Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:27

Köçkünlər: ‘Əli Həsənov nəcis anbarına çevrilən zirzəmini görmədi...’


Bakı. Məcburi köçkünlərin yaşadığı yer (arxiv fotosu)
Bakı. Məcburi köçkünlərin yaşadığı yer (arxiv fotosu)

"Nə yayımız var, nə qışımız... Bina qəzalı olduğu üçün qaz, su da çəkilməyib. Kanalizasiya xətləri zirzəmiyə birləşdirilib, nəcis, sidik birbaşa zirzəmiyə axır. İndi özünüz düşünün vəziyyəti..."

Bunu AzadlıqRadiosu-na Novxanıdakı keçmiş “Şəfəq” sanatoriyasında məskunlaşan köçkünlər deyir.

Buna da bax:​ Köçkün: 'Hökumət Pirsaatdakı 40 ailəni unudub'

“BÖYRƏKLƏRİM ÇIXARILMALIDIR”

25 ildən çoxdur ki, işğal altında olan torpaqlardan məcburi köçkün düşmüş yüzlərlə ailə keçmiş düşərgə binasına sığınıb. Ancaq binadakı şəraitsizlik, havasızlıq insanların həm həyatlarına, həm də sağlamlıqlarına qənim kəsilib.

Köçkün Firuzə Rüstəmova deyir, ailə üzvlərinin çoxu Xocalıda qətlə yetirilib. Bir qızı, bir də özü canını götürüb qaça bilib. Ancaq 25 ildir ki, sığındıqları bu düşərgə binasında əziyyətli həyat sürür:

"Bir böyrəyim çürüyüb, çıxarılmalıdır... Sonra da ikinci böyrəyim çıxarılmalıdır. Böyrək köçürülməlidir. Hamısı qaldığım otağın rütubətindən, nəmişliyindən... Buranın qocası xəstə, gənci xəstə, uşağı xəstə... Qırılırıq..."

Buna da bax:​ 'Evimiz zəbt edilib' – Bakıda aksiya

“SƏBRİMİZ QALMAYIB”

Binada qaz və su yoxdur, elektriki isə ümumi şitdən bir birinə dolaşan qəzalı naqillərlə hərə öz evinə dartıb aparıb. Bu şit dəfələrlə partlayıb və yanğın baş verib. Ancaq vaxtında müdaxilə olunduğundan hər dəfə qarşısı alınıb.

Binada yaşayan başqa köçkün İxtiyar Nəsibov deyir, bina qəzalı olduğundan qaz, su xətti də yoxdur, kanalizasiya xətləri zirzəmiyə birləşdirilib:

"Kanalizasiya xətləri zirzəmiyə birləşdirilib, nəcis, sidik birbaşa zirzəmiyə axır. İndi özünüz düşünün vəziyyəti... Zirzəmidəki üfunətdən yuxarı mərtəbələrdə yaşamaq mümkün deyil. Uzun illərdir eləcə deyirlər, "azca da dözün". Səbrimiz qalmayıb, qızımın, nəvələrimin ayaqları tutulub. Bura köçəndən dedilər, qısa müddətlik burdayıq. "Qısa müddət" oldu 25 il... Qızım ailə qurdu, nəvələrim oldu, ikisi ailə qurdu, kənara getdi. Şəraitsiz, bir otaqda bu qədər adamın yaşaması mümkün deyildi. Biz istəyirik ki, bu məşəqqətə həmişəlik son qoyulsun".

Buna da bax:​ Köçkün: 'Hamamsız evlər paylayıblar, tikməyə də icazə vermirlər'

“İSTƏDİK İÇƏRİ GİRSİN”

Köçkünlər dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Əli Həsənova və başqa qurumlara müraciət ediblər. Hətta köçkünlərin davamlı tələblərindən sonra Əli Həsənov binaya da gəlib, ancaq köçkünlərin deməsinə görə, onlarla elə binanın çölündə görüşüb, danışıb. Köçkün Zümrüd Əsgərova:

"Biz istədik ki, Əli Həsənov evlərimizə baxsın, tavanları, döşəmələri, nəcis anbarına çevrilən zirzəmini görsün. O isə dedi, "elə çöldən də vəziyyət görünür", binaya girmədi".

Çökmək təhlükəsi günbəgün artan binanın 2-ci mərtəbəsində köçkün uşaqları üçün iki məktəb fəaliyyət göstərir. Məktəblərdən birində müəllim və şagirdlərlə birlikdə 300, digərində 150 nəfər var. Bina dağılsa, yüzlərlə uşağı xilas etmək də mümkün olmayacaq.

Buna da bax:​ M. Əliyeva: ‘400 mindən çox məcburi köçkün işlə təmin edilib’

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Qaynar xətt"ə bildirilib ki, qurum sədri Əli Həsənov qeyd olunan düşərgədə olub və köçkünlərin vəziyyətini nəzarətə götürüb. 2018-ci ildən yataqxana və düşərgələrdə acınacaqlı şəraitdə yaşayan köçkünlərin köçürülməsi gözlənilir: "Əli Həsənov düşərgədəki binanın vəziyyəti ilə dərindən tanış olub, köçkünlərlə söhbətləşib, problemlərini dinləyib", - qurumdan deyilib.

XS
SM
MD
LG