Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

ABŞ yaranmış borc böhranından necə çıxacaq?


ABŞ prezidenti Co Bayden hökumətin borc tavanına görə qarşıdurma bir ay davam etdikdən sonra, mayın 9-da Konqresin vəzifəli demokrat və respublikaçı millət vəkilləri ilə görüşüb.

Bu məsələnin həllini tapmaması ölkəni defolt və iqtisadi böhran xəttinə yaxınlaşdırıb.

Borc tavanı nə deməkdir?

Vaşinqton vaxtaşırı olaraq federal hökumət xərcələri üçün limit məsələsini nəzərdən keçirir.

Hazırda bu hədd 31.4 trilyon dollar və ya ölkənin illik istehsalının 120 faizi qədərdir.

Borc tavanı bu həddə yanvar ayında çatıb və Xəzinədarlıq Departamenti kreditlərin alınması kimi bir sıra əlavə tədbirlərlə bu limiti saxlamağa çalışıb.

Lakin departament ötən həftə xəbərdarlıq edib ki, kredit borclarının alınmasını tamamilə dayandırır və ən azı iyunun 1-dək xərclərin ödənməsi üçün yalnız vergi gəlirlərindən istifadə edəcək.

Xəzinədarlıq xərclədiyi hər dolların 20 faizini borc aldığına görə elə bir hədd gəlib çata bilər ki, Vaşinqton kreditorlara və vətəndaşlara ödənişlərini etmək imkanında olmaya bilər.

Borc tavanı lazımdırmı?

Dünyada yalnız bir neçə ölkə borc tavanı tətbiq edir və Vaşinqtonun bu tavanı vaxtaşırı qaldırdığına görə Konqresin artıq qəbul etdiyi xərclərin ödənməsinə çox az pul qalır.

Maliyyə naziri Canet Yellen və başqa ekspertlər borc tavanının ləğvinə çağırıblar, çünki bu, bir növ artıq qəbul olunmuş qərarlara bürokratiya möhürünün vurulmasına bənzəyir.

Bəzi təhlilçilərin fikrincə Xəzinədarlıq bu böhrandan yan keçmək üçün çoxtrilyonluq platin sikkə buraxıb, bunu hökumətin hesabına qoya bilər.

Bəziləri bu ideyanı “qəribə biclik” adlandırırlar.

Bəziləri isə borc tavanı ideyasının ABŞ Konstitusiyasına zidd olduğunu deyirlər.

Amma Bayden administrasiyası bu məsələyə aid 14-cü düzəlişi qaldırsa, bunun ardınca hüquqi çətinliklər başlanacaq.

Vaşinqton borc ala bilməyəndə nə olur?

Bu zaman qlobal maliyyə bazarlarını təlatüm bürüyür, çünki investorlar ABŞ bondlarına şübhə ilə yanaşırlar. Halbuki bu bondlar ən salamat investisiya sayılır və dünya maliyyə sisteminin təməl daşlarından biri rolunu oynayır.

Əgər hökumət hərbçi maaşlarının və ya yaşlılar üçün sosial təminat ödənişlərinin vaxtını ötürsə, əminliklə demək olar ki, ABŞ iqtisadiyyatı resessiyaya düşəcək.

Ekspertlər deyirlər ki, milyonlarla amerikalı işlərini itirə bilər. Bu səbəbdən investorlar artıq ABŞ-ın qiymətli kağızlarından üz çeviriblər, çünki onlar defolt riskinin olduğu bir vaxtda xərcə düşmək istəmirlər.

Bu vəziyyət necə yaranıb?

Hazırda Nümayəndələr Palatasında 222-213 çoxluğuna malik olan respublikaçılar aprel ayında borc limitini artıran, amma eyni zamanda növbəti on il üçün xərclərin kəskin ixtisarını nəzərdə tutan qanunvericilik aktı qəbul ediblər.

Hərçənd bu qanun layihəsinin demokratların çoxluğa malik olduqları Senatdan keçməyəcəyi məlumdur.

Respublikaçı spiker Kevin Makkarti Bayden administrasiyası ilə xərc ixtisarları barədə danışıqlar istəyir, amma administrasiya borc limitinin qeyd-şərtsiz artırılmasına tərəfdardır.

Axı bütün bunlar əvvəllər də olub...

Uçurumun ucunda bu sayaq yerimə onilliklərdir ki, ABŞ siyasətinin bir parçasıdır, amma 2010-cu ildə Respublikaçı Partiyanın maliyyə çalağanları qüdrətlənəndən bəri vəziyyət xeyli ağırlaşıb.

2011-ci ildə belə bir qarşıdurma zamanı respublikaçılar borc tavanından demokrat prezident Barak Obamanın xərclərinə kəskin hədd qoyulması üçün ustalıqla istifadə etmişdilər.

Amma bu hadisə investorları təlatümə gətirmiş və ABŞ-ın kredit reytinqinin rekord endirilməsinə yol açmışdı.

XS
SM
MD
LG