Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:44

Azərbaycanın baş tutmayan avtomobil hədəfləri


Azərbaycan istehsalı avtomobillər: hökumətin vədləri reallığa çevrilə bilibmi?
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Azərbaycan istehsalı avtomobillər: hökumətin vədləri reallığa çevrilə bilibmi?

Azərbaycanda yerli avtomobil istehsalı mövzusu tez-tez gündəmə gəlir. İndiyədək buna xeyli cəhd olub. Əslində tam olaraq avtomobil istehsalından deyil, xaricdən gətirilən hissələrin Azərbaycanda yığılmasından söhbət gedib. Bu baxımdan, ölkədə yerli avtomobil istehsalı yox, avtomobil yığımı var.

Hökumət bu avtomobillərə marağın artmasına çalışır. Bugünlərdə yerli yığma avtomobillərə güzəştlə bağlı daha bir qərar qəbul edilib. Onlar satılarkən Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunacaq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin Vergi Məcəlləsinə təklif etdiyi dəyişiklik bunu nəzərdə tutur. Bu il mayın 1-dən həmin avtomobillərin satışı zamanı 10 il müddətinə ƏDV tutulmayacaq.

Apreldən bəri istismar müddəti 10 ili aşan avtomobillərin Azərbaycana gətirilməsi yasaqlanıb. Bu baxımdan, hökumətin yerli avtomobillərə ƏDV güzəşti daxili bazarda bu avtomobillərə marağı artırmağa yönəlib. Axı qiymətləri nisbətən daha ucuz, yaşı 10-dan yuxarı avtomobilləri artıq ölkəyə gətirmək mümkün olmur. Hökumət bu üzdən yerli avtomobillərin daha çox satılacağını düşünür. Onların çox satılması həm yerli zavodların gəlir götürməsinə, həm də ölkədən valyuta çıxışının qismən azalmasına yol aça bilər. Avtomobil hissələri – yedək parçalar Azərbaycanda istehsal edilsəydi, valyuta çıxışı, təbii ki, daha çox azalardı.

Ölkəyə gətirilən avtomobillərə yetərincə çox pul xərclənir. Məsələn, ötən il Azərbaycanın idxal etdiyi minik avtomobillərinin toplam dəyəri 845 milyon dollar olub. İlboyu ölkəyə toplam 68 min 684 avtomobil gətirilib. Bu ilin ilk dörd ayında isə xaricdən avtomobil alışına Azərbaycanda 382 milyon dollardan çox vəsait ödənilib.

Öncəki cəhdlər

Azərbaycanda avtomobil istehsalına dair addımlar hələ 2000-ci illərin əvvəllərindən gündəmdə idi. O vaxt Gəncədəki avtomobil zavodunda VAZ-11113 "OKA" markalı avtomobillərin yığımına başlanılmışdı. Əsasən əlilliyi olan şəxslərə nəzərdə tutulmuş bu maşınları yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi alırdı.

2005-ci ildə Şamaxı Avtomobil Zavodunun açılışından sonra da yerli avtomobil istehsalı gündəmə gəldi. İran şirkəti ilə əməkdaşlıq çərçivəsində həmin zavodda "Azsamand" markalı avtomobillər istehsal edilirdi. 2005-2010-cu illər ərzində bu zavodda cəmi 1 min 500 avtomobil yığıldı.

2010-cu ildə fəaliyyətə başlayan Naxçıvan Avtomobil Zavodu (NAZ) da ümidləri doğrultmadı. NAZ-da da bir başqa ölkənin – Çinin avtomobil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində "Lifan" markalı avtomobillər yığılır. 2015-ci ildə prezident İlham Əliyev bu avtomobillərin alınması ilə bağlı çağırış etmişdi. Həmin çağırışdan sonra bəzi dövlət qurumlarının bu avtomobillə bağlı sifarişləri artsa da, sonrakı illərdə satış kütləviləşmədi. Rəsmi açıqlamaya görə, Naxçıvan Avtomobil Zavodunda 2020-ci ildə 117 ədəd, 2021-ci ildə isə cəmi 47 ədəd avtomobil yığılıb.

Avtomobil bazarında indiki trendlər

İndi ölkədə avtomobil istehsalında əsas yeri Neftçala Avtomobil Zavodu tutur. Azərbaycanın "Azərmaş" ASC-nin və "Iran Khodro" şirkətinin birgə yaratdığı "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. 2018-ci il martın 29-da açılan zavodun səhmlərinin 75 faizi "Azərmaş" ASC-yə, 25 faizi isə "Iran Khodro" şirkətinə məxsusdur. Toplam dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan hökuməti müxtəlif vergi güzəştləri tətbiq edib. Bu zavodda "Xəzər" və "Peugeot" kimi markalar yığılır.

Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min ədəddir. Ancaq indiki istehsal göstəriciləri bu rəqəmdən çox uzaqdır. Şirkət nəinki maksimum istehsal gücü, heç hədəflənən göstərici qədər də istehsal gerçəkləşdirmir. Hökumətin proqnozlarına görə, bu il ölkədə avtomobil istehsalı 7 minə çatdırılmalıydı. 2020-ci ildə 2 min, 2021-ci ildə 3.5 min, 2022-ci ildə 5.3 min və, nəhayət, 2023-cü ildə 7 min ədədə qədər artacaqdı. Di gəl, Dövlət Statistika Komitəsinin bilgilərinə görə, ötən il Azərbaycanda cəmi 2 min 49 ədəd minik avtomobili yığılıb.

Avtomobil istehsalı niyə uğur qazanmır?

Avtomobil istehsalı bu sahədə rəqabət çox güclü olduğundan xeyli maliyyə və insan resursları tələb edir. Azərbaycanda avtomobil istehsalının sayca ciddi rəqəmlərə çatmaması bu avtomobillərin rəqabətə dayanıqlı olmadığını göstərir. Başlıca səbəblərdən biri ölkədə istehsal edilən avtomobillərin Rusiya, Çin və İranın tanınmamış şirkətlərinə məxsus olmasıdır. Bu baxımdan, ölkədə avtomobil istehsalı sahəsində daha tanınan avtomobil şirkətlərinin təmsil olunması bu sahədə uğur qazanmağa yol aça bilər. Ancaq indi Azərbaycandakı iqtisadi ortam qlobal şirkətlərə cəlbedici deyil. Rəqabət, qanunun aliliyi, iqtisadi qanunvericilik, investisiyaların qorunması kimi sahələrdə ciddi problemlər yaşanır. Bu problemlər aradan qalxmadan daha iri avtomobil istehsalçılarının Azərbaycana maraq göstərməsi inandırıcı deyil. Ölkənin özünün yüksək keyfiyyətli avtomobillər istehsal etməsindən ötrü istər mütəxəssis resursu, istərsə texniki imkanlar məhduddur. Bu baxımdan, iqtisadi ortamla bağlı çağırışlar aradan qalxmadan nə qədər güzəşt olsa da, avtomobil istehsalında ciddi uğurlar gözlənilən deyil.

XS
SM
MD
LG