Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

Azərbaycan Ermənistandan Qarabağa yardım getməsinə icazə verəcək, amma…


Hikmət Hacıyev- prezidentinin köməkçisi
Hikmət Hacıyev- prezidentinin köməkçisi

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Reuters agentliyinə deyib ki, Azərbaycan Ermənistandan Qızıl Xaçın yardımının Azərbaycandan Qızıl Xaçın yardımı ilə eyni vaxtda daxil olmasına icazə verəcək.

Onun sözlərinə görə, Bakı ilə Yerevan arasında davam edən sülh danışıqlarını stimullaşdırmaq üçün Laçın dəhlizi və Ağdam yolu eyni vaxtda açıla bilər.

“Bu iki yolun eyni vaxtda açılması təklifi vardı və Azərbaycan bununla dərhal razılaşıb”.

Azerbaijan -- Ilham Aliyev and Antony Blinken hold phone conversation
Azerbaijan -- Ilham Aliyev and Antony Blinken hold phone conversation

O, bildirir ki, bu fikir ABŞ Dövlət katibi Entoni Blinken (Antony Blinken) ilə Azərbaycan przidenti İlham Əliyevin sentyabrın 1-dəki telefon danışığında müzakirə edilib. H. Hacıyev deyir bu danışıqdan bir həftə keçsə də, hələ ki bir hərəkət yoxdur.

Prezidentin köməkçisi həmçinin bildirib ki, Ağdam yolunun bir hissəsinə etnik ermənilər beton maneələr yerləşdirib.

Sentyabrın 7-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də Azərbaycanla Ermənistanı humanitar yüklərin Dağlıq Qarabağa çatdırılması üçün Laçın və digər marşrutları dərhal, eyni zamanda açmaqdan ötrü birlikdə işləməyəçağırıb.

Yuri Kim
Yuri Kim

Ötən ildən...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun faktiki blokadaya alındığını, aylardır Qarabağa Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir.

Ermənistan rəsmiləri Azərbaycanın Laçın dəhlizində bu ilin aprelində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 10 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar yardımın gətirilməsi üçün Ağdam-Xankəndi və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG