Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:33

Sahibkar müflisləşmə həddində: "Qazımı verin!"


İllüstrasiya
İllüstrasiya

►“Azəriqaz”ın soyutduğu istixana, müflisləşmə ilə üz-üzə qalan sahibkar…

“5 ildir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Kənd təsərrüfatı məhsulları istehsal edirəm. Külli miqdarda vəsait xərcləyərək heyvandarlıq üçün mal tövləsi, 4 hektar sahədə isə istixana tikdirmişəm. İstixananın qazla təmin olunması üçün “Azəriqaz” İstehsalat Birliyinin regional qaz idarəsinə müraciət etmişəm. Rəsmi razılıq aldıqdan sonra istixanaya müasir istilik sistemi inşa etmişəm. Təkcə qazanxana və qurğuların quraşdırılmasına 1 milyon manatdan çox pul xərcləmişəm”.

“XİYAR KOLLARI SOLUR”

Şəmkir rayonunun Qılıncbəyli kənd sakini Kəramət Rüstəmov deyir, sahibkarlıq fəaliyyətinə əngəllər var. Onun sözlərinə görə, Şəmkir kəndlərində yaşayanların qazancı əkinçilik və heyvandarlıqdan çıxır. O da prezidentin sahibkarlığa dəstəklə bağlı dediklərindən ruhlanaraq bu sahədə fəaliyyətini daha da genişləndirmək qərarına gəlib. “Qılıncbəyli” MMC-ni yaradaraq kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb. Fəaliyyətinə heyvandarlıq və əkinçilik daxildir. Ancaq necə deyərlər, yarı yolda qalıb. Səbəbindən özü danışır:

“Sənədləşdirmə üçün 50 min manat verib texniki şərt almışam. Fəaliyyət göstərdiyim 5 ildə “Azəriqaz”la aramızda heç bir narazılıq olmayıb. Qaz sərfiyyatını da həmişə əvvəlcədən ödəmişəm. Bu il sentyabrın 17-də heç bir yazılı, şifahi xəbərdarlıq etmədən gəlib təsərrüfatın qaz xəttini kəsiblər. Səbəbini soruşduqda yerli məmurlar deyirlər ki, “Azəriqaz”dan belə tapşırıq alıblar. Hazırda istixanada 120 min manat xərcləyib yetişdirdiyim xiyar xarab olur. Havalar soyuq keçdiyi üçün istixanada normal temperaturun saxlanması mümkün deyil.

Qazdan başqa alternativ istilik sistemimiz isə yoxdur. Əkdiyimiz xiyar kolları solur”.

Buna da bax: Daha bir səfirlik işçisi ilə bağlı qalmaqal

Sahibkar deyir, “Azəriqaz” İB-nin rəhbərliyinə durum barədə məlumat verib, ancaq tədbir görülmür.
O, istixanaya görə rəsmi razılıqlarını aldığı qurumları da sadalayır. Deyir, qaz çəkilməsi üçün texniki şərti “Azəriqaz” 2 möhürlə, Fövqəladə Hallar Nazirliyi, Qaz nəzarəti xidməti, Layihə İnstitutu, Regional Qaz İdarəsi, Samux Rayon Qaz İdarəsi öz möhürləri ilə təsdiq edib.

Əgər hansısa nöqsan aşkar olsaydı, bu qurumlar texniki şərti öz möhürləri və imzaları ilə təsdiq etməzdilər.

150 MİN KREDİT GÖTÜRÜB

Sahibkar:

“2-3 gün ərzində istixanaya qaz verilməsə, indiyə qədər çəkdiyim vəsait batacaq. Bunlar məni qəsdən müflisləşməyə doğru sürükləyirlər”.

Sahibkarın sözlərinə görə, təsərrüfatda daimi 40, mövsümü olaraq 20 nəfər işləyir. Deyir, məhsulun zay olması azı 50-60 ailənin ac qalmasına səbəb olacaq. Ancaq dərd bununla bitsə nə var ki… Sahibkarın işlətdiyi qazanxanaya qaz verilişi bərpa olunmasa, iş qurmaq üçün banklardan götürdüyü kreditlərin qaytarılması da sual altındadır.

“Bu ilin əvvəli “Parabank”dan 150 min manat kredit götürmüşəm. Onun da 20 min manatını “Azəriqaz” məmurlarının təkidi ilə onlara verib istixanaya tənzimləyici qoymuşam”.

Buna da bax: Vergi cərimələri 5 dəfə artırılır

Sahibkar sual edir: İstixanaya verilən qazın xəbərdarlıqsız dayandırılması nəticəsində ona dəyəcək 200 min manat civarında zərəri kim ödəyəcək?

Kəramət Rüstəmov ölkə başçısına da müraciət edib.

İSTİXANADAN 12 KM ARALI

Şəmkir Regional Qaz İstismar İdarəsindən bildiriblər ki, sahibkar istixanaya başqa yerdən qaz xətti çəkməlidir. 5 il əvvəl ona sənəd verilərkən bəzi texniki məsələlər nəzərə alınmayıb. Ancaq indi qaz xəttinin ləğv edilməsinə və başqa istiqamətdən çəkilməsinə zərurət yaranıb.

Sahibkar deyir, texniki şərti verən də, onu səhv hesab edən də özləridir:

“İndi mən nə etməliyəm? O yerdən ki, deyirlər “get qaz xətti çək gətir”, istixanadan 12 kilometr aralıdadır. Gedib yenə kreditə girib 300 min manat xərc çəkib başqa yerdən qaz xətti çəkib gətirməliyəm?”

Kənd təsərrüfatı üzrə ekspert Füzuli Hüseynov deyir, əgər sahibkarla “Azəriqaz” arasında texniki şərt bağlanıbsa, sahibkar mübahisəni məhkəmə müstəvisinə çıxara, dəymiş zərəri və itirilmiş mənfəəti tələb edə bilər.

XS
SM
MD
LG