Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:46

'Bonayredə yaşayanların hüquqları Azərbaycan xalqından çox qorunur'


Niderland kraliçası Maksima və kralı Villem-Aleksandr Bonayredə "Rinkon günü" şənliyində uşaqların əhatəsində.
Niderland kraliçası Maksima və kralı Villem-Aleksandr Bonayredə "Rinkon günü" şənliyində uşaqların əhatəsində.

Avqustun 22-də Azərbaycanda Bakı Təşəbbüs Qrupu və Bonayre İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatın təşkilatçılığı ilə "Bonayre adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı beynəlxalq konfrans keçirilib.

Müzakirələrdən sonra konfransın yekunlarına dair bəyannamə qəbul edilib. Sənəddə vurğulanır ki, "müstəmləkə şəraitində mövcudluğunu davam etdirən" Bonayre xalqının bütün fundamental hüquq və azadlıqları Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinin tələblərinə uyğun təmin olunmalı, beynəlxalq ictimaiyyət onun ərazisində yaşayanların problemlərinə diqqət yetirməlidir.

Tədbirə Bonayredən qatılanlar da demişdilər ki, onların dəyərlərinə hörmət edilmir. Üstəlik, Bakı Təşəbbüs Qrupu ilə Bonayredən olan siyasi təşkilatlar arasında memorandum imzalanıb.

Adanın tarixi

Bonayre Niderlandın ərazi vahididir. Karib dənizində, Venesuela sahilindən 90 km şimalda yerləşən adanın ərazisi 288 km²-dir. 2023-cü ilin statistikasına görə, əhali sayı 24 min nəfər olan adanın rəsmi dili Niderland və papyamentodur. Avropalılar sözügedən əraziyə XV əsrin sonlarında gəliblər. Niderlandlılar oranı 1633-cü ildə işğal ediblər.

"Niderland zülmündən Bakıya sığınanlar"

Azərbaycanda bundan əvvəl Fransanın nəzarətində olan Yeni Kaledoniya ilə bağlı müdafiə tədbirləri keçirilirdi. Orada da azadlıqlar məsələsi gündəliyə gətirilmişdi. Fransa rəsmiləri isə bu il Yeni Kaledoniyada baş verən etiraz və iğtişaşlar zamanı Azərbaycandan olan bir çox sosial şəbəkə istifadəçilərinin bu məsələlərə müdaxilə etdiyi qənaətinə gəlmişdilər. Hətta onların hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə bağlantılarının olduğu açıqlanmışdı. Hərçənd YAP-dan bunu təkzib etmişdilər.

Fransa hökuməti Yeni Kaledoniyada son 10 ildə məskunlaşmış şəxslərin lokal səsvermələrdə iştirakına imkan verən qanunu qəbul etməyi planlaşdırırdı və bu da yerli əhalinin etirazlarına səbəb olmuşdu.

Başqa tərəfdən, Azərbaycan son illər, bir qayda olaraq, Qərb ölkələrini onun daxili işlərinə qarışmaqda ittiham edir. Bəs Bakıda belə tədbirlərin keçirilməsi həmin ölkələrin daxili işinə qarışmaq sayılmazmı?

Avqustun 22-də Bakıda baş tutan konfrans hakimiyyətə yaxın bəzi media qurumlarında oxuculara "Niderland zülmündən Bakıya sığınanlar" başlığı ilə təqdim edilmişdi.

Fəzail Ağamalı
Fəzail Ağamalı

"Bu mübarizənin dünya miqyasında müəllifi Azərbaycandır"

Milli Məclisin deputatı, hakimiyyətə yaxınlığı ilə seçilən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Turan"a bildirib ki, son vaxtlar Yeni Kaledoniyada və Bonayredə müstəmləkəçiliyin eybəcər formalarına qarşı yeni mərhələ başlayıb: "Bu mərhələ müstəqillik, azadlıq və istiqlal uğrunda mübarizə mərhələsidir. Mən tamamilə əminəm ki, bu proses uğurlu sonluqla bitəcək".

