Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:13

Laçın dəhlizindəki ermənilər buradan çıxmayacaqlarını deyirlər


Laçının verilməsi ləngiyə bilər: dəhlizin Ermənistan hissəsində tikinti hələ başlamır
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Laçının verilməsi ləngiyə bilər: dəhlizin Ermənistan hissəsində tikinti hələ başlamır

Laçın rayonunda ermənilərin işğalından sonra “Aqavno” adlandırılan Zabux kəndində məskunlaşmış ermənilər baş nazir Nikol Paşinyanın “bu ərazi Azərbaycanın nəzarətinə veriləcək” bəyanatından sonra burdan heç yerə getməyəcəklərini bildiriblər.

Laçın rayonunun Zabux kəndində 1992-cü ilin işğalından sonra Suriyadan və Ermənistandan gətirilmiş şəxslər məskunlaşdırılıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun dərc etdiyi böyük reportajda kəndin icma başçısı Andranik Çavuşyan əksinə kənd əhalisinin artırılmasından danışır:

“Siz bu adamlardan soruşmusunuz, onlar getmək istəyirlər, ya yox? Bu adamların həlak olanları var. O həlak olanlar bizə işimizi davam etdirməyi vəsiyyət ediblər. Biz hətta istəsək də geriyə addım ata bilmərik. Siz bizdən məsləhətsiz bu fikirlə razılaşmısınız. Kim deyir ki, biz bunu evimizin yerləşdiyi 100-200 metrlə ölçürük. Biz bunu uşaqların qanı, mübarizəsi ilə ölçürük. Yox, biz ermənilərin marağında olmayan sözlərə qulaq asmayacağıq”.

Qarabağın silahlı qüvvələri?

Bugün Zabuxda 200-dən çox erməni yaşayır. Burda məktəb və uşaq bağçası da var.

Kənd sakinlərindən biri Azatutyuna deyib:

“Allah eləməsin belə bir şey olsa, adamların buna necə reaksiya verəcəyini bilmirəm. Çünki Aqavnonu (Zabux-red) heç yer, hətta Yerevanın mərkəzi də əvəz edə bilməz”.

Narine Rasosyan Zabuxda 1997-ci ildən yaşayır. Onun sonbeşiyi 44 günlük müharibədən sonra doğulub.

Azatutyun yazır ki, Narine bir neçə gündən sonra oğlunu “Dağlıq Qarabağ silahlı qüvvələrində” xidmətə göndərəcəyini deyir.

Qadın deyir ki, əgər müharibə vaxtı burdan getməyibsə, indi heç getməyə hazırlaşmır:

“Əgər belə bir rəhbər varsa, kəndə gəlib bizə desin ki, burdan getməlisiniz. Kənddə vəziyyət belədir ki, bunu bir bəyanatla etmək olmaz. Qarabağdan çıxarılmış başqalarına bugün ev veriblərmi? Onların yarısı ev tutub, heç sabah nə olacağını bilmir”.

Paşinyanın ziddiyyətli bəyanatları

İyunun 27-də keçirdiyi onlayn mətbuat konfransında baş nazir Nikol Paşinyan demişdi ki, Laçın şəhərindən yan keçən yeni yol istifadəyə verildikdən sonra “DQMV-nin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti-red) sərhədlərindən kənarda olan ərazilər Azərbaycanın nəzarətinə keçəcək”.

Azatuyun hesab edir ki, Paşinyan bununla Laçın, Zabux və Sus məntəqələrinin Azərbaycana veriləcəyini təsdiq edib.

Lakin Paşinyan “bu məntəqələrdə yaşayanların taleyi necə olacaq” sualına cavab olaraq demişdi ki, Laçın şəhərindəki sakinlərin məsələsi Ermənistan hökumətinin qətnamələri ilə həll olunacaq və onlar evlə təmin ediləcək.

Azatutyun yazır ki, Paşinyanın sözlərinə görə Zabux kəndi ilə Dağlıq Qarabağ məşğul olacaq:

“Düşünürəm ki, Aqavno (Zabux-red) kəndinin sakinlərinin problemi ilə Artsax (Qarabağ-red) hökuməti məşğul olacaq. Sus kəndi barədə heç nə deyə bilmərəm, çünki məndə belə informasiya yoxdur. Prinsip belədir: məsələ kəndin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədlərinin içərisində, yoxsa kənarında olmasından asılı olacaq”.

Paşinyan Laçın rayonunun kəndi olan Zabuxla niyə separatçıların məşğul olacağını izah etməyib.

Laçın rayonunun Zabux kəndində məskunlaşan ermənilər
Laçın rayonunun Zabux kəndində məskunlaşan ermənilər

Azatutyun yazır ki, Zabux kəndinin sakinlərini Paşinyanın bu məsələyə biganəliyi qəzəbləndirib.

Kənd sakinlərindən biri deyib:

“Ermənistan bizdən imtina edir, qoy onda Ermənistan bizim barəmizdə düşünmək hüququndan da əl çəksin. Bizim barəmizdə Artsax (Qarabağ-red) düşünər. Biz burda qalacağıq”.

Başqa bir sakin isə gileylənib:

“Deyirlər ki, Laçında kompensasiya verəcəklər, çünki qanunla Laçına düşür. Fərqi nədir? Biz də bura köçmüşük, biz də Ermənistandanıq. Niyə onlara verirlər, amma bizə yox”.

Ermənistan tələsmir

Hazırda “Laçın dəhlizi” adlandırılan yol 44 günlük müharibədən sonra Xankəndini Ermənistanın Gorus rayonu ilə birləşdirən yeganə yoldur.

Laçın rayonu 1992-ci ildə Şuşanın işğalından bir neçə gün sonra Ermənistan qüvvələrinin nəzarətinə keçib.

9 noyabr 2020-ci il üçtərəfli bəyanatına görə Laçın rayonunun Laçın şəhərindən, Zabux və Sus kəndlərindən başqa bütün əraziləri Azərbaycanın nazərətinə keçib.

Bu kəndlər Rusiya sülhməramlılarının nəzarətində olan 5 kilometrlik zolağa düşür. Qarabağ ermənilərinin Ermənistana gedib-gəlmələri üçün Laçın şəhərindən yan keçən alternativ yolun çəkilişi üçtərəfli bəyanatda nəzərdə tutulub.

Bu yolun üç il müddətində çəkiləcəyi planlaşdırılmışdı, lakin Azərbaycan öz ərazisində olan 32 kilometrlik sektorun tikintisini başa çatdırmaq üzrədir.

Azatutyun yazır ki, Ermənistan onun ərazinə düşən hissənin layihələndirmə mərhələsindədir.

Paşinyanın sözlərindən belə çıxır ki, Ermənistan tərəfi yeni yolun Rusiya sülhməramlılarının nəzarətində olacağına əmin olmalıdır.

Azatutyun qeyd edir ki, Laçın dəhlizindən keçən indiki yol boyunca habelə Qarabağa Ermənistandan qaz, elektrik və internet xətləri keçir.

Paşinyan “bütün bunların taleyi necə olacaq” sualına cavab verməyib. Baş nazir sadəcə olaraq bildirib ki, yeni yol daha təhlükəsiz və daha qısa olacaq.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG