Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Şikayət: 'Benzinə nəsə qatılır'


Sürücü: 'Benzinin keyfiyyəti - sıfır'
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Sürücü: 'Benzinin keyfiyyəti - sıfır'

Son günlər sürücülər benzinin, xüsusən də A-92 markalı benzinin keyfiyyətinin pisləşməsindən şikayətlənirlər. Məsələ artıq sosial şəbəkələrdə müzakirə olunur. Məsələn, “Yeni Müsavat” qəzetinin yazarı Xalid Kazımlı “Facebook”da yazır: “Dünən Tovuza gedərkən iki ayrı-ayrı və ikisi də təzə, saz maşında eyni problemi yaşadıq. Avtomobillər yolun yarısında boğuldu, çəkmədi, qaz verəndə titrədi... Premium markalı benzin əlavə edəndən sonra bir az babatlaşdılar. Sizcə, bu problem benzindən (A-92) qaynaqlanıb, yoxsa aran yolunun istisindən?”

Kazımlıya cavab yazanların böyük əksəriyyəti problemin benzindən qaynaqlandığını, özlərinin də bənzər problemlərlə qarşılaşdıqlarını deyirlər, onların avtomobilə benzin vurduqdan sonra yaşananlarla bağlı təsvirləri də üst-üstə düşür. Bəziləri avtomobillərini ustaya apardıqlarını, ancaq orda da eyni cavabla rastlaşdıqlarını qeyd edirlər. Məsələn, Vasif Həsənli yazır: “Dünən axşam mən də maşına 92 benzin vurdum, sürəndə motor titrəyir. Əvvəl belə problem yox idi. Çox güman ki, benzinə nəsə qatılır”.

Buna da bax:​ 'Benzin əvəzinə hava'

Sürücü Qoşqar Mürşüdlü AzadlıqRadiosu-na danışır ki, o da son vaxtlar, xüsusən də son bir həftədə A-92 markalı benzinin keyfiyyətindən narazıdır: “Bugünlərdə yanacaqdoldurma məntəqəsində benzin vuran oğlandan soruşdum ki, ‘sən Allah düzünü de, benzinə nəsə qatırsınız?’ Qımışdı. Sonra astaca başını tərpətdi, ‘Vallah özümüz də bezar olmuşuq’ dedi. O oğlan kimdi ki, ona nə deyəsən. Amma adamın vicdanı olar da, onsuz da qiyməti qaldırmısınız. Barı keyfiyyəti də qaldırın. Bunlar, əksinə, keyfiyyəti bir az da öldürürlər”.

“Azpetrol”: “Bir həftə sonra zəng vurun”

"Azpetrol"
"Azpetrol"

AzadlıqRadiosu bu iddialarla bağlı yanacaqdoldurma məntəqələrindən bir neçəsiylə əlaqə yaratmağa çalışıb. Azərbaycanda 70-dən artıq yanacaqdoldurma məntəqəsi olan, “halallıq, müştəri məmnunluğunun təmin edilməsi” kimi keyfiyyətlərlə bağlı vədlər verən “Azpetrol LTD” MMC-dən cavab almaq mümkün olmur. Operator sualımızı dinlədikdən sonra “Gözləyin” deyir və qurumun “yüksək xidməti” haqda mahnını dinləməklə 11-12 dəqiqə keçir və qəfil əlaqə kəsilir. İkinci zəngdə operator həmin məsələyə cavabdeh olan şəxsin – Camal Zeynalovun məzuniyyətdə olduğunu, bir həftə sonra zəng vurmağımızı istəyir. “Ola bilməz ki, şirkətdə onu əvəzləyəcək ikinci şəxs olmasın” dedikdən sonra 5-6 dəqiqə kiminləsə məsləhətləşir və eyni cavab verir: “Bir həftə sonra zəng vurun”.

