Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:36

Bu qəribə əhvalat Füzuli köçkününün başına gəlib


Karikatura. Şerif.
Karikatura. Şerif.

“Polis başıma gələnləri obyektiv araşdırmır. Araşdırsa, oğrunu çoxdan qandallamışdı. İki dəfə işə xitam verib. Məndə də belə şübhə yaranıb ki, polisin burda maddi marağı var. Yoxsa bu boyda cinayəti niyə ört-basdır eləsin ki…”

Füzulinin Alxanlı kənd sakini Hidayət Cəfərov AzadlıqRadiosu-nun "Qaynar xətt"inə şikayət edib. O, Füzuli rayon polis şöbəsinin 9 ay əvvəl avtomobilindən oğurlanmış pulların tapılıb qaytarılmasına maraq göstərməməsindən gileylənir.

Buna da bax:​ Gəgirana gedən yolda adamlar niyə ölür?

“ELƏCƏ AÇARLA AÇIB PULU GÖTÜRÜBLƏR”

Hidayət Cəfərovun sözlərinə görə, ötən il Koroğlu metrosu yaxınlığında sökülmüş evinə görə 20 min manat kompensasiya alıb. Ancaq pullar elə maşından oğurlanıb:

"Öz yaxın qohumumdur. Keçən ilin noyabrında pul maşında olarkən Bakıdan Alxanlıya gəldik, bir əziz adamımızın nəşini gətirmişdik, dəfn elədik. Yas məclisində mənimlə Bakıdan gəlmiş qohum bir bəhanəylə maşının açarlarını istədi, verdim. Sonra gətirib açarları qaytardı, bir də gördüm ki, ortalıqda yoxdur. Məlum oldu ki, bizi gözləmədən özü tək Bakıya qayıdıb. Pullarsa maşından yoxa çıxıb. Füzuli polisinə ərizəylə müraciət etdim. Maşına baxış keçirildi. Maşın sındırılmayıb, heç nə dağıdılmayıb, açar yerinə başqa heç nəylə müdaxilə olmayıb, eləcə açarla açıb pulu götürüblər. O vaxt - bu vaxt, düşüb qalmışam polisin, prokurorun qapısında..."

Polis iki dəfə, sübut olmadığından işə xitam verib. Hidayət Cəfərov da hər dəfə qərardan prokurora şikayət edərək cinayət işinin təzələnməsinə nail olub. Amma nə fayda:

Buna da bax:​ Təqaüdçü müəllim: İşığımı kəsənlər elə öz şagirdlərimdir'

"Müstəntiq heç bir istintaq hərəkəti aparmır. Çox arxayındır və eləcə deyir ki, ‘ağlın olaydı, o qədər pulu maşında qoymazdın’. Nə maşındakı əl izləri götürülüb, nə şübhəli adamın əl izləri yoxlanıb. Pulumu götürmüş adam da elə müstəntiq qədər arxayındır, nə vecinə, pulunu verib, ortalıqda rahat dolaşır".

10 ÜZVÜ AİLƏ KİRAYƏLƏRDƏ QALIB

Hidayət Cəfərov deyir, evin söküntüsündən ona verilən kompensasiyaya başqa yerdə ev almağı planlaşdırırmış. Bu evi almaqdan ötrü yeganə ümidi olan 20 min manat oğurlandığı üçün 10 üzvü olan ailə kirayələrdə qalıb.

H. Cəfərov polisin hərəkətsizliyindən şikayət etməkdən ötrü iyunun 1-də Prezident Administrasiyasına da gedib, ancaq onu heç kəs dinləməyib.

Buna da bax: 'Polis bölməsində sürüyüb çölə atdılar'

Füzuli rayon polis şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, Hidayət Cəfərovun şübhələndiyi yaxın qohum bir neçə dəfə şöbəyə dəvət olunaraq dindirilib, lakin onun cinayətlə əlaqəsi sübuta yetirilməyib. Hadisə yerində zəruri istintaq hərəkətləri aparılıb, izlər götürülüb. Maşından pulun oğurlanması faktı dəfələrlə araşdırılsa da, təsdiqini tapmayıb. Lakin xitam qərarından şikayət vermək və cinayət işinin yenilənməsini tələb etmək vətəndaşın hüququdur. H. Cəfərov bu hüququndan iki dəfə istifadə edib və hazırda növbəti dəfə araşdırma aparılır.

Bir sözlə, 10 nəfərdən ibarət Cəfərovlar ailəsinin təzə mənzildə çıraq yandırması Füzuli polisinin oğrunu tutmasından asılıdır.

XS
SM
MD
LG