Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

Rauf Mirqədirov: 'Bunun Mehriban Əliyeva üçün mənfi tərəfi də var'


Rauf Mirqədirov.
Rauf Mirqədirov.

Söhbətə başlaya bilmək üçün 8 yaşlı qızından otaqdan çıxmasını istəyir. Qızı bu istəyi etirazla qarşılayanda, o, təmkinlə söhbəti tez başa vuracağına söz verir. Bir saatı aşan söhbətə elə qızlarından danışmaqla başlayır.

AzadlıqRadiosu-nun həmsöhbəti siyasi şərhçi, dövlətə xəyanətdə ittiham edilən və bir il öncə azadlığa buraxılan, indi mühacir həyatı yaşayan Rauf Mirqədirovdur.

O biri - 15 yaşlı qızının iki ilə, həm də asanlıqla alman dilini öyrəndiyini, İsveçrədəki ən yaxşı, nüfuzlu gimnaziyalardan birində oxuduğunu söyləyir: “Dilləri tez mənimsəyir. Balaca vaxtından tez-tez məktəb dəyişib, gah rus, gah türk məktəbində oxuyub. Böyük qızım daha tez uyğunlaşır duruma”.

Buna da bax:​ 'Bu sual Azərbaycan-Rusiya münasibətlərinin əcaibliyini ortaya çıxardı'

Balaca qızınınsa, əksinə, mühitə çətin alışdığını deyir. Özünü 8 yaşlı qızının yanında daha çox günahkar sayır. “O, 8 aylıq olanda Bakıdan Ankaraya köçdük. Orda daha çox evdə olurdum. Ata-anasını yanında görməyə adət etmişdi. Həmin hadisələr onun üçün çox çətin, ağır keçdi. İndiyədək onun təsirindən tam çıxa bilmir. Türkiyəni yada salmaq istəmir, çünki məni onun yanında, avtobusda həbs etdilər polislər... Burdasa tam başqa mühitdir. İki il mənsiz qalıb. Tam başqa çətinliklər görüb. Bağçada ünsiyyət və dil öyrənmək çətinliyi var. Üstəlik, burda mentalitet də fərqlidir...”.

Yaşlı anasından danışır: “Mənə deyir ki, yaxşıdır. Amma anlayıram ki, təkbaşına küçəyə çıxa bilmir. Gəzmək problemi var, həm yaş, həm də xəstəliklər... Çətindir”.

“Özünüzlə apara bilmədiniz?” sualını belə cavablayır: “İxtiyarım yoxdur, hələ status almamışam...”.

Buna da bax: Dağlıq Qarabağ-2017: "sərt seçim"

– İsveçrədə neyləyirsiniz?

– Hərdənbir yazılar yazıram. “Ayna”da, “Zerkalo”da çıxır. Uzun illər gərgin iş rejimində çalışmışam, sonradan təcrid dövrü başlandı. İndi daha çox ailəmlə istirahət edirəm. Çox oxuyuram... Siyasi mühacir statusu üçün müraciət etmişəm. Bu yaxınlarda cavab almalıyam.

– Son illər Azərbaycandan köç başlanıb. Azərbaycanı tərk etməyə insanları nə vadar edir?

– Azərbaycandakı vəziyyəti xırdalamaq artıqdır. Ortam çox gərgin və ağırdır. Normal, daha doğrusu, azadfikirli insanın yaşamasına şərait yoxdur. Bu gün Azərbaycanda gözlənilən bir köç başlanıb. Daha çox orta yaşı keçmiş insanlar köçürlər. Bəlkə də bu yorğunluqla bağlıdır. Ömürboyu mübarizə aparmaq olmaz. Mənən, fiziki baxımdan aşınma baş verir. Ömürboyu stress altında yaşayanda, təzyiqlərə məruz qalanda insan da yorulur. Ona görə daha rahat ortamda yaşamaq istəyirsən. Mən görürəm ki, bizim nəslə mənsub insanların çoxu köçüb. Hadisələr başlarkən, biz cavanıydıq, indi yaş 50-ni ötüb. Cavanlar çox gedirlər xaricə. Bu, daha çox təhlükəlidir. Bu o deməkdir ki, bizi gələcəkdən məhrum edirlər. Biz nə bacarmışıq etmişik. Çox şey də bacarmamışıq, əslində. Günahımız da ondadır ki, çox şey bacarmamışıq, bu gün azad və demokratik ölkə qura bilməmişik. Amma nəsə etmişik, bizim bundan artıq edəcəyimiz bir şey yoxdur. İstənilən halda, ölkənin gələcəyi bizimlə bağlı deyil. Gələcək gənclərlə, orta nəsillə bağlıdır. Təəssüflər olsun ki, onlar da gedirlər. Bunun da ağrısını çox çəkəcəyik. Azərbaycanı gələcəkdən məhrum edirlər.

