Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:56

Məktəblərdə bullinqi necə önləməli. Müşahidə kameraları, dərslər...


PISA-nın 2022-ci il hesabatına görə, Bakıda şagirdlərin 25 faizi məktəbdə özünü yalnız hiss etdiyini, 26 faizi isə yad hiss etdiyini deyib.
PISA-nın 2022-ci il hesabatına görə, Bakıda şagirdlərin 25 faizi məktəbdə özünü yalnız hiss etdiyini, 26 faizi isə yad hiss etdiyini deyib.

"Məktəbdə övladlarımın təhlükəsizliyinin qorunduğundan əmin deyiləm. Buna görə də onları daim özüm məlumatlandırıram".

Bu gileyi övladları Xətai rayonu 254 saylı tam orta məktəbdə təhsil alan Xumar Cəfərova deyir. Ana bir müddət yaşadığı Türkiyədə gördüklərini danışır. Deyir, orada ibtidai sinif müəllimləri dərs ili başlayanda bir-bir şagirdlərinin evlərinə qonaq olurdu: "Onları daha yaxından tanımaq üçün ailələrlə söhbətlər edilirdi. Bu, çox müsbət addımdır. Bizdə də tətbiq edilə bilər".

4 min 400 məktəbdən 300-ündə...

Azərbaycanda bugünlərdə məktəblilər arasında zorakılıq və bullinqlə bağlı yayılan görüntülər məktəblərdə təhlükəsizlik məsələsini yenidən gündəmə gətirdi. Orta məktəblərdə bullinq və şiddətin önlənməsi, həmçinin şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2016-cı ildən "Məktəblinin dostu" layihəsi başladılıb. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin gerçəkləşdiriyi layihə çərçivəsində "Şagird davranış qaydaları" təxminən 300 məktəbdə tətbiq edilir. AzadlıqRadiosu bu qaydaların hansı məktəblərdə tətbiq edildiyinə və məktəblərin hansı prinsiplər əsasında seçildiyinə dair nə nazirlik, nə də sözügedən agentlikdən cavab ala bilib.

2022-ci ilin statistikasına görə, Azərbaycanda 4 min 400 məktəb var. Ölkə 2023-cü ildə Beynəlxalq Şagird Dəyərləndirmə Proqramına (PISA) qatılmayıb. PISA-nın 2022-ci il hesabatına görə, Bakıda şagirdlərin 25 faizi məktəbdə özünü yalnız hiss etdiyini, 26 faizi isə yad hiss etdiyini deyib.

'Uşağa cəza verilməlidir' - Azərbaycan məktəbləri uşaqlar üçün təhlükəsizdirmi?
Gözlə

No media source currently available

0:00 0:12:42 0:00

Müşahidə kameraları

Bəzi məktəblər şagirdlərin təhlükəsizliyi yönündə müstəqil şəkildə bəzi tədbirlər gördüklərini deyirlər. Lənkəran şəhəri 10 saylı tam orta məktəbin direktoru Araz Babayev bildirib ki, qanunvericiliyə uyğun olaraq şagirdlərin təhlükəsizliyindən ötrü təhsil ocağında mühafizə xidməti təşkil olunur: "Şagirdlərin bullinq, zorakılıq və digər mənfi tendensiyalar haqqında bilgilənməsi üçün həm yerli polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyasına, həm də Lənkəran icra hakimiyyətinin eyniadlı komissiyasına müraciət edirik ki, məktəblərdə uşaqlarla profilaktik söhbətlər aparmaq üçün məktəbimizə gəlsinlər. Uşaqların həmin görüşlərdə aktiv iştirakı, sərbəst suallar verməsi üçün şərait yaradırıq".

A.Babayev bildirib ki, məktəbdə "Bullinqə yox" layihəsi çərçivəsində valideynlər və şagirdlərlə söhbətlər, müzakirələr aparılıb. Direktor məktəbdə kameralar quraşdırıldığını, onlara nəzarət üçün xüsusi ştat olmasa da, məktəb işçilərinin nəzarəti könüllü etdiyini bildirib.

