Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:23

İqtidar deputatı Ermənistan ordusunda yaşlı könüllülərin olmasını gənclərin çatışmazlığı ilə izah edir


Qagik Melkonyan
Qagik Melkonyan

Ötən həftə Azərbaycan-Ermənistan sərhədində dörd erməni hərbçinin həlak olmasından sonra iqtidar mətbuatı da daxil Azərbaycan mediası diqqəti həlak olan hərbçilərin yaşlarına çəkmişdi.

Ermənistan tərəfinin verdiyi məlumatda bunların arasında 1957-ci il təvəllüdlü Hraçya Ovannisyanın da olduğu bildirilirdi.

Azərbaycan mediası habelə sözü gedən hərbçilərin Yerkrapa könüllü təşkilatının üzvləri olduğunu yazırdı.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan Milli Məclisinin müdafiə komitəsinin üzvü, hakim “Vətəndaş müqaviləsi” partiysından deputat Qagik Melkonyan fevralın 19-da bu barədə danışıb.

O deyib ki, söhbət muzdlulardan yox, Ermənistan ordusunun könüllülərindən gedir:

"Bizdə muzdlular olmayıb, Ermənistanda muzdlu yoxdur. Onlar sadəcə olaraq Yerkrapanın nə olduğunu başa düşmürlər. Bu könüllülər 1990-cı illərdən bəri mövcuddurlar, Ermənistan mövcud olduqca onlar da olacaqlar...”

“Mövqe xidməti”

Azatutyun yazır ki, Yerkrapa Könüllülər İttifaqının onlarca üzvü sərhədin müxtəlif hissələrində “mövqe xidməti” göstərir. Melkonyan israr edib ki, onlar müqaviləli hərbçi sayılır və Müdafiə Nazirliyinin əmrlərinə tabe olurlar:

"Onlar ordunun bir hissəsi olaraq ordunun əmrlərini yerinə yetirirlər. Əgər könüllü sərhəddə dayanıbsa, deməli o bunu Müdafiə Nazirliyinin əmri ilə edir. Onlar müqaviləli hərbi qulluqçu sayılırlar, başqa hərbçilər kimi nazirlikdən maaş, ərzaq payı, uniforma alırlar”.

Azatutyunun yazdığına görə buna baxmayaraq Müdafiə Nazirliyi Yerkrapa üzvünün niyə sərhəd keşiyində olmasını şərh etməyib. Bundan əvvəl parlamentin müdafiə komitəsinin sədri Azatutyuna demişdi ki, Ermənistanda sərhəd keşiyinin çəkilməsi üçün insan resurslarına ehtiyac var və könüllülər Nerkin Andda olduğu kimi orduya kömək edirlər.

“Siz xaricdə kef edirsinizsə...”

Azatutyun yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada erməni diasporasının nümayəndələri ilə görüşərkən ona da belə bir sual verilmişdi. Baş nazirdən soruşulmuşdu ki, sərhədi niyə 67 yaşı olan adam qoruyur?

Paşinyan cavab olaraq demişdi ki, burada mühüm olanı hərbi qulluqçunun yaşı yox, hərbi intizamdır:

"Əlbəttə biz bu cür hallardan nəticə çıxarmalıyıq...Burada problem yaşda deyil. Mən düşünürəm ki, biz sırf hərbi intizamın təmin olunması üçün çox iş görməliyik”.

İqtidar deputatı Qagik Melkonyan isə deyib ki, orduya könüllü kimi xidmətə gələnlər üçün yaş məhdudiyyəti yoxdur:

"Xaricdə rahat yaşayıb tənqid etmək asandır. 67, 70 yaşlı kişi niyə sərhəddə dayanıb? Çünki xaricdə yaşayan əziz və gənc ermənilər, bu sizin işinizdir. Əgər siz burada yoxsunuzsa, hətta 70-80 yaşlı adam da gedib sərhəddə dayanacaq ki, xalqımızı, ölkəmizin təhlükəsizliyini qorusun. Amma siz orda qalıb kef edirsinizsə edin, sizə heç bir sual yoxdur”.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG