Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

Qarabağ veteranının 3 kredit borcu var


Aslan Babayev
Aslan Babayev

-

Qarabağ veteranı, bədənində, deməsinə görə, 9 qəlpə gəzdirən Aslan Babayevin istəyi ilə onun yaşadığı Astara rayonun Sığəlonu kəndinə gedirik. Sığəlonu rayon mərkəzindən 20-25 kilometr aralıda, Talış dağların ətəyində yerləşir. Kəndin yolu yararsız haldadır. Elə bu səbəbdən yolun 4 kilometr hissəsini «Niva» markalı maşınla getməli olduq. Sürücü deyir ki, əvvəllər yolu atla, araba ilə gedirdilər.

5-6 ay olar ki, yolu bir qədər qaydaya salıblar. Onun dediyinə görə, bu ərazidə olan kəndlərin heç birinə təbii qaz verilmir. Sovet dövründə vəziyyət necə idisə, olduğu kimi qalır. İşıq var, lakin o da qışda fasilələrlə yanır...

Qarabağ veteranı ilə həyətində görüşdük. Aslan Babayev 3 uşaq atasıdır. Həm özü, həm də iki oğlu xəstədir. Deyir ki, 50-ci illərdən qalmış köhnə evi dağılıb. Borc edib ikiotaqlı ev tikməyə məcbur olub. O da tam hazır deyil. Ailənin bütün üzvləri bir otaqda qalırlar.

«3 KREDİTİM VAR...»

Aslan Babayevin deməsinə görə, Qarabağ veteranı kimi aldığı 50 manatın ümidinə qalıb: «Çox acınacaqlı vəziyyətdə yaşayıram. Mənim şikayətim budur ki, oğluma, mənim özümə əlillik dərəcəsi vermirlər. Bizim ünvanlı sosial yardımı da kəsiblər. Borc içindəyəm, vəziyyətim çox ağırdır. Camaatın arasına çıxa bilmirəm. Çox acınacaqlı vəziyyətdir. 3 kreditim var. Birini öz adıma, birini anamın adına, digərini isə qonşumun adına götürmüşəm. Kreditləri köçürdə bilmirəm. Qalmışıq Allahın ümidinə».

NƏ ÖZÜNƏ, NƏ DƏ OĞLUNA ƏLİLLİK DƏRƏCƏSİ ALA BİLİR...

Aslan Babayev 20 yaşlı Yusif adlı oğlunu göstərək deyir ki, o, hərbi xidmətdə olarkən ayağının baş barmağını itirib. Hərbi hospitalın xəstəliklə bağlı rəyləri olsa da, nə sığorta haqqı verirlər, nə də əlilik dərəcəsini müəyyənləşdirirlər:

«Sağlam uşaq göndərdim hərbi xidmətə, bu vəziyyətdə gəlib. Uşağın barmağını kəsib göndərdilər üstümüzə. Ayağında şiddətli ağrılar var, yata bilmir, yeriməkdə çətinlik çəkir. O da mənim vəziyyətimə düşüb. Mənim ayağımda da qəlpə var. 20 ildən çoxdur yaralanmışam, indiyə kimi mənə əlillik dərəcəsini vermirlər. Sığorta pulunu vermirlər».

Aslan Babayev deyir ki, müraciət etmədiyi yer qalmayıb. Ölkə başçısından tutmuş rayonun kiçik məmurlarına qədər müraciət edib.

Borc edib ikiotaqlı ev tikməyə məcbur olub. O da tam hazır deyil.
Borc edib ikiotaqlı ev tikməyə məcbur olub. O da tam hazır deyil.

«HANI?»

O, cib telefonunu göstərək bildirir ki, ölkə prezidenti İlham Əliyevin Qarabağ veteranları haqqında dediklərini yazıb. Bir neçə dəfə məmurlara telefonda yazdığını səsləndirib. Ancaq deməsinə görə, hər dəfə də ona dodaq büzüblər:

«Cənab prezident deyir ki, müharibə əlillərinə, şəhid ailələrinə kömək göstərin. Hanı?».

«20 MİN BORCUM VAR»

Aslan Babayev deyir ki, həyətyanı sahəsi olsa da, nə maddi durumu, nə də sağlamlığı torpağı əkib-becərməyə imkan verir. Dediyinə görə, bu illər ərzində borcla yaşayıb. Son aylarda qohumların, yaxınların iqtisadi vəziyyətləri pisləşdiyinə görə, ona köməklik edə bilmirlər. Heç kim də artıq, borc vermir:

«20 min borcum var. Özümü asımmı? Şikayətə baxmırlar. Kiçik oğlum da ruhi xəstədir. Gəlib evdə ona dərs keçirlər. Onun da əlillik dərəcəsini kəsiblər. Xəstəxanada olmuşam, demişəm ki, uşağı komissiyaya göndərin. Deyirlər, göndərmirik. Deməli, pul istəyirlər? Qızım nişanlıdır, onu köçürdə bilmirəm. Belə ağır vəziyyət var».

«HƏYATIN DİBİNDƏYƏM»

Aslan Babayevin qonşuları ona kömək edərək 2 kilometr məsafədən evinə elektrik xətti çəkiblər. Veteran deyir ki, hər ay 50 kiloqramlıq bir kisə un alır. Çörəyi təndirdə bişirirlər. Yedikləri də təndir çörəyi və soğandır. Gözləri dolur. «Həyatın dibindəyəm», - deyir.

Aslan Babayev müraciət etdiyi müxtəlif instansiyalardan gələn cavab məktublarını bizə təqdim edir. Müdafiə Nazirliyinin cavab məktubunda yazılıb: «Vətəndaş Babayev Aslan Mütəllim oğlunun Azərbaycan Respublikası Müdafiə nazirin elektron poçtuna ünvanladığı məktubla əlaqədar araşdırma aparılsın. Nəticəsi barəsində vətəndaşa və Tibb Baş İdarəsinə yazılı məlumat verilsin».
Məktubu nazirliyin Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev imzalayıb. Ancaq hələlik müsbət cavab yoxdur. Hərbi prokurorluqdan da oxşar cavab alıb.

«SANKİ FUTBOL TOPUYAM...»

Aslan Babayev deyir ki, artıq müraciət etməkdən bezib: «Sanki futbol topuyam, bir birinə ötürürlər. İnsanların taleyi ilə oynayırlar. Daha yazmıram. Qarabağda döyüşəndə məni ölümdən qurtaran ümidlərim olub. Məmurların biganəliyindən dinc dövrdə onu itirdim».

XS
SM
MD
LG