Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:00

Heybət niyə dükanını bağlayıb, oturub evində...


İllüstrasiya
İllüstrasiya

►Bir zamanlar dükanından camaata nisyə mal verirdi, indisə özü...

“Ərzaq satırdım. Hər ay "vergi"yə ver, "fövqəladə"yə ver, “sanepidemstansiya”ya ver, polisə ver, baytarlığa ver… Baxdım ki, qazandığımın üstünü düzəldib bunlara verirəm. Axırda polisdən gəldilər ki, “mağazaya ya kamera qoymalısan, ya da 2 min manat ver”. Eyni vaxtda vergidən də gəldilər ki, “bütün mağazalardan 10 min manatdan yığırıq. Ya ver, ya mağazanı bağla”. Qısası, qərara gəldim ki, ikincisi daha məsləhətlidir”.

Keşlədə kiçik bir ərzaq köşkü işlədən Heybət Məmmədov 1 ildir ki, köşkün qapısından qıfıl asıb, gedib oturub evində…

Səbəbini özü yuxarıda açıqladı. Deyir, əlbəttə ki, bir əl qazananda, o biri əlin verməsi savabdır. Ancaq daha belə də yox:

“İndi vəziyyət belədir ki, bir əl qazanmır, ancaq o biri ələ dirəşirlər ki, “verməlisən, vəssalam”. 1 ildir oturmuşam evdə… 6 uşaq saxlayıram. Onlar böyüdükcə, ürək də şişir. Bunların gələcəyi necə olacaq? Ümidim o balaca köşkə idi ki, heç olmasa, azdan-çoxdan, qəpik-qəpik bir kənara atıb uşaqları oxudaram”.

Heybətin əlində mağazadan nisyə ərzaq alanların siyahısı var. Qalın bir dəftərdi. Deyir, mağazanı bağlayandan sonra bir neçə borcluya xəbər yollayıb ki, dar günüdür, gətirib borcu ödəsinlər. Səs çıxmadıqca, dəftəri atıb evin bir küncünə…

“Bilirəm ki, hamı mənim günümdədir. Kim istəyər ki, nisyə çörək, şəkər tozu alsın? Adamların üstünə getmək olmaz, əlbəttə… Nə vaxt olar, gətirib verərlər, inşallah…”

"200 MANATDAN ÇOX MAAŞ VERƏ BİLMƏRİK"

Buna da bax: Azərbaycanda bu adlar qadağan olundu

Acınacaqlısı odur ki, vaxtilə hamıya nisyə ərzaq verən Heybətin özü indi bir çox mağazalardan nisyə çörək alıb yeyir. Pulunu da aylarla verə bilmir.

Heybət iş üçün Məşğulluq Mərkəzinə, tikinti obyektlərinə üz tutub. Heç birindən kar aşmadıqda karxanaya daş atmağa gedib. Bir ayağı axsadığına görə işə götürməyiblər:

“Hansı tikinti yerinə getdimsə, dedilər, “əvvəla, 200 manatdan çox maaş verə bilmirik. Onun da vergisini özün ödəməlisən. Belə də ki, heç işə götürmək imkanımız da yoxdur, çünki işlər dayanıb, fəhlələr hərəsi bir tərəfə dağılışıb””.

Heybətə görə, iş yerlərinin yalnız sayı var, özü yoxdur. Olanlarda da maaş o qədər azdır ki, razılaşa bilmirsən:

“Məşğulluq idarəsi də azmaaşlı işlər təklif edir. Təbii ki, imtina etməli olursan. 240 manat maaşla 8 nəfərlik ailəni necə saxlayasan? Onların da əlinə fürsət düşür, bir akt tərtib edirlər ki, “iş təklifi olundu, imtina edildi”. Bu, baş aldatmaqdır. Yalandan yazırlar ki, “iş yeri açırıq”. Hamısı saxta, şişirdilmiş rəqəmlərdir”.

Buna da bax: «Bit bazarı»ndan reportaj

İŞSİZLİKDƏN İCBARİ SIĞORTA OLACAQ

İşsizlikdən sığorta işsizlər üçün müavinət kimi ödəniləcək və bu, imkan verəcək ki, işsiz qalan şəxs müəyyən müddət ərzində işsizlik müavinəti alsın. Bu müavinətlər həmin şəxsin rəsmi əmək fəaliyyəti zamanı özü tərəfindən vaxtilə edilmiş ödənişlər hesabına həyata keçiriləcək.

Bəs nə etməli? Heybət özünün də dediyi kimi, bu dar məqamda hansı yola əl atsın ki, evə çörək apara bilsin? 1 ildir ki, bu sual ətrafında düşünür. Deyir, yeganə sualdır ki, Azərbaycanda cavabı tapılmır.

Ölkədə işsizlikdən icbari sığorta sistemi yaradılacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Artıq bu barədə qanun layihəsi hazırlanıb. Nazirlikdən deyilənə görə, layihə ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işsizlikdən sığortası ilə bağlı hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edir. İşsizlikdən sığorta işsizlər üçün müavinət kimi ödəniləcək və bu, imkan verəcək ki, işsiz qalan şəxs müəyyən müddət ərzində işsizlik müavinəti alsın. Bu müavinətlər isə həmin şəxsin rəsmi əmək fəaliyyəti zamanı özü tərəfindən vaxtilə edilmiş ödənişlər hesabına həyata keçiriləcək. Müvafiq strukturlarla razılaşdırıldıqdan sonra qanun layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi gözlənilir.

Buna da bax: Gəmiçilərin maaşı kəskin artıb

MAAŞIN 70 FAİZİNƏ QƏDƏR...

Ekspert Elxan Əskərov deyir, hazırda Azərbaycanda işsizlərin sosial müdafiəsi üsullarından biri işsizliyə görə müavinətdir:

““Məşğulluq haqqında” qanuna görə, işsizlik statusunu məşğulluq mərkəzlərində almaq olar. Əgər bu mərkəzdə qeydiyyata alınan şəxs 10 gün ərzində işə təklif almırsa, ona rəsmi olaraq işsiz statusu verilir və işsizlikdən müavinət ödənilməsinə başlanılır”.

Ekspert hesab edir ki, işsizlik müavinətinin məbləği müxtəlif meyarlar əsasında hesablanır və vətəndaşın sonuncu iş yerində aldığı əmək haqqının 70 faizi həcminə çata bilər.

İşsizlik müavinəti Heybətin yarasına məlhəm olacaqmı? Bax, bunun cavabını Heybət gələcəkdə əlinə müavinət alanda deyəcək.

XS
SM
MD
LG