Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:13

Paşinyan deyir ki, ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistandan Qarabağa göndərilmiş 400 ton humanitar yük hələ də Laçın dəhlizinin girişində qalıb və Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu avqustun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində deyib.

Amma o əlavə edib ki, buna baxmayaraq müalicəyə ehtiyacı olan və bəzi başqa şəxslərin Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizi ilə “müəyyən hərəkəti” başlanıb.

“Bizə çatdırılan etibarlı məlumatlara görə...”

Nikol Paşinyan bunu da deyib ki, ona çatdırılan etibarlı məlumatlara görə Laçın dəhlizinin birtərəfli açılmasına dair planlar hazırlanır.

Baş nazirin sözlərinə görə “Azərbaycan adamların Qarabağdan çıxışına icazə verilməsi və Qarabağa girişin qadağan edilməsi kimi layihənin üzərində işləyir”.

Paşinyan iddia edib ki, Laçın dəhlizinin ötən dekabrdan bəri bağlanmasına görə hazırda Qarabağın 5 min sakini Ermənistandadır.

O bunu da deyib ki, daha 30 min erməni isə Azərbaycanın 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 7-ci bəndini yerinə yetirmədiyinə görə Ermənistanda qalır.

Üçtərəfli bəyanatın 7-ci bəndi, Yerevanın yeni təklifləri

Paşinyan bir daha iddia edib ki, Bakının bəyanatın 7-ci bəndini yerinə yetirməməsindən məqsəd Qarabağın ermənilərdən təmizlənməsidir.

Sözü gedən sənədin 7-ci bəndinə deyilir ki, “daxili köçkünlər və qaçqınlar BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağa və ətraf rayonlara qaytarılmalıdır”.

Paşinyan bu barədə deyib:

“Bu o deməkdir ki, təkcə Hadrut, Mardakert (Ağdərə-red), Martuni (Xocavənd-red) rayonlarının bir sıra kəndlərindən olan ermənilər deyil, həm də Getaşendən (Göygöl rayonunun Çaykənd kəndi-red), Martunaşendən (Göygöl rayonunun Qarabulaq kəndi-red), Şaumyandan (hazırda Goranboy rayonunun tərkibindədir-red) və başqa rayonlardan olan ermənilər də ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar”.

Nikol Paşinyan habelə deyib ki, “bizdə olan məlumata görə” Bakı müxtəlif bəhanələrlə, amma ardıcıl şəkildə Xankəndi ilə dialoqun baş tutmamasına çalışır və buna görə məsuliyyəti Qarabağ ermənilərinin üstünə yıxır.

Paşinyan bildirib ki, Yerevan Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər verib.

O təkliflərin detallarını açmayıb.

Buna qədər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG