Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:11

FIDE-yə ukraynalı deyil, rusiyalı rəhbər seçildi


Arkadi Dvorkoviç
Arkadi Dvorkoviç

Barışpolets səsvermədən öncə deyib ki, Dvorkoviçin “Rusiya hökumətilə nəhəng əlaqələri” var

Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FIDE) başçısı seçilib. Ukraynalı rəqibi isə onu Moskvanın “müharibə maşını”nın tərkib hissəsi adlandırıb.

Avqustun 7-də FIDE-nin Hindistanda keçirilən baş assambleyasında 179 milli şahmat assosiasiyasından 157-si Dvorkoviçə səs verib.

Onun rəqibi, ukraynalı qrossmeyster Andrey Barışpolets isə cəmi 16 səs yığıb.

“Dvorkoviçə azarkeşlik edirdik”

Kremlin sözçüsü Dmitri Peskov Dvorkoviçin qələbəsini alqışlayıb, bunu “çox vacib, qlobal hadisə” adlandırıb. “Əlbəttə ki, biz, Rusiya vətəndaşı olan Dvorkoviçə azarkeşlik edirdik”, – o, Rusiya mediasına deyib.

Kreml fevralın sonunda Ukraynaya səbəbsiz təcavüzə başlayandan Rusiyanın bir sıra rəsmiləri Qərbin sanksiyaları ilə üzləşiblər. Rusiyalılar saysız beynəlxalq idman qurumlarının idarə heyətlərindən uzaqlaşdırılıblar.

2012-2018-ci illərdə baş nazir müavini olmuş, 50 yaşlı Dvorkoviç isə vəzifəsini saxlayıb.

Barışpolets səsvermədən öncə deyib ki, Dvorkoviçin “Rusiya hökumətilə nəhəng əlaqələri” var.

“Arkadi, sən hazırda Ukraynada baş verənlər üçün məsuliyyət daşıyırsan. Sən Rusiya hökumətinin qurulması və Rusiyanın hərb maşını üçün məsuliyyət daşıyırsan. Biz şahmat dünyasında buna necə yol verə bilərik?”, – o deyib.

Tənqiddən geri çəkilməsi

Dvorkoviç isə deyib ki, “Ukraynadakı faciəvi hadisələrlə bağlı qəti mövqedədir”, Rusiyanın FIDE-də iştirakının azaldılmasını dəstəkləyib.

Dvorkoviçin martda dedikləri Rusiyanın işğalının tənqidi kimi görünüb, bir müsahibəsində deyib ki, “fikirləri Ukraynanın dinc sakinlərinin yanındadır”.

Bu sözlər Rusiyanın narazılığına səbəb olandan sonra o başqa cür danışıb, deyib ki, “nasizmə, yaxud bəzi ölkələrin digərləri üzərində üstünlüyünə yer yoxdur”.

Kreml Ukraynaya təcavüzünü bu ölkədə guya nasizmin məhvi, Qərbin hegemonluğunun aradan qaldırılması ilə izah edir.

XS
SM
MD
LG