Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:04

'Birinci kanal'dakı verilişə görə Rusiyanın Ermənistandakı səfirinə nota verilib


Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

Oktyabrın 24-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kapırkin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyanın "Birinci kanal"ındakı proqrama görə ona etiraz notası təqdim olunub. Həmin proqramda Ermənistanın baş naziri Nikol Paşinyan ilə ABŞ-ın "əlaqə"lərindən bəhs olunub.

XİN bildirir ki, proqramda "Ermənistan Respublikasının yüksək vəzifəli şəxslərinin ünvanına təhqiramiz və tamamilə qəbuledilməz ifadələr səslənib".

"Görüş zamanı müvafiq etiraz notası təqdim olunub", – məlumatda deyilir.

Proqramda nə deyilib

XİN proqramın adını çəkmir. Rusiyanın RBK portalı isə qeyd edir ki, bir gün öncə "Birinci kanal"da "Nikol Paşinyan: fəlakət müjdəçisi. Tuttinin varisinin kuklası" adlı veriliş efirə gedib.

"Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağ üzrə sülh planlarından dəfələrlə "vuruşacağıq" sözləri ilə imtina edib, sonucda ərazini döyüşsüz təslim edib. Bununla da əl-qolunu birdəfəlik bağlayıb, Avroparlamentdə çıxışında isə açıqca qərbpərəst ritorika səviyyəsinə axın edib. O öz hərəkətləri ilə gah KTMT-dən çıxaraq Amerikaya münaqişə zonasını qızışdırmağa kömək etməyə çalışır, gah iki stulda əyləşməyə çalışır, gah qeyri-dost qonşular siyahısına saldığı müttəfiqlərdən uzaqlaşaraq rəsmi olaraq yeni kuratorlara tərəf getmək istəyir", – proqramın təsvirində deyilir.

Birsaatlıq proqramda vurğulanır ki, hər il Rusiyadan Ermənistana 30 milyard rubla yaxın (320 milyon ABŞ dolları) vəsait köçürülür, Moskvanın Ermənistan ərazisində dörd hərbi bazası və azı 4 min sərhədçisi var.

Paşinyanın Rusiyaya qarşı tənqidləri

Azərbaycan sentyabrın sonunda Qarabağda "antiterror tədbirləri" keçirdiyini bəyan edib. Bundan sonra tanınmamış separatçı rejim özünü buraxdığını elan edib. Paşinyan isə deyib ki, Rusiya sülhməramlıları Bakının hərəkətlərinin qarşısını başlanmazdan öncə ala bilərdilər.

Əməliyyatlardan bir ay sonra Paşinyan Avropa Parlamentində çıxışında Rusiya sülhməramlılarını Qarabağdan erməni sakinlərin köçməsi fonunda hərəkətsizlikdə ittiham edib. O, təhlükəsizlik sahəsində müttəfiqləri tənqid edərək Avropa İttifaqı ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Moskva Qarabağdakı sülhməramlıların ünvanına tənqidlərlə heç vaxt razılaşmayacaq. Onun sözlərinə görə, sülhməramlılar əsl qəhrəmanlıq göstərirlər, malik olduqları mandatla öz funksiyalarını yerinə yetirirlər.

Ermənistan baş naziri ötən il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevan sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. O, Rusiyanın rəhbərlik etdiyi qurumu 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtinasına görə kəskin tənqid edib. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya daxildir.

Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

2023-cü ilin yanvarında isə Ermənistan öz ərazisində KTMT təlimlərini keçirməkdən imtina etdiyini açıqlayıb, yaranmış vəziyyətdə təlimlərin keçirilməsini məqsədəuyğun saymayıb.

XS
SM
MD
LG