Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:53

ABŞ: Rusiyanın Ukrayna müharibəsində itkisi '75 mini keçir'


Xersonda Rusiya texnikası
Xersonda Rusiya texnikası

Ukraynanın müdafiə rəsmisi isə Rusiya əsgərlərinin ölkənin cənubunda qüvvələrinin böyük yerdəyişməsini apardığını bildirir

Moskvanın fevralda Ukraynanı işğal etməyə göndərdiyi qüvvənin təxminən yarısı, 75 mindən çox rusiyalı əsgər ya öldürülüb, ya da yaralanıb. Bunu ABŞ konqresmeni Elissa Slotkin Prezident Co Bayden administrasiyasının rəsmiləri ilə məxfi brifinqdən sonra CNN-ə deyib.

O, rəqəmin “nəhəng” olduğunu söyləyib.

“Brifinqdə bizə deyildi ki, 75 mindən çox rusiyalı əsgər ya öldürülüb, ya yaralanıb. Bu nəhəng rəqəmdir. Onlar quru qüvvələrə inanılmaz investisiya qoyublar, quru qüvvələrinin 80 faizindən çoxu orada ilişib qalıb, yorulublar”, – Slotkin vurğulayıb.

MKİ 15 min əsgərin öldürüldüyünü deyirdi

Hərbi itkilər Rusiyada hətta dinc dövrdə belə dövlət sirri sayılır. Moskva Ukrayna müharibəsində itki sayını yeniləmir. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) son dəyərləndirməsində döyüşlərdə 15 min rusiyalı əsgərin öldürüldüyünü deyirdi.

Bu yaxınlarda Ukraynaya səfərdən qayıtmış Slotkin növbəti üç-altı həftənin münaqişənin gedişində həlledici olacağını vurğulayıb.

Yeni rəqəmlər təsdiqlənərsə, bu, Rusiyanın Ukrayna müharibəsində böyük itki verməsi deməkdir. Bu arada Ukrayna ölkənin cənubundakı strateji Xerson şəhərini qaytarmaq üçün əkshücuma hazırlaşır.

Müharibəyəcən 290 min əhalisi olan şəhər hazırda Moskvanın təyin etdiyi administrasiyanın nəzarəti altındadır.

Əkshücum sürətlənir

Britaniyanın Müdafiə Nazirliyi iyulun 28-də gündəlik kəşfiyyat bülletenində bildirib ki, Ukraynanın Xersondakı əkshücumu sürətlənir, “Rusiyanın işğal etdiyi Xersonun şimal sərhədindəki İnqulets çayının cənubunda, çox güman, mövqe qazanıb”.

Bu şəhərin yenidən ələ keçirilməsi Ukrayna qüvvələrinə Qara dəniz sahilində bəzi əraziləri geri almaq üçün mövqeyini möhkəmləndirmiş olar.

Britaniya kəşfiyyatı da Xerson yaxınlığındakı Antonovski körpüsünün iyulun 27-də yenidən vurulduğunu, “keçidin çox güman, hazırda istifadəyə yararsız olduğunu” təsdiqləyib.

Antonovski Dnepr çayı üzərində üç körpüdən biridir, Ukrayna qüvvələri onu yeni uzaq mənzilli artilleriya ilə dağıdıb. Rusiya nəzarətində olan əraziləri bu körpülərlə təchiz edir.

Britaniya kəşfiyyatı bildirir ki, Rusiyanın tutduğu, siyasi baxımdan əhəmiyyətli Xersonun hazırda Rusiyanın tutduğu digər ərazilərlə “əlaqəsi kəsilib”.

Rusiya əlavə qüvvələr gətirir

Ukraynanın müdafiə rəsmisi isə Rusiya əsgərlərinin ölkənin cənubunda qüvvələrinin böyük yerdəyişməsini apardığını bildirir.

Təhlükəsizlik Şurasının katibi Oleksey Danilov iyulun 27-də Ukrayna televiziyasına deyib ki, yerdəyişmələr Xerson, Melitopol və Zaporojye vilayətləri istiqamətində baş verir, Rusiya əlavə qüvvələr gətirir.

Danilov Ukraynanın Qərb tərəfdaşlarından saysız silahlar da aldığını sözlərinə əlavə edib.

“Hazırda çox böyük kömək alırıq”, – o, sözlərinə əlavə edib.

ABŞ-ın Ukraynaya verdiyi HIMARS raket sistemləri uzaq mənzillidir, Ukraynanın sovet dövrü artilleriyasından daha dəqiqdir. Rəsmilər bu sistemlərin Rusiya əsgərlərinin geri oturdulmasında, onların təchizat xətlərinin vurulmasında vacib rol oynadığını deyirlər.

Xerson

Cənub Əməliyyat Komandanlığının sözçüsü Nataliya Humenyuk Ukrayna televiziyasına Xeron yaxınlığında əkshücumda irəliləyiş olduğunu deyib.

Onun sözlərinə görə, iki kənd – Andriyivka və Lozove azad edilib, Ukrayna qüvvələri mövqelərini möhkəmləndirir.

Müdafiə Nazirliyi iyulun 27-də Ukrayna “müqavimət hərəkatı”nın yerləşdirdiyi partlayıcı cihazın bir polis əməkdaşını öldürdüyünü, digərini yaraladığını bildirib.

Nazirliyin Baş Kəşfiyyat Direktorluğu Xerson sakinlərini Rusiya əsgərlərinin harada yaşadığını, işğalçılarla əməkdaşlıq edən yerli sakinləri ifşa etməyə çağırıb.

XS
SM
MD
LG