Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:57

İnəklər, ev quşları kütləvi qırılır, səbəbi aydın deyil...


Arxiv fotosu
Arxiv fotosu

"Eyni gündə azı qırx inək başını yerə qoydu, səbəbi hələ də bilinmir".

Bunu AzadlıqRadiosu-na Ağdaşın Yenicə kənd sakinləri deyir. Bu il sentyabrın 3-də kənddə azı 40 inək canını tapşırıb. Kənd sakinlərinin deməsinə görə, onlara bildirilib ki, səbəb gənəyə qarşı dərmandır.

Buna da bax:​ Köçkün: 'Hökumət papağını göyə atsın ki...'

“ZƏRƏRİ KİM ÖDƏYƏCƏK, BİLMİRİK”

Kənd sakini Musa Əsgərov:

"İnəkləri gənəyə qarşı "biastol" məhlulu ilə dezinfeksiya etmişik. Bundan az sonra inəklər bir-bir ölməyə başladılar. Bir deyil, iki deyil, qırxa yaxın heyvandır. O heyvanın birinin dəyəri 1500-1700 manatdır. Elə kəndli var ki, inəklərinin hamısı qırılıb. Bunun zərərini kim ödəyəcək, bilmirik".

Ancaq kəndlilər deyir, heyvanların dərmandan tələf olması da ehtimaldır. Ola bilsin ki, inəklər içdikləri sudan, yaxud yemdən zəhərləniblər. Məsələn, Rəvan İsgəndərov suyu da heyvanlarına üfürə-üfürə verir:

"Birinin üç, birinin beş, birinin on, birinin on beş inəyi - yəni belə... Demək olar ki, hər məhəllədən heyvanı ölən var. Mən də öz heyvanlarımı izolyasiya etmişəm, suyu da maşınla alıram. O vaxta qədər ki, kənddə qırx heyvanın bir anda ölməsinin səbəbi dəqiqliyi ilə bilinməyəcək, məcburam ki, heyvanları sudan, yemdən qoruyam. Baytarların dərmandan zəhərlənmə ehtimalı da, hələ ki, ehtimal olaraq qalır".

Buna da bax: Monidigah kənd sakini: 'Hər şey 19 il əvvəl zəlzələdən başladı'

BAŞQA YERDƏN ŞİKAYƏT GƏLMƏYİB

Heyvanı ölən kəndlilər ilk olaraq kənddəki aptekə "hücum çəkiblər". Onlar heyvanların ölmə səbəbini aptekdən alınan dərmanla dezinfeksiyada görüblər. Aptekin satıcısı bildirib ki, dərman götürdüyü firma ilə əlaqə saxlayıb. Firmadan bildirilib ki, eyni dərmandan alıb istifadə edən başqa təsərrüfat sahiblərindən oxşar şikayət gəlmədiyindən dərmanı "günahlandırmaq" əsassızdır.

Ağdaş rayon baytarlıq idarəsindən "Qaynar xətt"ə bildirilib ki, heyvanların kütləvi ölümü gənəyə qarşı dərman preparatı ilə dezinfeksiyadan bir neçə dəqiqə sonra baş verib. Ölən heyvanlara baxış keçirilib və dərmanın təsiri nəticəsində onların ağ ciyərlərinin parçalandığı məlum olub. Mütəxəssislər bildirir ki, belə tip dərman preparatları qədərində və təlimata uyğun istifadə olunmadıqda fəsadları heyvanların ölümüylə nəticələnir.

Buna da bax:​ Şəkidə yüzlərlə ailənin ünvanlı sosial yardımı kəsilib

400 TOYUQ-CÜCƏ QIRILIB

Qobustan rayon sakinləri isə "Qaynar xətt"ə ev quşlarının kütləvi qırılmasından şıikayətləniblər. Rayonun Sündü kənd sakini Səxavət Məmmədovun quşçuluq təsərrüfatındakı azı 400 toyuq-cücə qısa müddətdə qırılıb. Ev quşlarında ölməmişdən əvvəl halsızlıq, şişmə və iştahsızlıq müşahidə olunub. Təsərrüfat sahibi xəstə toyuqlardan bir neçəsini baytar həkimə göstərib. Onların məsləhət bildiyi dərmanlardan istifadə edib, bundan sonra ev quşları arasında tələfat daha da artmağa başlayıb. Təsərrüfat sahibi ev quşlarının qırılmasının qarşısını ala bilməməkdə baytar həkimlərini günahlandırır.

Qobustan rayonunun baytarlıq idarəsindən isə "Qaynar xətt"ə bildiriblər ki, təsərrüfat sahibi gec müraciət etdiyindən müdaxilə də gecikib.

Buna da bax:​ Biləvərlilər: 'Yollara ayrılan pullar məmur balalarının bahalı həyatına xərclənir'

Baytarlar heyvanların kütləvi qırılmasını təsərrüfat sahiblərinin dərman preparatlarından istifadə zamanı diqqətsizlik göstərmələri, bəzi hallarda isə baytara gec müraciət etmələri ilə əlaqələndirirlər.

Təsərrüfat sahibləri öz heyvandarlıq və quşçuluq təsərrüfatlarını sığortalamadıqları üçün məhv olmuş heyvanlara görə onlara sığorta ödənilmir.

XS
SM
MD
LG