Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:58

Avropa İttifaqının yeni sanksiyaları Rusiyaya kömək edənləri hədəfləyəcək


Rusiyanın Drujba neft kəmərinin Macarıstan sektoru
Rusiyanın Drujba neft kəmərinin Macarıstan sektoru

Avropa Komissiyası Avropa İttifaqının üzv ölkələrinə Rusiyaya qarşı sanksiyaların 11-ci paketi üzrə təkliflərini göndərib. 27 üzv ölkənin bu sanksiyalarla mayın 10-da Brüsseldə keçiriləcək iclasda tanış olacağı gözlənilir.

AzadlıqRadiosunun müxbiri Rikard Cozviyak yazır ki, 11-ci paket barədə qərar mayın ikinci yarısında qəbul oluna bilər və bu, Aİ standartları ilə o qədər də uzun müddət deyil.

Bunun iki səbəbi var. Səbəblərdən biri budur ki, Avropa Komissiyası paketin məzmunu ilə üzv ölkələri hələ aprel ayında tanış edib və bu paket əvvəlki paketlərdən az fərqlənir.

Müxbirin fikrincə sənədin sürətlə qəbul olana biləcəyinin ikinci səbəbi buradakı sanksiyaların zəifliyidir.

Bu sanksiyalarda əsasən bundan əvvəlki sanksiyalardan yayınmanın qarşısının alınması məqsədilə boşluqlar doldurulur. Yeni sanksiyalar Rusiya iqtisadiyyatını əhəmiyyətli şəkildə təsirləndirməyəcək.

Macarıstanın xüsusi mövqeyi

Müəllifin fikrincə bu, ona görədir ki, Macarıstan və bir neçə başqa ölkələr Rusiyaya qarşı bundan sonra hər hansı enerji sanksiyalarını dəstəkləməyəcəklərini bildiriblər.

Yenilik bundan ibarətdir ki, bu paketdə hər halda Rusiyanın enerji sektorunu hədəfləyən müddəalar yer alıb.

Bu təkliflərə görə Almaniya və Polşaya Rusiyanın Drujba neft kəmərinin şimal sektoru ilə neftin qəbulu üçün verilmiş icazə müddəti bitir.

Berlin və Varşava bu müddəalara etiraz etməyə bilərlər, çünki onlar başqa mənbələrdən neft almaq imkanındadırlar.

Amma bu, Drujba kəmərinin cənub sektoru ilə Rusiyadan neft alan Macarıstanı və bir sıra Mərkəzi Avropa ölkələrini qane etməyəcək.

İkincili sanksiyalar

Jozviyakın yazdığına görə 11-ci sanksiya paketinin ən önəmli cəhətlərindən biri də budur ki, Brüsselin sanksiyaları Aİ sanksiyalarından bilərəkdən yayınan üçüncü ölkələri hədəfləyir.

Burada söhbət ondan gedir ki, Aİ də ABŞ kimi ikincili sanksiyalara keçilməsini planlaşdırır.

Amma əsas sual bu tədbirlərin nə vaxt və nə qədər effektiv həyata keçəcəyidir.

Yeni sanksiya paketi ilə tanış mənbələr bildirirlər ki, Rusiyaya sanksiyalardan yayınmaqda alət olan ölkələrə sanksiyalar qoyulmazdan əvvəl, Brüssel bu ölkələrlə ikitərəfli əlaqələrini möhkəmləndirməlidir.

Bu sənəddə habelə ikincili sanksiyalarla hədəflənəck ölkələrə bu barədə xəbərdarlıq edilməsi nəzərdə tutulur ki, bəlkə onlar bunun qarşısını almaq üçün müəyyən tədbirlər görə bilsinlər. Bu isə Brüsselin ikincili sanksiyalar məsələsində daha yumşaq mövqe tutacağı anlamına gəlir.

Çin şirkətlərinə sanksiyalar

Jozviyak hesab edir ki, yeni sanksiya paketinin ən əngəlli hissəsi 8 Çin şirkətinə qarşı sanksiyaladır.

Bunların Kremlin hərb maşınına kömək etdikləri deyilir. Burası da var ki, bunlar böyük şirkətlər yox, məqsədli şəkildə yaradılmış balıqqulağı firmalardır. Elə bu səbəbdən də bu şirkətlərlə bağlı sanksiyalara Aİ üzvlərinin iradı az olacaq. Çünki bəzi Aİ üzvləri Çinlə ticarət münasibətlərinin korlanmasını istəmirlər.

Təkliflərin qalan hissəsi mövcud sanksiyaların sərtləşdirilməsi üçündür. Aİ Rusiyaya indiyədək minlərlə məhsulun ixracını qadağan edib, lakin Rusiyanın özünün mikroçiplər istehsal etmək qabiliyyətində olduğunu nəzərə alaraq qadağan siyahısına yarımkeçiricilər, mikroçiplərin yoxlanması üçün test cihazları, optik komponentlər və dənizçilik cihazlarında istifadə olunan bir sıra metallar daxil edilib.

Yeni sanksiyalara görə Rusiyanın RT Balkans telekanalının Aİ-də yayım üçün lisenziyası dayandırılacaq. Rusiyada qeydiyyatdan keçmiş yük maşınlarının Aİ yollarında hərəkəti qadağan olunacaq. Qadağan siyahısına hətta Rusiya materiallarından istifadə olunmaqla başqa ölkələrdə istehsal olunmuş mallar daxil ediləcək.

XS
SM
MD
LG