Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:18

The Washington Post: ABŞ Putini Ukraynaya hücum planından daşındırmağa çalışırdı


Kramatorskda dağılmış evlər, 16 avqust, 2022-ci il
Kramatorskda dağılmış evlər, 16 avqust, 2022-ci il

ABŞ mümkün münaqişəni diplomatik yolla nizamlamağın mümkün olmadığını anlayandan sonra Avropada hərbi kontingentini artırmağa başlayır

Birləşmiş Ştatların siyasi rəhbərliyi 2021-ci ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum planlarından xəbər tutub, onu fikrindən daşındırmağa çalışıb. Bu haqda “The Washington Post” irihəcmli araşdırma dərc edib.

Qəzet yazır ki, ABŞ-ın kəşfiyyat, hərbi və diplomatik rəhbərliyi prezident Co Bayden və vitse-prezident Kamala Harrisin qəbuluna gedərək Rusiyanın hücum planlarını ifşa edən peyk təsvirləri, ələ keçirilmiş telefon danışıqları, mənbələrdən alınmış informasiyalar əsasında məruzə ediblər. Qəzet qeyd edir ki, həmin vaxt sərhədi keçərək hücuma başlamaq üçün hər şey hazır idi.

Hücum motivi

WP hücum motivlərindən birini “Putin üçün imkanlar pəncərəsinin bağlanması” ilə izah edir. Ukrayna Aİ və NATO-ya meyllənir, Putinin artıq 69 yaşı var, özünü Rusiyanın Avrasiyada hegemonluğunu bərpa edəcək böyük lider kimi təsdiqləməyə vaxtı çox qalmayıb. Bu arada ABŞ və Avropa da bu işğal planlarına qarşı durmaq gücündə deyil.

Məqalədə deyilir ki, bu dönəmdə Bayden administrasiya Əfqanıstandan qoşunlarını nizamsız şəkildə çıxardaraq alçalmış vəziyyətə düşmüşdü, Almaniyada Angela Merkel hakimiyyətdən gedirdi, yerinə sınanmamış siyasətçi gəlirdi, Fransada Emmanuel Makron ifrat sağçıların dirçəlişi ilə mübarizə aparır, Britaniya isə Breksitdən sonra iqtisadi böhran içindəydi. Koronavirusla mübarizəni davam etdirən Avropa isə Rusiya enerji daşıyıcılarından çox asılıydı.

Kiyevin tutulması haqda mübahisə etməyiblər

Kəşfiyyat məlumatlarına görə, Rusiya 3-4 gün ərzində Kiyevə hücum planlaşdırıb. WP yazır ki, administrasiyada Ukrayna paytaxtının tutulması haqda mübahisə etməyiblər, sadəcə, bunun baş verəcəyi biləcəyi zaman kəsimiylə razılaşmayıblar.

ABŞ təmsilçilərini Putin, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici işlər naziri Sergey Lavrovla danışıqlara göndərib. Nəticə əldə olunmayanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışığa gediblər. Araşdırmaya görə, Zelenski məlumata şübhəylə yanaşıb, çünki Rusiya ordusu daha öncə də “hiylə”yə əl atıb. Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba deyib ki, ABŞ-ın verdiyi konkret kəşfiyyat məlumatı yaxın gələcəkdə gözlənən təcavüzü təsdiqləməyə yetmir. Belə bir informasiya hücumun başlamasına 4-5 gün qalmış verilib.

Noyabrın ortalarına Ukraynanın işğal planları haqda NATO-ya məlumat verilir. Ancaq təhdidi yalnız Böyük Britaniya və Baltik ölkələri ciddiyə alır, “onlar həmişə Rusiyanın niyyətlərinə əsəbi yanaşıblar”, – qəzet yazır.

Avropa liderləri inanmayıblar

“Washington Post” qeyd edir ki, hətta Avropa liderləri, o cümlədən Makron və Merkel Putinin belə irrasional addım ataraq Ukraynaya hücum edəcəyinə inanmayıblar. Ukraynada da baş verənləri dərk etməyiblər.

