Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:46

Köçkün əlil nə üçün çayxana açmaq istəyirmiş?


Çayxana (arxiv fotosu)
Çayxana (arxiv fotosu)

“Görəsən məmurları silkələsən, ciblərindən nə qədər məktub, ərizə tökülər? Əlli ərizədən sonra mənə təzədən ərizə yazdırdı, qoydu cibinə, dedi, ‘narahat olma, həll olunar’. 3 aydır ki, ərizəmin nəticəsindən xəbər tuta bilmirəm, zibilqabınamı atdı, neynədi...”

“Ərizəni yazdırdı, qatlayıb qoydu cibinə...”

Xocalı köçkünü, Qarabağ müharibəsi əlili İlham Türbəndiyevi maraqlandıran ötən il oktyabrın 7-də yaşadığı Bərdə şəhərindəki qaçqın şəhərciyində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) sədri Əli Həsənova əlbəəl verdiyi ərizənin aqibətidir.

Buna da bax:​ Yenə tikinti, yenə narazılıq

“BİRCƏ DƏFƏ DƏ DƏRDİMİ DEYƏ BİLMƏDİM”

Müharibədə yaralanıb əlil olmuş İlham Türbəndiyevin həyat yoldaşı və üç övladından ikisi də anadangəlmə əlildir. Türbəndiyev AzadlıqRadiosu-na danışır ki, ailə vəziyyəti olduqca acınacaqlıdır. Hazırda Gəncədə təhsil alan, ailənin yeganə sağlam üzvü olan böyük oğluna da əl tuta bilmir. Buna görə də 1 il 6 ay öncə Bərdə rayon icra hakimiyyətinin başçısına müraciət edib ki, məskunlaşdığı şəhərcikdə kiçik bir çayxana açmasına icazə versin:

“Dəfələrlə başçının qəbuluna düşmək istədim ki, ailə vəziyyətimi başa salım, hamımız əlilik, acından ölürük, heç olmasa, kiçik bir yer versin, burda boş yer çoxdur, bir çayxana açım, çörəkpulumu qazanım. Ancaq bircə dəfə də başçıya dərdimi üzbəüz deyə bilmədim. Xeyli keçəndən sonra rəsmi cavab gəldi ki, “Qaçqınkom”a müraciət etməliyəm. Yaşadığımız rayonun başçısının qəbuluna düşə bilmiriksə, dərdimizə bir quru kağız parçasına iki kəlmə cümlə rədd cavabı yazmaqla işlərini bitmiş hesab edirlərsə, o başçı bu xalqa nə gün ağlayacaq?”

Buna da bax:​ 'Məhəlləmizi zəbt ediblər'

Rayonun icra başçısından əlini üzən köçkün başlayır “Qaçqınkom”a yazmağa... Deyir, Komitənin məktub qutusunda azı əlli məktubu gedib. Üç dəfə də Bakıya gəlib ki, “Qaçqınkom” sədrinin qəbuluna düşsün. İki dəfə Nazirlər Kabinetinin binasında, bir dəfə də “Qaçqınkom” binasında sədrin ayrı-ayrı müavinləri onu qəbul edib. Hərəsi də bir ərizə yazdırıb yola salıb.

“DEDİ, YERİ DEYİL, AYIBDIR”

Nəhayət, ötən il oktyabrın 7-də Əli Həsənovun yolu İlham Türbəndiyevin məskunlaşdığı şəhərciyə düşür:

“Avropa Şurasının nümayəndələri ilə gəlmişdi. Yaxınlaşdım, dedi, ‘yeri deyil, ayıbdır, qoy qonaqlar getsin, danışarıq’. Qonaqlar getdi, bir də yaxınlaşdım, problemimi dedim, dedi, ‘ərizə yazmısan?’ Dedim, ‘azı əllisini’... Dedi, ‘birini də yaz’. Elə ordaca atüstü bir ərizə yazdım, verdim, qatladı, qoydu cibinə, dedi, ‘həll olunar’. O gedən getdi. Düz 3 ay keçib, ərizəmdən hələ də xəbər yoxdur”.

Buna da bax:​ 'Evimiz plana düşüb, 3 ildir zirzəmidə qalırıq'

“ÇAYXANA TİKMƏYƏ TORPAQ SAHƏSİ İSTƏYİR”

Bərdə rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Yeni Köçkün qəsəbəsi, 7 mərtəbəli yaşayış binaları ərazisində yaşayan İlham Türbəndiyev quruma müraciət edib. Həmin qəsəbədə çayxana tikintisi üçün torpaq sahəsinin ayrılmasını istəyib. Ancaq sözügedən ərazi məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binaları tikintisi məqsədilə “Qaçqınkom”a ayrıldığından ona həmin quruma müraciət etməsi tövsiyə olunub. Başçının qəbul məsələsinə gəlincə, hər həftənin müəyyən günləri başçı rayon sakinlərini qəbul edərək problemlərini dinləyir: “Türbəndiyevin başçıyla görüşməsinin məqsədi bəlli olduğundan, ona birbaşa “Qaçqınkom”a müraciət etməsi tövsiyə olunub, bu məsələdə başçılıq nə var ki?..”

Buna da bax:​ Məhkəmə qərarına görə fəhlə deputata 100 manat ödəməlidir

Qaçqınkom”dan bildirilib ki, İlham Türbəndiyevin ərizəsi araşdırılır: “Ora yaşayış binalarının tikintisi üçün nəzərdə tutulub. Yaxın vaxtlarda qurum ona rəsmi cavab göndərəcək”.

Köçkünün “əlli məktub” iddiasına gəlincə, Komitədən məsələnin şişirdildiyi bildirilib.

XS
SM
MD
LG