Buna da bax:​ Mehriban Əliyevanın siyasəti ərindən fərqlənəcəkmi? [video]

– Bu yaşdan sonra gedib orda, tanımadığınız ortamda yaşamaq, yeni əlaqələr qurmaq, yeni dostlar qazanmaq, dil öyrənmək və... hər şeyə sıfırdan başlamaq yəqin çox çətindir?

– Dostlarım yoxdur yanımda. Bu, çox ağrılı bir şeydir. Bacım, anam, qohumlarım Bakıdadır. Amma... Ankarada məni avtobusdan əliavtomatlı polislər qolumu buraraq çıxardılar. O vaxt qızımın gözlərini gördüm. 4 yaşı vardı. Təəccübdən bərəlmiş gözlərini gördüm. Uşaq üçün anlaşılmaz hadisə baş verirdi. Onu heç cür yaddan çıxara bilmirəm... Mən çox yorulmuşam. Bəli, dostlarımı itirdim. Onlarla ancaq telefonda danışa bilirəm. Onlarla yeyib-içə, bir məclisdə otura bilmirəm. Həmkarlarımla görüşüb söhbətləşə bilmirəm, o ortam mənim üçün vacib idi. Amma bu yaşda insana həyat yoldaşı, balaca uşaqları, onların rahatlığı, təhlükədən uzaqlığı daha önəmli olur. Onların qarşısında borcum var. Axı əvvəlki həyatımız da rahat olmayıb. Son iki ilsə lap əzablı dövr idi. Artıq onlara əzab gətirmək istəmədim. Və... təbii ki, yorulmuşam.

– Yorulduğunuzu deyirsiniz. Bu, həbsdə yaşadıqlarınızla bağlıdır? Həbsdə olduğunuz müddət haqda çox danışmağı sevmirsiniz, deyəsən...

– Birincisi, təkadamlıq kamerada 23 ay qalmağın özü işgəncədir, əziyyətdir. Ancaq yalan danışmaq istəmirəm. Təyyarədən düşəndə qolumu burub qandallamağı saymasaq, mənə fiziki işgəncə verməyiblər. Təhdid etməyiblər. Müəyyən mənəvi təzyiqlər olub. İşarə edirdilər ki... Gəlin bu haqda danışmayaq...

Buna da bax: 'Özünə və xalqına hörmət edən dövlət başçısı bunu etməməli idi'

– “Rauf Mirqədirov niyə dövlətə xəyanətdə ittiham edildi” sualına anlaşıqlı cavabınız var?

– Başqa ittiham tapa bilməyiblər, görünür. Azərbaycanda bir neçə maddəylə tuturlar jurnalistləri. Narkotik ittihamı, xuliqanlıq, vergidən yayınma... Mən Azərbaycanda deyildim, narkotikə və ya xuliqanlığa görə tutdurub bura gətirə bilməzdilər. Heç vaxt qrant da almamışam. Ona görə bu maddə qalırdı. Bu, Rusiyanın sifarişi idi. “Zerkalo”nu bağlamaq, məni də tutmaq lazımmış... Mənə şərəfdir ki, düşünən insanlar üçün uzun zaman bir meydança olan “Zerkalo”da işləmişəm, özü də orda axırıncı çarx olmamışam.

– Dil öyrənə bilirsiniz?

– Status alandan sonra kursa gedə biləcəyəm. Onda başlayacağam.

– Son günlər burda baş verənlərdən nə düşünürsünüz?

– Nəyi nəzərdə tutursunuz?

Buna da bax:​ Qərbdən Əliyevanın təyinatına nə üçün müsbət reaksiyalar gəlmir? [müsahibə]

– Birinci xanım birinci vitse-prezident təyin edildi. Niyə bu addımı atmalı oldular?