ABŞ mümkün münaqişəni diplomatik yolla nizamlamağın mümkün olmadığını anlayandan sonra Avropada hərbi kontingentini artırmağa başlayır, 74 mindən 100 minə qaldırdı, eskadrilyanı 12-yə, gəmi sayı 5-dən 26-ya çatdırılır. Milli Təhlükəsizlik Agentliyinin razılığı ilə Ukrayna hərbçiləri ilə ABŞ-ın Avropadakı qüvvələrinin avropalı komandanlığı arasında birbaşa xətt yaradıldı.

Bundan başqa, Bayden administrasiyası Putini hücum bəhanəsindən məhrum etməkdən ötrü gizli informasiyanın əhəmiyyətli hissəsini açıqlamaq qərarı verir. Amerika kəşfiyyatı “yad bayraq” altında hücum planlaşdırıldığını aşkarlayır, yəni, guya Ukrayna özü hücuma başlayır. Bundan başqa, dünya Rusiyanın qərb sərhədinə xeyli qoşun yığdığını öyrənir. Əməliyyata 175 min hərbçinin daxil olduğu 100 batalyon taktiki qrupa qatılacaqdı.

“Hücumdan öncə əhali arasında xaos yaratsaydıq...”

Yanvarın 12-də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ- CIA) direktoru Uilyam Börns Zelenskiyə Rusiyanın Qostomelə desant çıxararaq Kiyevə ildırımsürətli zərbə endirmək, paytaxtı blokadaya almaq, diversant qrupların köməyi ilə, qətl yolu da daxil olmaqla siyasi hakimiyyəti dəyişmək planlarını danışır. Ancaq həyatına təhlükənin olmasına baxmayaraq, Zelenski və ailəsi digər rəhbərlərlə birlikdə Kiyevdən çıxmaqdan imtina edir.

Zelenski deyib ki, əgər ukraynalılara hücumla bağlı məlumat versəydilər, ruslar ölkəni üç günə tutardılar: “Ümumilikdə, daxilən düzgün hiss etmişik: hücumdan öncə əhali arasında xaos yaratsaydıq, ruslar bizi udardılar. Çünki xaos vaxtı adamlar ölkədən qaçır. Nə qədər sinik səslənsə də, indi qalanlar da həmin camaatdır”.

2022-ci il yanvarın 21-də Rusiya və ABŞ-ın baş diplomatları, Sergey Lavrovla Antoni Blinken görüşür. “Washington Post” yazır ki, nəticəsiz danışıqların sonunda Blinken gözlənilmədən Lavrovu bir dəqiqə təkbətək qalmağa dəvət edir və ondan açıq soruşur ki, baş verənlərin əsl səbəbi nədir – NATO-nun fəaliyyətindən narahatlıqdır, yoxsa Putinin Ukraynanın Rusiyaya məxsus olmasına inanmasıdır. Lavrov zalı sakitcə tərk edir. Bu, təcavüzdən qabaq Rusiya və Amerika siyasətçilərinin sonuncu təkbətək görüşü olur.

Zelenskinin təşvişi

Qəzet hücumun əvvəlində Zelenskinin təşvişə düşdüyünü yazır. O, Baydenlə söhbətdə ondan xahiş edib ki, mümkün qədər çox dünya liderləri ilə əlaqə saxlasın, onları inandırsın ki, Putinə zəng edərək hücumu dayandırmasını istəsinlər.

“Washington Post” araşdırmanı Ukrayna prezidentinin guya Baydenlə söhbətdə səsləndirdiyi fraza ilə bitirir. Zelenski xahiş edib ki, “indi əlinizdə olan bütün kəşfiyyat məlumatlarını bizə verin. Biz vuruşacağıq, müdafiə olunacağıq, duruş gətirə bilərik, ancaq bizə köməyiniz lazımdır”.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib. Müharibənin əvvəlində paytaxt Kiyevi tuta bilməyən Rusiya qüvvələri sonradan ölkənin şərq və cənub hissələrində əməliyyatları intensivləşdirib.

XS
SM
MD
LG