Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Ukrayna Baxmutda mövqelərini saxladığını bildirir


Baxmut
Baxmut

Ukrayna ordusu Baxmutda strateji mövqelərini saxladığını bildirir. Bundan öncə isə Rusiya aylardır Donetskdə ağır döyüşlərin mərkəzində dayanan şəhərdə irəlilədiyini bildirib.

“Düşməni çox vaxt gözləmədiyi yerdən vurur, strateji mövqelərimizi saxlayırıq”, – Ukrayna quru qüvvələrinin komandiri Oleksandr Sırski Telegram-da yazıb.

“Burada hər kəs qəhrəmandır. Rusiyalılar ağır itkilər verirlər, onların personalını, hücum potensialını dağıdırıq”, – Sırski qeyd edib.

Rusiyadan gələn bəyanatlar

Rusiyanın Müdafiə Nazirliyi aprelin 23-də bildirib ki, qüvvələri şəhərin qərb hissəsində iki rayonu ələ keçiriblər. Vaqner muzdlu qrupunun başçısı Yevgeni Priqojin isə qüvvələrinin şəhəri tamamilə tutduğunu bildirib.

Bu məlumatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

Son 24 saat ərzində Baxmutda daha iki dinc sakinin öldürüldüyü, iki nəfərin yaralandığı bildirilir.

Rusiya qüvvələri Xerson vilayətinin Ukraynanın nəzarətində olan hissələrini atəşə tutmaqda davam edirlər. Bundan öncə yayılmış xəbərlərə görə, Ukrayna ordusu Dnepr çayını keçərək çayın şərq sahilində mövqe qurub. Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Nataliya Humenyuk çayın keçilməsi haqda məlumatları təkzib edib, “reallığa uyğun gəlməyən, bir az qabağa qaçan bəyanatların atışmaya səbəb olduğunu” deyib. O, yayılan xəbərlərin “spekulyasiya” olduğunu sözlərinə əlavə edib.

Ukrayna ordusu nə təkzib, nə təsdiq edir

ABŞ-ın nüfuzlu Hərbi Araşdırmalar İnstitutunun (ISW) aprelin 22-də yaydığı məlumatda deyilirdi ki, Rusiyanın hərbi bloqerləri Ukrayna qüvvələrinin həmin gün “Xerson vilayətinin şərq sahilində mövqe qurmasını təsdiqləyən yetərincə geolokasiya görüntüləri və mətn xəbərləri yayıblar, ancaq bunun miqyası və niyyəti bəlli deyil”.

İndiyədək Kiyevin yaz əkshücumuna hazırlaşdığını bir çox ekspertlər deyir, Ukrayna liderləri buna eyham vururdular. Yayılan xəbərlər əkshücum gözləntilərini artırıb.

Belə bir potensial hücumun məqsədi Kremlin qanunsuz ilhaq etdiyi Krım yarımadası ilə Rusiya arasında yaratdığı quru dəhlizini dağıtmaq ola bilər.

Ukrayna ordusu strateji Dnepr çayının qismən Rusiyanın nəzarətində olan sahilində mövqe tutması xəbərlərini nə təkzib, nə inkar edib.

Xerson vilayətinə Moskvanın təyin etdiyi başçı Vladimir Saldo isə Ukrayna qüvvələrinin Dneprin şərq sahilində mövqe tutmasını təkzib edib. O, Telegram-da yazıb ki, Rusiya qüvvələri ərazini “tam nəzarətdə” saxlayır.

XS
SM
MD
LG