Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:23

Moskva Bakı-Yerevan-Tbilisi dialoquna şərt qoyur


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova

Moskva Bakı, Yerevan və Tbilisi arasında mümkün üçtərəfli dialoqu yalnız o halda alqışlaya bilər ki, bu dialoq Qərbin destruktiv təsirinə məruz qalmasın.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu fevralın 10-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib:

“Əgər Bakı, Yerevan və Tbilisi arasında üçtərəfli dialoq Cənubi Qafqazda ziddiyyətlərin tənzimlənməsinə, regionda stabillik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəksə, biz bunu yalnız alqışlaya bilərik. Amma bu təşəbbüsün arxasında Rusiya, Ermənistan, Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarını pozmağa can atan Vaşinqton və Brüsselin hansısa bir şəkildə konturları görünəcəksə bu artıq başqa söhbətdir”.

Tbilisi Azərbaycan və Ermənistan arasında üçtərəfli dialoqa platforma olmaq niyyətini artıq 44 günlük müharibədən dərhal sonra, 2021-ci ilin yanvarında bildirmişdi.

Ermənistan nəzərdən keçirir

O vaxt bu təşəbbüsü Gürcüstanın ovaxtkı xarici işlər naziri David Zalkaliani ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə səsləndirmişdi:

“Dünya birliyi Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olmasında maraqlıdır. Bu mənada biz yeni təşəbbüs, üçtərəfli dialoq platforması ideyasını irəli sürmüşük ki, Azərbaycan, Gürcüstan və Ermənistan bu platformada aktual məsələləri müzakirə edə və müxtəlif səviyyələrdə görüşlər keçirə bilsinlər”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay demişdi ki, Yerevan Azərbaycan, Gürcüstan və Ermənistan dövlət başçılarının görüşü ideyasını nəzərdən keçirir:

“Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişaf etdirilməsi məsələsinə böyük maraq göstərir. Biz mümkün Tbilisi platformasına, Ermənistan və Azərbaycan arasında ikitərfəli görüşlər yox, amma üçtərəfli regional müzakirələrin platforması kimi baxırıq. Hazırda Ermənistan və Gürcüstan baş nazirləri ilə Azərbaycan prezidentinin görüşü ideyası dövriyyədədir”.

Mirzoyan demişdi ki, Ermənistan belə görüşə günü buğun hazırdır.

Azərbaycan da bu təşəbbüsü bəyəndiyini deyib

Rəsmi Tbilisi üçtərəfli dialoq üçün platforma olmaq niyyətini ötən ilin sonlarında bir daha təsdiqləmişdi. Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili demişdi:

“Gürcüstan sülhün gücləndirilməsi üçün bizim cənub qonşularımıza hər zaman dialoq məkanı təklif etməyə hazır olub və bizim ölkəmizin bu istiqamətdəki təklifi hələ də keçərlidir. Əgər ölkəmiz üçün vasitəçilik prosesində iştirak zəruri olarsa, biz buna hər zaman hazırıq və bunun üçün bizim tərəfimizdən heç bir ön şərt irəli sürülmür. Bizim əsas məqsədimiz regionumuzda sülh və sabitlikdir”.

Ötən ilin 24 oktyabrında Gürcüstana səfəri əsnasında Azərbaycan prezidenti İlham Əliyev baş nazir İrakli Qaribaşvili ilə görüşündən sonra demişdi ki, Bakı üç Cənubi Qafqaz ölkəsi arasında üçtərəfli məsləhətləşmələr keçirməyə hazırdır:

"Bugün Gürcüstanın baş naziri ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında məsləhətləşmələrlə bağlı fikir mübadiləsi apardıq. Əgər Ermənistan razılaşarsa, biz də buna hazırıq”.

XS
SM
MD
LG