Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:03

Mirzoyan da Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü açıq şəkildə tanımadığını deyir


Ararat Mirzoyan (sağda) və Haca Labib
Ararat Mirzoyan (sağda) və Haca Labib

Vasitəçilər Ermənistanla Azərbaycan arasında onların vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsinin qayğısına qalmalıdır. Bunu Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan avqustun 22-də belçikalı həmkarı Haca Labib (Hadja Lahbib) ilə birgə mətbuat konfransında deyib.

Mirzoyan qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü açıq şəkildə tanımayıb və bu, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının olmasına dəlalət edə bilər.

Ərazi bütövlüyünün tanınması

Ötən il liderlərin Praqa görüşündə 1991-ci ilin Alma-Ata deklarasiyasına istinad olunub. Həmin sənədə görə iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Bundan sonra Aİ Şurasının prezident Şarl Mişel bildirib ki, ərazi bütövlüyü haqda danışanda tərəflər Ermənistanın 29 min 800 км², Azərbaycanın isə 86 min 600 км² ərazisini nəzərdə tuturlar. Dağlıq Qarabağ Azərbaycan ərazisinə daxildir.

“O vaxtdan bəri Azərbaycan rəhbərliyindən Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınmasına dair açıq bəyanat eşitməmişik, belə sözləri qapalı görüşlərdə eşidirik. Bu bizi həddən artıq narahat edir və Azərbaycanın Ermənistana qarşı ərazi iddialarının mövcudluğuna dəlalət edə bilər”, – Mirzoyan deyib. O, regionda əks proseslərin getdiyini, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həllindən danışdıqları bir vaxtda bütün regionun və xalqın Laçın dəhlizinin qanunsuz blokadası ilə mühasirəyə salındığını vurğulayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da bu yaxınlarda deyib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımaqıa bağlı razılaşma əldə etsələr də, Azərbaycan Prezidenti İlham Əliyev bunu açıq təsdiqləməyib. Əliyev isə açıqlamalırdan Azərbaycanın Ermənistana qarşı hər hansı ərazi iddiası olmadığını, Ermənistandan da bunu istədiklərini söyləyib.

Belçikalı nazirin dedikləri

Belçikanın xarici işlər naziri Haca Labib Mirzoyanla görüşündə ölkəsinin Qarabağda humanitar vəziyyətin pisləşməsindən dərin narahatlıq keçirdiyini, Laçın dəhlizindən gediş-gəlişin məhdudlaşdırılmasının aclıq təhdidi yaratdığını bildirib. Onun sözlərinə görə, Qırmızı Xaç təmsilçiləri ilə görüşündə bu narahatlıqları təsdiqlənib. Belçikalı nazir deyib ki, Qarabağ sakinlərinin təhlükəsizliyini və Laçın dəhlizindən azad keçidi təmin etmək Azərbaycanın öhdəliyidir.

“Bu dalandan çıxmaq, Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyətini və həyat şərtlərini yaxşılaşdırmaq vacibdir. Nikol Paşinyanın cəsarətini alqışlayırıq, o, Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıyıb. Azərbaycanın ali rəhbərliyini də bunu etməyə çağırırıq”, – Labib vurğulayıb.

Avropalı diplomat Ermənistanla Azərbaycan arasında sülh sazişinin yaxın olduğunu deyib. Onun sözlərinə görə, həm Brüsseldə, həm də Yerevanla Bakıda yeni məsləhətləşmələr gözlənilir. Amma nazir bu haqda detallı danışmayıb.

Belçikanın Xarici işlər nazirinin avqustun 23-də Bakıya səfəri gözlənilir.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıblar, Qarabağa Rusiya hərbi kontingenti yerləşdirilib. Tərəflər arasında danışıqlar Avropa İttifaqı və Rusiyanın vasitəçiliyi ilə davam etdirilir.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu açıqlayıb. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

XS
SM
MD
LG