Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:27

NATO-nun Cənubi Qafqaz nümayəndəsi: 'Ermənistan bizə yaxın gəlməyə başlayıb'


Xaviyer Kolomina
Xaviyer Kolomina

Ermənistan hazırda Rusiyadan uzaqlaşır və NATO ilə daha sıx bağlar qurmağa çalışır.

Bunu dekabrın 25-də Gürcüstan dövlət televiziyasına müsahibəsində NATO baş katibinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina deyib:

“Ermənistan çox açıq şəkildə xarici siyasətində bəzi dəyişikliklər etmək, Rusiya ilə müəyyən məsafə saxlamaq qərarına gəlib. Biz bunu alqışlayırıq. Ermənistan vətəndaşları qərarlar qəbul etməkdə azaddırlar və onlar elə bunu qərara alıblar. Mənim nəzərimdə Ermənistan artıq bizə yaxınlaşmağa başlayıb”.

NATO baş katibinin nümayəndəsi əlavə edib ki, indi Ermənistan NATO ilə “daha çox əməkdaşlıq və dialoq istəyir”.

“Yeni alətlər”

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın hakim Vətəndaş müqaviləsi partiyasından deputat Arsen Torosyan Kolominanın dediklərini şərh edərkən bildirib:

“Biz öz səmərəsizliyini nümayiş etdirmiş təhlükəsizlik arxitekturasının bir hissəsi olmuşuq və olmaqda qalırıq. İstənilən rasional suveren dövlət bundan nəticə çıxarmalı və öz təhlükəsizliyini təmin etmək üçün yeni alətlərdən istifadə etməlidir”.

Azatutyun yazır ki, Torosyan dediklərinin baş nazir Nikol Paşinyanın nəticədə Ermənistanı Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxaracağı anlamına gəlib-gəlmədiyini izah etməyib.

Dəyişkən bəyanatlar

Paşinyan sentyabrın əvvəllərində elan etmişdi ki, Ermənistan hökuməti “təhlükəsizlik siyasətini şaxələndirməyə çalışır”, çünki Ermənistanın uzun müddətdir Rusiyaya güvənməsinin “strateji səhv” olduğu üzə çıxıb.

O demişdi ki, Moskva Ermənistanı müdafiə etmək qabiliyyətinə malik deyil, ya da bunu etmək istəmir.

Rusiya Paşinyanın bu bəyanatını və başqa “qeyri-dost addımlarını” pisləmiş, Paşinyanı Qərbin mənafeyinə uyğun olaraq Rusiya-Ermənistan münasibətlərini “dağıtmaqda” ittiham etmişdi.

İki müttəfiq arasında gərginliyin getdikcə artmasına baxmayaraq, Paşinyan və başqa Ermənistan rəsmiləri Ermənistanın xarici siyasət vektorunu dəyişmək niyyətində olmadığını bildirmişdilər.

Lakin Paşinyan KTMT sammitini boykot etdikdən sonra Rusiya belə bəyanatların səmimi olmadığını bildirmişdi.

Buna baxmayaraq Rusiya prezidenti Vladimir Putin bu ayın əvvəllərində demişdi ki, o Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyini düşünmür.

Putin demişdi ki, hazırda Ermənistanda Qarabağla bağlı “mürəkkəb proseslər" gedir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG