Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:35

Ukraynanı dünyadan silməli olan müharibə onu dünyaya tanıtdı


Parisdə divar rəsmi
Parisdə divar rəsmi

Texas ştatının Dallas şəhərindəki Deep Vellum adlı kiçik nəşriyyat üç il əvvəl ukraynalı yazıçı Andrey Kurkovla onun kitabının nəşri barədə müqavilə imzalayanda onun standart tirajla - 2 min nüsxə çap olunması razılaşdırılmışdı.

Lakin AzadlıqRadiosunun Vaşinqton müxbiri Todd Prinsin (Todd Prince) məqaləsində deyilir ki, kitab satışa hazır olanda dünya tanınmayacaq dərəcədə dəyişmişdi.

Rusiya ötən il fevralın 24-də Ukrayna üzərinə tammiqyaslı müharibəyə başlayandan bəri Ukrayna Qərb mediasının əsas mövzusuna çevrilib, Ukrayna tarixinə və mədəniyyətinə maraq isə misilsiz sürətlə artıb.

Kurkovun “Boz arılar” (Grey Bees) romanındakı hadisələr 2014-cü ildən bəri döyüş meydanına çevrilmiş Donbas regionunda cərəyan edir.

Deep Vellum nəşriyyatının təsisçisi Uill Evans (Will Evans) AzadlıqRadiosuna deyib ki, sözü gedən kitab mağaza rəflərindən “uçur” və roman artıq 2000 min nüsxə əvəzinə 20 min tirajla çap olunub.

Kurkovun romanı onun şəxsi həyatı barədədir və buna görə də alt başlığı “Bir müdaxilənin gündəliyi”dir.

Kitabın qalın cildlə çap olunmuş daha 10 min nüsxəsi apreldə satışa çıxarılacaq.

Bu nənə, Ukraynada əsgərləri evində saxlayır, yedizdirir, postlara yemək daşıyır
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Kiçik nəşriyyatın böyük rekordu

Bu kitab Deep Vellum nəşriyyatı üçün bütün mənalarda rekorda çevrilib.

Uill Evans bu barədə deyib:

"Mən 10 illik naşirlik fəaliyyətim ərzində ədəbiyyata indiki müharibə qədər maraq oyadan başqa bir münaqişə görməmişəm”.

Naşir bu il daha iki Ukrayna yazıçısının kitablarını çap etməyi planlaşdırır.

Todd Prins yazır ki, bu hadisə ABŞ-da, Avropada və bütün dünyada insanların şüurunda gedən nəhəng dəyişiklikdən xəbər verir. O qeyd edir ki, bu, həm də Sovet İttifaqı dağılandan 30 il sonra Ukraynanın nəhayət Rusiyanın kölgəsindən çıxdığını göstərir.

Ukraynanı Rusiyaya tabe etdirməli, onu yoxa çıxarmalı olan münaqişə faktiki olaraq əks effekt verib.

Ukrayna ilə bağlı hər şeyə maraq artır

Ukrayna işğal edilmiş torpaqlarını geri almaq uğrunda döyüşdüyü bir vaxtda bütün dünyada Ukrayna və onun mədəniyyətinə maraq, bu haqda məlumatlar artır.

Evans buna “şər deməsən xeyir gəlməz” fəlsəfəsi ilə yanaşır və deyir ki, indi dünya Ukraynanın harada olmasını, onun nə istəməsini bilir və bu istiqamətdə bədii ədəbiyyat xüsusi rol oynayır.

Başqa kiçik nəşriyyatlar da Ukrayna yazıçıları ilə müqavilələr imzaladıqca, tərcüməçilərin də işi başdan aşır.

Ukrayna Xalq Respublikasında nəşr edilmiş "Moskva-Ukrayna lüğəti" (1918) ktiabı
Ukrayna Xalq Respublikasında nəşr edilmiş "Moskva-Ukrayna lüğəti" (1918) ktiabı

Yale University Press nəşriyyatı tezliklə Jadanın “Sky Above Ukraine” (Ukraynanın başı üstündəki səma) kitabını çap edəcək. Bu kitab da hərbi müdaxilə barədə yazılmış avtobioqrafik əsərdir.

Seven Stories Press nəşriyyatı da Ukrayna yazıçısı və hərbçisi Artyom Çapeyenin hekayələr toplusunu çap etməyə hazırlaşır.

Əslində Ukraynaya artan maraq təkcə bədii ədəbiyyatla məhdudlaşmır. Qərbdə insanlar Ukrayna tarixi haqqında kitablar axtarır, Ukrayna incəsənəti və kinematoqrafı haqqında öyrənməyə, Ukrayna mətbəxinin təamlarını dadmağa çalışırlar.

ABŞ və Avropa boyunca minlərlə ailə evlərinin qapılarını Ukrayna qaçqınlarına açıb və onlar əvvəllər haqqında heç nə bilmədikləri ölkənin insanları ilə ünsiyyətdə olurlar.

Putinin iflası

Todd Prins nəticə çıxarır ki, bütün bu baş verənlər Rusiya prezidenti Vladimir Putinin tam bir iflası deməkdir.

