Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

Pulyuyan maşın təhqiqatına Şotlandiya qəzeti də qoşulur


Pulyuyan maşının daha bir ünvanı - Qlazqo
Pulyuyan maşının daha bir ünvanı - Qlazqo

Şotlandiyada çıxan The Herald qəzeti yazır ki, Azərbaycandan gələn 53 milyon funt sterlinq müəmmalı pul Şotlandiyanın nüfuzlu şirkətlərindən birinin üzərində qurulmuş balıqqulağı firması vasitəsilə yuyulub.

Məqalədə deyilir ki, sohbət 20 Şotlandiya məhdud məsuliyyətli müştərək şirkətlərinin (Scottish limited partnerships - SLPs) birindən gedir. Bu, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (Organized Crime and Corruption Reporting Project – OCCRP) Azərbaycanın 2, 9 milyard dollarlıq çirkli pullarının yuyulması sxemi ilə əlaqədar adını çəkdiyi Rasmus firmasıdır. The Herald bildirir ki, bu firmaya Azərbaycandan toplam 70 milyon dollar daxil olub.

Rasmus Edinburqda mənzillənmiş mötəbər Jordans Scotland hüquq firması tərəfindən qeydiyyatdan keçirilib.

Lakin Jordans Scotland hüquq firmasının Rasmus-un Azərbaycanla əlaqədar fəaliyyət və bağları haqqında məlumata malik olduğunu göstərən dəlillər yoxdur.

“Bununla belə faş olunmuş informasiyadan iki Şotlandiya müştərək şirkətinin – Qlazqoda mənzillənmiş Hilux Services və Polux Management firmalarının, daha iki İngiltərə şirkəti ilə birlikdə Azərbaycandan gələn pulun bölüşdürülməsində iştirak etdiyi məlumdur” – yazır The Herald.

Qəzetin öz araşdırmasından məlum olub ki, adı çəkilən iki Şotlandiya firmasından 2013-2014-cü illər arasında 83 pul tranşı olub.

OCCRP xəbərdarlıq edib ki, pulyuyan maşından keçən bütün tranşların şübhəli olduğunu iddia etmək olmaz.

Bununla yanaşı, Rasmus indiyədək öz hesabları və əsl sahibləri barədə bəyanat verməyib. İndi artıq ləğv edilmiş bu SLP Britaniyanın Vircin adalarında qeydiyyatda olan iki firmanın idarəsində olub.

Rasmus öz fəaliyyətinə 2016-cı ilin aprelində, Britaniya hökuməti Şotlandiya müştərək şirkətləri üzərinə təcili şəffaflıq tələbi tətbiq edəndən bir il əvvəl son qoyub. Hökumətin belə təcili hərəkətinə The Herald qəzetinin bu şirkətlərdən, xüsusilə də keçmiş Sovet İttifaqı ərazisindən olan kriminalların sui-istifadə etməsinə dair açıqlamaları səbəb olmuşdu.

The Herald xəbər verir ki, Azərbaycanın pulyuyan maşını ilə bağlı 20 Şotlandiya müştərək şirkətinin əksəriyyəti, bundan əvvəl də qalmaqallarda adı çəkilən ünvanlarda qeydiyyatdan keçirilib. Bu qalmaqallardan biri də indikindən 10 dəfə böyük Rusiya pulyuyan maşını açıqlamalarıdır.

Söhbət Qlazqo və Edinburqdaki şəxsi evlərin ünvanlarından, habelə poçt qutusu tipli və virtual ünvanlardan gedir.

Rasmus firmasının özü əvvəlcə Qlazqo yaxınlığındakı Bişopbriqsdə qeydiyyatdan keçib. Bundan sonra onun qeydiyyatıJordans Scotland hüquq firmasına keçib. The Herald yazır ki, bu, 2013-cü ilin iyununda Azərbaycanın pulyuyan maşınına ilk ödənişlər ediləndən az sonra baş verib.

The Herald qəzeti Jordans firmasından şərh istəsə də cavab almayıb.

Bu da qeyd edilir ki, hüquq firmasının Edinburq filialının direktoru Andrew Cockburn Direktorlar İnstitutunun (Institute of Directors) fəal üzvü və Edinburq Şəhəri Biznes Klubunun (Edinburgh City Business Club) keçmiş prezidentidir.

Jordans Scotland firmasına bağlı Jordan Trust Company şirkəti Britaniyada və ofşor şirkətlərdə qeydiyyat xidməti göstərir.

The Herald qəzetinin yazdığına görə, ötən həftə məlum olub ki, keçmiş SSRİ-dən olan müştərilərə yönəlik ofşor biznesi olan Edinburq mühasibat firması Saffery Champness Rusiyada 40 milyon funt sterlinqlik vergi fırıldağı təhqiqatının altında olan bir müştərək şirkətə xidmət göstərib. Bu iş üzrə bir nəfər azadlıqdan məhrum edilib.

Məqaləsinin sonunda David Leask yazır: “Belə məlum olur ki, Bakı təkcə Şərqlə Qərb arasında yox, həm də Şotlandiyaya körpüdür”.

Azərbaycan rəsmiləri OCCRP-ın araşdırmasını Bakıya qarşı qərəzli kampaniya adlandırır, yazılanları tamamilə rədd edirlər.

XS
SM
MD
LG