F.Ağamalının sözlərinə görə, müasir müstəmləkəçiliyin eybəcər formalarının aradan qaldırılması uğrunda bu mübarizənin dünya miqyasında müəllifi Azərbaycan və ölkə prezidentidir: "İlham Əliyev bir neçə ay bundan öncə böyük tribunalardan Fransanın müstəmləkəçilik sisteminə qarşı məsələni qaldırdı. Bununla bağlı Azərbaycanda aparılan olduqca ciddi əhəmiyyət kəsb edən fəaliyyət bu məsələni dünya miqyasında aktuallaşdırıb. Müasir müstəmləkəçiliyə qarşı mübarizənin önündə bu gün Azərbaycan gedir".

Onun fikrincə, bu, həm də Azərbaycan dövlətinin bəşəri dəyərlərə çox böyük üstünlük verdiyini nümayiş etdirir: "Bununla Azərbaycan insan haqlarının və azadlıqlarının təmin olunmasına töhfə verir. Azərbaycan prezidenti nəinki regionun sülh təminatçısı kimi çıxış edir, həm də türk dünyasını genişləndirmək üçün böyük işlər görür. Eyni zamanda, dünya miqyasında bəşəri dəyərlərə kölgə salan, insan haqlarını boğan halların aradan qaldırılması uğrunda bir lider olaraq öz ölkəsi ilə bərabər mübarizə aparır".

Azər Qasımlı
Azər Qasımlı

"Heç bir mənası olmayan tədbirlərdir"

Bu fikirlərə, hələlik, Niderlandın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı AzadlıqRadiosuna bildirib ki, istər Yeni Kaledoniyada, istərsə də Bonayredə yaşayan insanların hüquqları Azərbaycan xalqının hüquqlarından daha çox qorunur: "Orada olan əhali daha yaxşı yaşayır, nəinki Azərbaycan xalqı. Bunu statistik olaraq müqayisə edib görmək olar. Onların həm sosial, həm insan hüquqları vəziyyəti daha yaxşıdır".

Onun fikrincə, öz ölkəsində insan hüquqlarını ciddi pozan bir iqtidar başqa ölkədə azadlıqlardan danışa bilməz.

A.Qasımlının sözlərinə görə, Azərbaycanın milli maraqları baxımından bu, olduqca yanlış, heç bir mənası olmayan bir tədbirlərdir: "Bu, iqtidarın əlində sadəcə bir oyuncağa çevrilib və ölkə daxilində özünü daha güclü, dünya çapında bir oyunçu rolunda olduğunu göstərmək məqsədi ilə edilir. Bunların hamısı manipulyasiyadır və daha çox dünyada insan haqlarını, demokratiyanı gözdən salmaq, dünya nizamını dağıtmaq istəyən avtoritarların əlinə oynayır".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan iqtidarının Fransa və Niderlandla münasibəti hazırda yaxşı deyil: "Ona görə də Yeni Kaledoniya və Bonayre məsələsi ilə onları sanki cəzalandırmaq istəyir. Amma Azərbaycanın bunun üçün resursları yetərli deyil".

Xatırlatma

Son illər istər Fransa, istərsə də Niderland parlamentində Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı müzakirələr gedib. Buna səbəb kimi ölkədə hüquq pozuntuları misal göstərilib. Amma Azərbaycan rəsmiləri hesab edirlər ki, bu məsələlərin kökündə ölkəyə qərəz dayanır. Onların fikrincə, Azərbaycanın son illər Ermənistanla müharibədən sonra öz ərazi bütövlüyünü bərpa etməsi sözügedən ölkələrdə qərəzlə qarşılanıb. Azərbaycan rəsmiləri Qarabağ münaqişəsi ilə bağlı onilliklərlə aparılan sülh danışıqlarında vasitəçi olan ATƏT-in Minski qrupunda həmsədrlərdən biri - Fransanı birtərəfli olmaqda günahlandırıb. Hərçənd həm Fransada, həm də Niderlandda rəsmilər belə fikirləri qəbul etməyiblər.

XS
SM
MD
LG