Putinin ən ümdə məqsədlərindən biri də hamını Ukraynanın heç vaxt mövcud olmadığına və Rusiya olmadan varlığının mümkün olmamasına inandırmaq idi.

O müharibə ərəfəsində söylədiyi cəfəng nitqdə də Ukraynanı “Sovet dövrünün bic uşağı” və “tarixi Rusiya”nın bir hissəsi adlandırmışdı.

O yanlış olaraq ukraynlarla rusların “eyni xalq” olduğunu iddia edirdi.

Lakin Rusiya qoşunlarının Ukraynada törətdikləri Putinin dediklərini alt-üst etdi. Rusiya əsgərləri muzeyləri bombalayır, incəsənət əsərlərini və mədəniyyət nümunələrini talan edirlər.

Rusiya rəsmiləri işğal olunmuş ərazilərdəki məktəblərdə rus dilini əsas dil kimi bərqərar edir, Ukrayna uşaqlarını zorla Rusiya ərazisinə aparırlar.

Kiyev bütün bunları Ukraynanın milli kimliyinin silinməsi cəhdi kimi qiymətləndirir.

“Rus dünyası” mifini Putin məhv etdi

Prins yazır ki, Rusiyanın Ukraynaya müdaxiləsi olmasaydı, Qərbdə bir çoxları bəlkə də Putinin iddialarına cavab verməzdilər.

Üstəlik sosial media şəbəkələrində və televiziyalarda onun dedikləri ilə həmrəy olanları da görmək mümkün idi.

1991-ci ildə Sovet İttifaqı çökəndə bir çox amerikalılar və avropalılar Ukraynanı həqiqətən də “Rus dünyasının” , hətta Rusiyanın bir hissəsi kimi başa düşürdülər.

Qərb universitetlərində Ukrayna tarixi, ukrayn dili və ədəbiyyatı çox az öyrənilir və az təbliğ olunurdu.

Ukrayna tarixçisi Olesya Xromeyçuk yazır ki, Qərbdə bir çoxları üçün Ukrayna və başqa keçmiş sovet ölkələri “vahid və hüdudsuz Rusiya” idi.

Rusiyanın Ukraynaya müdaxiləsi bütün bunları dəyişdi.

İndi nəyin Rusiya, nəyin Ukrayna olduğunu hamı bilir

Kanzas Universitetində Slavyan dilləri və ədəbiyyatı üzrə professor, Ukrayna doğumlu Vitali Çernetski deyir ki, o uzun illər amerikalılara nəyin Ukrayna olduğunu və Rusiya olmadığını izah etməli olub.

Professorun sözlərinə görə bu artıq belə deyil.

Amerikada bir çox şəxsi evlərin qarşısına sancılmış Ukrayna bayraqları düşüncələrdəki dəyişiklikdən xəbər verir.

Prins yazır ki, bu dəyişikliyin arxasındakı hərəkətverici qüvvə həm də Rusiyanın bu müharibədəki qəddarlığı və Ukraynanın inanılmaz müqavimətidir.

Bu dəyişiklikdə ABŞ Konqresində, Britaniya və başqa ölkələrin parlamentlərində çıxış etmiş prezident Volodimir Zelenskinin rolu da danılmazdır.

ABŞ universitetləri və muzeyləri Ukraynanın daha yaxşı qavranması üçün ekspozisiyalarında və arxivlərində dəyişikliklər edirlər.

Bir çox ABŞ universitetləri ukraynalı alimləri mühazirələr üçün dəvət edirlər.

İlya Repinin "Zaporojyelilər" əsəri
İlya Repinin "Zaporojyelilər" əsəri

Qədim əsərlərin yeni kimliyi

Ötən payızda Yel (Yale) Universitetinin tarix professoru Timoti Snayder (Timothy Snyder) özünün “Müasir Ukraynanın Təşəkkülü” adlı 23 mühazirəlik kursunu internetdə yayıb.

Bu mühazirələrin bəziləri Putin iddialarının ifşasına həsr edilib və proqramlardan hər birinə 140 minlə 1.5 milyon arasında baxış qeydə alınıb.

Nyu Yorkdakı Müasir İncəsənət Muzeyi (The Museum of Modern Art) Ukrayna rəssamlarının işlərindən ibarət qalereya açıb.

Bundan əvvəl çar vaxtı və Sovet İttifaqı zamanında Ukraynada doğulmuş bir çox rəssamlar Rusiya sənətkarları kimi təqdim olunurdular.

İndi isə Nyu Yorkdakı İncəsənət Muzeyi (New York's Metropolitan Museum of Art) İvan Ayvazovski, Arxip Kuindziİlya Repin kimi rəssamları artıq Ukrayna sənətkarları kimi təqdim edir.

Edqar Deqasın (Edgar Degas) məşhur “Rus rəqqasələr” əsərinin adı dəyişdirilib. İndi bu rəsm əsəri “Ukrayna rəqqasələri” adı ilə təqdim olunur.

Britaniya Milli Qalereyası bu kimi dəyişikliklərə bir qədər də tez başlayıb.

Ukraynanı dünyadan silməli olan müharibə onu dünyaya tanıdıb.

XS
SM
MD
LG