Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:29

Buğdanın 750 faiz bahalandığı ölkələr var


Arxiv fotosu
Arxiv fotosu

Dünyada 400 milyon nəfər Ukraynadan ərzaq təchizatından asılıdır

“Heç kəs təsəvvür eləyə bilməz ki, Ukraynada milyonlarla ton buğda bloklanıb, dünyanın qalan hissəsi isə aclıqdan əziyyət çəkir. Bu, əsl hərbi cinayətdir”. Bunu Avropa İttifaqının Xarici siyasət rəhbəri Jozep Borrel iyunun 20-də blokun xarici işlər nazirlərinin Luksemburqda keçirilə görüşündən öncə deyib.

Nazirlər Rusiya qüvvələrinin Qara dəniz limanlarını blokadaya alması nəticəsində Ukraynada ilişib qalmış milyonlarla ton buğdanı çıxarmağın yollarını müzakirə edəcəklər.

Hazırda Ukraynada anbarlarda 20 milyon tondan çox buğdanın qaldığı bildirilir.

Putinin iddiası

Rusiya Prezidenti Vladimir Putin dünyada buğdanın kəskin bahalanmasına görə Moskvanın məsuliyyət daşıması haqda Qərbin ittihamlarını rədd edir. O ötən həftə iddia edib ki, Rusiya Ukrayna buğdasını Qara dənizlə daşınmasına zəmanət verməyə hazırdır və Ukraynanın alternativ quru yolları var.

Moskva daha öncə taxıl ixracına icazə verilməsi əvəzində iqtisadi sanksiyaların qaldırılmasını tələb edib. Fevralın sonunda Ukraynaya hücum edən Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.

Müharibə başlayandan dünyada buğda bahalanır. Yaxın Şərqdə və Afrikada əsas idxalçılar təchizatda çatışmazlıqla üzləşiblər.

Ukrayna rəsmiləri Moskvanı onun buğda ehtiyatını oğurlayaraq Rusiyaya və digər ölkələrə daşımaqda suçlayıb.

“Associated Press” agentliyi Rusiya-Ukrayna müharibəsinin ərzaq böhranına səbəb olmasından yazır. Məsələ ondadır ki, Rusiya və Ukrayna birlikdə dünyada buğda və arpanın üçdə birinə yaxınını, günəbaxan yağının 70 faizini ixrac edir, böyük qarğıdalı təchizatçılarıdır. Rusiya həm də gübrə istehsalına görə dünyada öndə gedir.

400 milyon nəfər

Buğdanın Ukraynanın Qara dəniz limanlarından çıxarılması üçün təhlükəsiz dəhlizlərlə bağlı danışıqlar həftələrdir nəticəsiz qalıb.

“Bu, bir neçə ayın içində gerçəkləşməsə, dəhşət olacaq”, – Massaçuets Amherst Universitetində böhran idarəçiliyi üzrə təhsil alan Anna Naqurney deyir.

Onun sözlərinə görə, dünyada 400 milyon nəfər Ukraynadan ərzaq təchizatından asılıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamasına görə, bu il 41 ölkədə 181 milyonadək insan ərzaq böhranı, yaxud aclığın daha pis səviyyəsilə ilə üzləşə bilər.

Adətən Ukrayna tarlalarındakı buğdanın, digər taxıl növlərinin 90 faizi dünya bazarlarına dənizlə çatdırılır. Hazırda anbarlara yığılmış buğdanın bir hissəsi dəmiryolu, magistral və çay yoluyla Avropaya yönəldilir, ancaq “AP” bunun dəryada damla olduğunu yazır.

Daşımalarda ortaya çıxan daha bir maneə isə Ukraynanın dəmiryolu qabaritlərinin qərb qonşularınkına uyğun gəlməməsidir.

Aralıq dənizinə girmək üçün Avropanı dövrə vurmaq

Ukrayna kənd təsərrüfatı naziri Markian Dmitraseviç Avropa İttifaqı deputatlarından buğda ixracına kömək istəyib. O, Rumıniyanın qara dəniz limanının genişləndirilməsini, Dunay çayı üzərində daha çox karqo terminalları tikilməsini, Polşa sərhədini keçən yük üçün bürokratik əngəlləri aradan qaldırmağa çağırıb.

Ancaq bütün bunlar ərzağın ehtiyacı olanlardan daha da uzaqlaşması deməkdir.

“İndi Aralıq dənizinə girmək üçün bütün Avropanı dövrə vurmalısan. Bu Ukrayna buğdasının qiymətində inanılmaz artım deməkdir”, – Vaşinqtondakı Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat İnstitutunun baş tədqiqatçısı Jozep Qlauber deyib

Müharibə başlayandan Ukrayna yalnız 1.5 milyon- 2 milyon ton buğda ixrac edə bilib. əvvəllər bu rəqəm 6 milyon tondan çox olurdu, bunu da Qlauber deyir. O, həm də ABŞ Kənd Təsərrüfatı Departamentinin keçmiş baş iqtisadçısıdır.

Rusiyanın tələbi

Heç Rusiyanın da buğdası tam ixrac olunmur. Moskvanın arqumentinə görə, Qərbin bank və gəmiçilik sektorlarına sanksiyaları Rusiyadan ərzaq və gübrə ixracını qeyri-mümkün edib. Rusiya rəsmiləri buğdanın qlobal bazarlarına ixracından ötrü sanksiyaların qaldırılmasından israr edirlər.

Ancaq Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və digər Qərb liderləri sanksiyaların ərzağa aid olmadığımı bildirirlər.

Ukrayna Rusiyanı kənd təsərrüfatı infrastrukturunu bombalamaqda, tarlaları yandırmaqda, buğdanı oğurlayaraq Suriyaya satmaqda suçlayır. Livan və Misirin bu buğdanı almaqdan imtina etdiyi bildirilir. ABŞ-ın “Maxar Technologies” şirkətinin mayın sonunda çəkdiyi fotolarda Rusiya bayrağı olan gəmilərin Krımda limanda buğda ilə doldurulduğu, bir neçə gün sonra Suriyaya çatdığı görünür.

Rusiya bildirir ki, Ukrayna Qara dənizdə minaları təmizləyincə ixrac bərpa oluna bilər, gələn gəmilərdə isə silah olub-olmadığı yoxlanılacaq.

Subsidiyalar ayrılsın

Qlauber indilik zərbənin ən yoxsullara dəydiyini deyir. “Bu humanitar böhrandır, bu, sual doğurmur”, – o, sözlərinə əlavə edir.

Üstəlik, aclıq, ərzaq böhranı yaşanan ölkələrdə siyasi sabitsizlik riski də var. Elə Ərəb baharının səbəblərindən biri də ərzaq böhranı idi.

Qlauber deyir ki, Misir kimi vəziyyət nisbətən pis olmayan ölkə ərzağın bahalanmasını kompensasiya edə bilər.

“Yəmən, yaxud Afrika Buynuzu kimi yoxsul ölkələrə isə həqiqətən də humanitar yardım lazımdır”, – o söyləyir.

Bəzi ölkələrdə buğdanın qiyməti 750 faiz qalxıb.

Bu il dünyada 2.78 milyard ton buğda, düyü, digər taxıl məhsulları istehsal olunacağı gözlənir. Bu, ötənilki istehsaldan 16 milyon ton azdır.

XS
SM
MD
LG