Buna da bax: Azərbaycanda sürücülər benzinin keyfiyyətindən dad deyir

AzadlıqRadiosu-nun “SOCAR Petroleum” QSC ilə əlaqə yaratmaq səyləri də boşa çıxır. Qurumun saytında qoyulan əlaqə nömrəsinə cavab verən də olmur, avtocavabda sadəcə, “Zənginizə cavab verilməsini gözləyin” eşidilir.

“ABU Petrol”: “Belə bir şey mümkün deyil”

"ABU petrol"
"ABU petrol"

ABU Petrol”dan isə deyilənlər təkzib olunur: “Belə bir şey mümkün deyil. Şikayət edən kimdirsə, gəlsin, yerindəcə araşdıraq. Görək haradan götürüb, nə vaxt götürüb, baxaq...”

Sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı da “Bizə belə şikayət daxil olmayıb” cavabı verilir.

Dövlət qurumları istirahət edir və bir il öncəki açıqlama

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən birbaşa nazirliklə əlaqə saxlamağı məsləhət görürlər. Qurumdan bütün hesabatların ora göndərildiyi bildirilir. Ancaq təəssüf ki, nazirliyin mətbuat xidmətindən də cavab almaq mümkün olmur.

Buna da bax:​ Azər Mehtiyev: "Bu bahalanma SOCAR-ın durumunu düzəltməyəcək"

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsindən deyirlər ki, mətbuat xidmətinin rəhbəri məzuniyyətdədir deyə, cavab verə bilməyəcəklər.

Adıçəkilən Komitənin sədri Ramiz Həsənov bir il öncə mətbuata deyib ki, Azərbaycanda yanacaq bir yerdən satışa çıxarılır: “Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa “işadamı” keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin “işadamı” cinayət məsuliyyəti daşıyır”.

Ramiz Həsənov
Ramiz Həsənov

O, vaxtaşırı yoxlama apardıqlarını, yanacaqdoldurma məntəqələrində Komitənin qoyduğu möhürlərin qırıldığını və bununla bağlı prokurorluğa məlumat verdiklərini də bildirib.

AİB sədri: “Yoxlamalar dayandırılıb deyə nə gəldi satırlar”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, avqustun 7-də bir sürücüdən onların qurumuna da şikayət daxil olub. Ancaq o bu cür şikayətlərin əvvəllər də gəldiyini söyləyir.

Buna da bax:​ R.Həsənov: Yanacağa nəsə qatılırsa...

Eyyub Hüseynov təəssüflənir ki, sürücülər rəsmi şəkildə, ərizəylə müraciət etməkdən çəkindiklərindən onlar araşdırma apara bilmirlər. “İllərboyu şikayət gəlir ki, benzinin keyfiyyəti aşağıdır, avtomobillərin injektorları çirklənir. “‘Benzin tökdüm maşınım dayandı’ kimi şikayətlər həmişə var. Çox təəssüf ki, bu sahədə şəffaflıq da yoxdur, heç bir yanacaqdoldurma məntəqəsi açıq qapı, müstəqil ekspertiza elan etmir. Bu sahədə aşkarlıq yoxdur”.

Eyyub Hüseynov
Eyyub Hüseynov

AİB sədri ehtimal edir ki, yanacaq saxlanılan çənlərin dibi təmizlənmədiyindən yaranan qalıqlar problem yaradır: “Bu da ‘benzin təmiz deyil’ kimi şərh olunur və injektorları sıradan çıxarır” .

Buna da bax: Nazim Bəydəmirli: 'Azərbaycanda benzin ABŞ-dan bahadır' (Video)

E. Hüseynov ona da təəssüflənir ki, prezidentin göstərişi ilə bir qədər öncə biznes qurumlara azadlıq verildiyindən, rəsmi yoxlamalar dayandırıldığından sui-istifadə halları artıb, “nə gəldi, necə gəldi əhaliyə satırlar”. “Əlbəttə, bu duruma İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eləcə də Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzarət etməlidir. Amma təəssüf ki, yoxlamalar qadağan olunub, ona görə də təhlükəli, arzuolunmaz mallar satılır”, – Eyyub Hüseynov deyir.

XS
SM
MD
LG