Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:47

Mitinqdə saxlananlar işgəncələrdən danışırlar


«Orda dəmir qapı var, polis maşını içəri girir, adamlar düşən kimi içəridə mülki geyimlilər başlayır rezin dəyənəklə döyməyə...»

Müxalifət partiyalarının 2 aprel mitinqində saxlanan hüquq müdafiəçisi Vidadi İsgəndərli Nəsimi rayon Polis İdarəsində necə qarşılandığını belə təsvir edir. Deyir onun yaxasında hüquq müdafiəçisi olduğunu göstərən vəsiqə olsa da polislər buna əhəmiyyət verməyiblər. Onu bir neçə nəfərlə Nəsimi Rayon Polis İdarəsinə aparıblar.

«DƏRMANLARIM ƏLİMDƏN ALINDI»


Vidadi İsgəndərlinin deməsinə görə, o, şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəksə də, polis idarəsinə gətiriləndən sonra dərmanları da əlindən alınıb. Deyir hətta vəziyyətinin pisləşməsinə baxmayaraq dərmanlar ona qaytarılmayıb. Yalnız saxlanmasından iki saat sonra tibbi yardım göstərilib. Ancaq hüquq müdafiəçisinin sözlərinə görə, onunla müqayisədə digərləri daha çox zorakılığa məruz qalıb:

«Hələ bir az yüngül döyülən mən olmuşam. Müsavatçıları, Tofiq Yaqublu, Əhəd Məmmədli, Mustafa Hacıbəylini daha pis döyürdülər. Daha sonra iki gənc qız var idi, onları saçından tutub sürüyürdülər».

«BİZİ SORĞU-SUALSIZ DÖYÜRDÜLƏR»

Aprelin 11-də gecəyarısı həbsdən buraxılan Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, onlar Nəsimi polisinə gətirilən kimi sorğu-sualsız, elə polisin gözü qarşısında idmançı görkəmli şəxs tərəfindən döyülməyə başlayıblar. Tofiq Yaqublunun deməsinə görə, müxtəlif xəsarətlər alsalar da, onların təcili yardım tələblərinə əhəmiyyət verilməyib:

Tofiq Yaqublu
«Məhkəməyə gedənə qədər 6 saat biz qaldıq, israrlı tələblərimizə baxmayaraq bizə təcili yardım çağırılmadı, tibbi yardım göstərilmədi».

Tofiq Yaqublu deyir ona qarşı olan işgəncələri cavabsız qoyan deyil. O, məsələni Avropa İnsan Haqları Məhkəməsinə qədər çıxaracaq: «Bu, bir prinsip məsələsidir. Avropa Məhkəməsinə qədər gediləcək. Artıq ilkin müvafiq orqanlara müraciət olunub».

«DEYİLƏNLƏR POLİSİ GÖZDƏN SALMAĞA XİDMƏT EDİR»


Daxili İşlər Nazirliyində isə polis idarələrində işgəncə və zorakılıq hallarının olması barədə deyilənləri qəbul eləmirlər. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, polis idarələrində işgəncələrlə bağlı deyilənlər saxlanan şəxslərin subyektiv fikri olmaqla yanaşı, həm də polis haqqında mənfi ictimai rəy formalaşdırmağa xidmət edən hallardır. Amma o, hesab edir ki, əgər hansısa vətəndaş polisdə ona işgəncə verilməsini iddia edirsə, o aidiyyatı olan qurumlara müraciət edə bilər:

«Vətəndaş əgər iddia edirsə ki, ona qarşı işgəncə və ya hansı fiziki təzyiq olunub, bu, müvafiq orqanlar tərəfindən araşdırıla, ona cavab verilə bilər».

«MÜŞAHİDƏ KAMERALARINA BAXSINLAR»


Nəsimi rayon Polis İdarəsində işgəncələrə məruz qaldığını iddia edən Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, əgər onların necə döyülməsinə, onlara necə işgəncə verilməsinə Daxili İşlər Nazirliyində şübhə varsa, onların döyüldüyü yerdə iki müşahidə kamerasının yaddaşına baxsınlar. Tofiq Yaqublu hesab edir ki, o kameraların yaddaşına baxmaqla hər şeyi sübut etmək mümkündür.

«HEÇ BİR DÖVLƏT İMİCİNƏ XƏLƏL GƏLMƏSİNİ İSTƏMİR»

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov deyir ki, mitinqlə bağlı saxlananlardan 4-5 nəfəri ona müraciət edib polis idarə və bölmələrində zorakılıqla üzləşdiklərini bildiriblər.

Hüquq müdafiəçisi polis bölmələrində işgəncə faktlarının olması barədə məlumatların rəsmi qurumlar tərəfindən təkzib olunmasını başadüşülən hesab edir.

«Heç bir dövlət işgəncə faktları ilə bağlı imicinə xələl gəlməsini istəmir. Ona görə də müxtəlif bəhanələrlə çalışırlar ki, işgəncə faktlarını ört-basdır etsinlər».

Elçin Behbudov
Elçin Behbudov
deyir ki, işgəncəyə məruz qaldığını bildirən şəxslər yaxşı olar ki, məhkəmələrə müraciət etsinlər. Hüquq müdafiəçisinə görə, işgəncə faktlarına rəsmi qiyməti yalnız məhkəmə orqanları verə bilər.

Xatırladaq ki, 2007-ci ildə Avropa Məhkəməsi Sərdar Cəlaloğlunun şikayətini təmin edib, ona işgəncə verilməsi ilə bağlı Azərbaycan dövlətinin ona 10 min avro təzminat ödəməsi barədə qərar çıxarıb.

2010-CU İLDƏ 169 İŞGƏNCƏ FAKTI

ABŞ Dövlət Departamentinin İnsan Hüquqları ilə bağlı aprelin 8-də açıqlanan illik hesabatında deyilir ki, Konstitusiya və Cinayət Məcəlləsində işgəncələr qadağan edilsə də 2010-cu ildə Azərbaycanda 169 nəfər həbsdə və hərbi xidmətdə işgəncə halları ilə üzləşib. Onlardan da 7-i dünyasını dəyişib.
XS
SM
MD
LG