Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:00

Vaşinqton İran qüvvələrindən müsadirə olunmuş silahları Ukraynaya verib


2021-ci ilin dekabrında ABŞ tərəfindən müsadirə olunmuş silahlar (Arxiv fotosu)
2021-ci ilin dekabrında ABŞ tərəfindən müsadirə olunmuş silahlar (Arxiv fotosu)

Vaşinqton İran qüvvələrinin Tehran tərəfindən dəstəklənən Yəmən hutilərinə göndərilərkən müsadirə olunmuş silah-sursatı Ukraynaya verib.

Bu xəbəri ABŞ hərbiyyəsinə istinadla AFP agentliyi yayıb.

Bu hadisə ötən həftə, Ukrayna hərbçilərinin Rusiya ilə müharibədə silah-sursat qıtlığı çəkdiyi və Ukrayna üçün çoxmilyardlıq yardımın respublikaçı millət vəkilləri tərəfindən Konqresdə bloklandığı vaxta təsadüf edir.

ABŞ Mərkəzi Komandanlığı – CENTCOM-un sosial mediada yaydığı məlumatda deyilir: ABŞ hökuməti 5 minədək AK-47 avtomatını, pulemyotları, snayper tüfənglərini və 500 mindən çox 7.62 mm çaplı sursatı Ukrayna qüvvələrinə verib.

Bəyanatda deyilir ki, bu silahlar Ukraynaya onun Rusiya təcavüzünə qarşı mübarizəsində istifadə üçün verilib və tam bir briqadanın silahlandırılması üçün yetərlidir.

Bu da xəbər verilir ki, sözü gedən silah-sursat 2021-ci ilin mayı və 2023-cü ilin fevralı arasında “heç bir dövlətə aid olmayan” dörd gəmidən müsadirə olunub.

İran qüvvələrindən Yəmən qiyamçılarına

CENTCOM bildirir ki, bu silahlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən Yəməndəki huti qiyamçılarına göndərilmişdi.

Məlumatda qeyd olunur ki, hökumət bu silahlara sahibliyi Ədliyyə Nazirliyi vasitəsilə müsadirə olunmuş mülki mallar kateqoriyasında 2023-cü ilin dekabrında əldə edib.

Hutilər 2023-cü ildən Qırmızı dənizdən və Ədən körfəzindən keçən gəmiləri hədəfləməyə bşlayıblar.

Onlar iddia edirlər ki, bunu Qəzza zolağındakı fələstinlilərlə həmrəylik hərəkəti olaraq edirlər. Lakin hutilərin bu fəaliyyətləri dünyanın ən böyük dəniz yollarından biri ilə hərəkəti və daşımaları təhlükə altına alıb.

CENTCOM-un məlumatında bu barədə deyilir ki, İranın silahlı qruplaşmalara dəstəyi beynəlxalq və regional təhlükəsizliyə, ABŞ-ın və onun müttəfiqlərinin hərbi qüvvələrinə, diplomatik heyətlərinə və vətəndaşlarına birbaşa hədə yaradır.

CENTCOM bildirir ki, İranın bu pozucu fəaliyyətlərinin qarşısını almaq üçün əlindən gələni edəcək.

Ukrayna üçün “dəryada damla”

Vaşinqton Kiyevə belə bir silah transferini oktyabrın əvvəllərində də etmişdi. Onda söhbət İran qüvvələrinin Yəmənə göndərdiyi 1.1 milyon ədəd 7.62 mm çaplı sursatdan gedirdi.

Bütün bunlara baxmayaraq Ukraynanın hazırda daha çox ehtiyacı olan artilleriya və hava hücumundan müdafiə raketləri Konqres respublikaçılarının mövqeyinə görə ötən ildən bəri göndərilməyib.

Onlar Ukrayna üçün həyati əhəmiyyəti olan 60 milyard dollarlıq yardım paketini səsverməyə çıxartmaqdan boyun qaçırırlar.

Birləşmiş Ştatlar Ukraynanı vəziyyətdən çıxarmaq üçün martın 12-də Kiyevə 300 milyon dollarlıq yardım paketini elan edib. Bu paketə antitank silahları, artilleriya sursatı da daxildir.

Bu vəsaitin Pentaqonun qənaət etdiyi pullardan verildiyi bildirilirdi.

Vaşinqton Rusiyanın tammiqyaslı müdaxiləsi başlanandan bəri Ukraynanın ən böyük donoru və silah təchizatçısıdır.

XS
SM
MD
LG