"Şiddət hər addımdadır"

Erkən təhsil mütəxəssisi, Finlandiyada uşaqların erkən inkişafı sahəsində çalışan müəllim Sura Ağaverdiyeva bullinqin bir-biri ilə zəncirvari əlaqəli strukturların işindəki çatışmazlıqlardan qaynaqlandığını deyir: "Təəssüf ki, bizim cəmiyyətdə şiddət hər addımdadır. Bəzən fərqinə varmasaq da, uşaqlar bunu erkən yaşlardan mənimsəyirlər. Üstəgəl, belə nümunələr televiziya kanallarında, tamaşalarda, kinolarda və s. açıq şəkildə göstərilir".

Mütəxəssis müəllimlərin də zamanın nəbzinə uyğun olaraq pedaqogikaları, tədris metodlarını dəyişməli olduğunu vurğulayır.

İntizamsız şagird videoları kütləvi yayılır- məktəblərə nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Təhsil eksperti Elçin Əfəndi isə məktəblərdə şagirdlərin təhlükəsizliyinin təminatından ötrü hüquq-mühafizə orqanlarından effektiv iş gözləyir: "Əsasən rayon məktəblərində təhlükəsizliyin qorunması ilə bağlı müəyyən problemlər var. Təhlükəsizliyin təmin olunması ilə bağlı dəfələrlə təklif etmişik ki, Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında memorandum və ya saziş bağlana, bütün təhsil ocaqlarında mühafizə xidməti tətbiq oluna bilər".

Həmyaşıdların təzyiqi ilə bağlı dərslər

Dünyada ən unikal təhsil sisteminə sahib ölkələrdən biri sayılan Finlandiyada Turku Universitetində zorakılıqla bağlı araşdırmalar aparılır. Universitetin tədqiqatçıları 2006-cı ildə KiVa Antibullinq Proqramını hazırlayıblar. Proqramın beynəlxalq layihə meneceri Yohanna Kivinen AzadlıqRadiosuna bu layihənin bullinqin azaldılmasında effektiv olduğunu söyləyir: "KiVa-ya hadisənin qarşısının alınması üçün universal, önləyici, müdaxilə tədbirləri, məktəbin durumun illik monitorinqi daxildir. Universal tədbirlərə tədris ili ərzində emosiyalar, hörmət, bərabərlik, həmyaşıdların təzyiqi, müxtəlif zorakılıq növləri, o cümlədən kiberzorakılıq, zorakılığa məruz qalan şəxsi müdafiə etmək kimi müxtəlif mövzuları əhatələyən dərslər daxildir".

Bundan başqa, Finlandiyada məktəblərə konkret təlimat verilir ki, zərərçəkmişə bütün məktəb dəstək olmalıdır və o, tək qoyulmamalıdır.

İmişli sakini: 'Kənddə qızları məktəbdən çıxarırlar ki, adına söz çıxar'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Tək qalmamaq

Psixoloq Minarə Səbzəliyeva da deyir ki, yeniyetmələrin özünü yalnız hiss etməsi onların şiddətə yönəlik davranışlar sərgiləməsinə gətirib çıxara bilər: "Yeniyetmələr üçün həmin dönəmdə məktəbdə tək qalmamaq, həmyaşıdları tərəfindən qəbul edilmək çox önəmlidir. Dünya Sağlamlıq Təşkilatının verdiyi açıqlamalarda isə yeniyetməlik dönəmindəki şiddətin valideyn və övlad arasında zəif emosional bağlar, ailədə uşaq sayının çox, ailə fərdlərinin bir-birinə bağlılığının zəif olması arasında əlaqənin mövcudluğu qeyd edilib. Sosial dəstəyin olması bu yeniyetmələr üçün çox önəmlidir".

Psixoloqun fikrincə, yeniyetmələrin zorakı davranışlarını önləməkdən ötrü çoxaspektli proqramlara və təlimlərə ehtiyac var. Belə ki, ailələr və müəllimlər açıq ünsiyyət quraraq şiddətin problemin həlli yolu olmadığını bildirə, problemin həllinə yönəlik uyğun davranışlar aşılaya və mütəxəssislərdən dəstək ala bilərlər.

XS
SM
MD
LG