– Bəzən bunun nə demək olduğunu düşünürəm. Bəlkə ambisiyaların gerçəkləşdirilməsidir. Bəlkə də “de-fakto”nun “de-yure”yə çevrilməsidir. Ətrafa inamsızlıqla da bağlı ola bilər. Fors-major situasiyada aparıcı həlqənin məhz icra hakimiyyəti, ailə üzvlərinin olması da ola bilər. İndi Vasif Talıbovun vitse-prezident gətiriləcəyindən çox danışılır. Biz Azərbaycanda hakimiyyətin, faktik olaraq, iki dəfə bir əldən başqa ələ keçməsinin - Ayaz Mütəllibov və Əbülfəz Elçibəyin hakimiyyətdən uzaqlaşdırılmasına şahid olmuşuq. Hər iki halda parlament aparıcı rol oynamışdı və hər iki situasiyada parlament baş verənlərə konstitusion don geydirmişdi. Hər iki halda Milli Məclis həmin qərarları qəbul etməklə hakimiyyətdə olan şəxsə xəyanət etmişdi. O qərarların vacibliyi, səmərəliliyi barədə mübahisə etmək olar, amma parlament xəyanət etmişdi. İndiki parlament də, demək olar, keyfiyyət baxımından dəyişməyib. Konstitusiyaya dəyişikliklərdə, son təyinatlarda da məqsəd mümkün hakimiyyət dəyişikliyində kənar institutların rolunu sıfıra endirməkdir. Yəni alver parlamentdə baş verməyəcək. Hakimiyyət dəyişikliyinə konstitusion don geydirmək üçün alver birbaşa icra hakimiyyətində gedəcək. Bəlkə də Mehriban Əliyevanın təyinatının səbəbi budur. Bunun Mehriban Əliyeva üçün mənfi tərəfi də var.

– Nədir o mənfi tərəf? Onunla bağlı miflərin yoxa cıxması?

– İndiyəcən icra hakimiyyətində nə baş verirdisə, onların heç birinə Mehriban Əliyeva cavabdeh deyildi. Parlamentin üzvüydü, adı “Eurovison”un, Avropa Oyunlarının keçirilməsində, amnistiyaların verilməsində hallanırdı. Bunun arxasında nələrin baş verməsi başqa məsələdir. İcra hakimiyyətinin həm neqativ, həm də pozitiv addımlarına hüquqi baxımdan heç bir məsuliyyət daşımırdı. O cümlədən də insan haqları, demokratiya və s.-lə bağlı. Ancaq birinci vitse prezident kimi birbaşa məsuliyyət daşıyacaq. Hakimiyyət atdığı addımın pozitiv tərəfi ilə yanaşı, gərək neqativ tərəfi haqda da düşünsün.

Buna da bax:​ Mehriban Əliyeva: 'Biz çox götür-qoy etdik...'

Konstitusiyaya dəyişikliyin bir neqativ tərəfi də var və bu, böyük təhlükə yarada bilər. Bunun üzərində düşünmək lazım idi. Bu gün Konstitusiyaya dəyişiklik nəticəsində elə bir imkan yaranıb ki, küçədən keçən bir insan heç bir nəzarətedici prosedur olmadan dövlət başına gələ bilər. Birinci vitse-prezidenti, vitse-prezidenti prezident özü təyin edir, özü işdən çıxarır. Heç olmasa, baş naziri parlament təsdiqləməlidir. Təsəvvür edin, nə qədər təhlükəli vəziyyət yaranıb. Cənubdan, şimaldan çox ciddi təzyiqlərə məruz qalan Azərbaycanda kimi hakimiyyət başına gətirmək istəyə bilərlər? Fors-major situasiyanı kim, nə üçün yarada bilər? Hətta 1992-93-cü illərdəki hakimiyyət dəyişiklikləri bunun yanında toya getməli ola bilər. O zaman parlamentdə müəyyən maraqlar vardı, onları uzlaşdırmaq və əldə edilən razılığa əməl etmək lazım idi. İndisə bütün lider həlqələr aradan götürülüb. Bu insan seçkili orqandan keçmir, hətta Konstitusiya Məhkəməsinin təsdiqi lazım deyil. Bu, təhlükəlidir. Mən şəxsin haqqında danışmıram. Bu gözlənilən idi. Bu, pozitiv nəticələrə yol açacaq, ya neqativ, - bilmirəm. Hələlik, dəyişiklik görmürəm. Köklü islahatların baş verəcəyini də düşünmürəm. İslahatlar həyat tərzidir, düşüncə, davranış tərzidir, fəlsəfədir. Xüsusi hallarla bağlı müəyyən yumşalma ola bilər, bunu istisna etmirəm. Amma bütünlükdə yeni sistemin bizə gələcəkdə gətirə biləcəyi təhlükəni ciddi müzakirə etməmişik.

XS
SM
MD
LG