbəkistanın tərkibinə daxil edilməsi haqqında 20 illik müqavilə imzalanıb. Müqavilə muxtar respublikanın referendum keçirməklə Özbəkistanın tərkibindən çıxmaq hüququnu təsbit edir.

Daşkənd məhz bu hüququn ləğv edilməsinə çalışırdı.

Qaraqapaqıstanda Özbəkistanın 35 milyonlıuq əhalisinin 2 milyonu yaşasa da, o ərazisinə görə ölkənin üçdə birini təşkil edir.

XS
SM
MD
LG