Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:25

Balaca Zeynəbin faciəli ölümündə 'hamı günahkardır'


Zeynəb Mikayılzadə
Zeynəb Mikayılzadə

«Dəfələrlə zəng vurmuşuq, yazmışıq, yalvarmışıq, demişik ki, «a kişilər, bu məhəllələrlə uşaqlar məktəbə gedib gəlir, bu yoldan əlil keçir, qoca keçir, əliuşaqlı analar keçir. Yığışdırın məhəllələrdən quduz itləri. Özünüz ərinirsinizsə, imkan yaradın, sakinlərə tüfəng verin, özümüz bu itlərin axırına çıxaq».

Bunu AzadlıqRadiosuna Sumqayıt şəhəri, 10-cu mikrorayon sakinləri deyir.

MƏSƏLƏNİN KÖKÜ

İyulun 31-də ərazidəki quduz it 5 yaşlı Zeynəb Mikayılzadəni dişləyib. Hadisədən 5 gün sonra qızcığaz dünyasını dəyişib. Bu hadisə mikrorayon sakinlərini məyus edib. Sakin Sərvər Qasımov deyir, insidentə qədər sakinlər sürüylə gəzən, insanlara hücum edən itlərə görə yerli icra hakimiyyətinə və aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər:

***Buna da bax-Canavarlar kənddə sürüylə gəzir

«İt 40-cı binanın qabağındakı uşaq meydançasında oynayan uşağı parçaladı. İndi biri deyir, həkimlər məsuliyyətsiz yanaşıb, biri deyir, zəif uşaq olub, ona görə ölüb... Ancaq məsələnin kökü gedib məsuliyyətsiz, işini yarıtmaz məmurlara çıxır. Zeynəb balamız vətəndaşın təhlükəsizliyini qorumalı olan və o itləri küçələrdən yığışdırmalı olan qurumların qurbanı oldu».

«KÜÇƏYƏ UŞAQ BURAXA BİLMİRİK»

Hadisə yerində olanların deməsinə görə, it azyaşlının başını çeynəyib.

Zeynəbin babası Tofiq Seyfəliyev AzadlıqRadiosuna danışmaq istəsə də, qəhərdən boğulub və telefon əlaqəsini kəsib. Sonradan zəng vuran qonşusu Səməd Ramazanovsa hadisədə həm quduz itlərə sahib çıxmayan qurumları, həm də həkimləri günahlandırıb:

«Küçəyə uşaq buraxa bilmirik. Mənim nəvəmi bu ilin mayında itin pəncəsindən qonşu xilas etdi. Zibillər vaxtında daşınmır, itlər də zibilliklərdə yem axtarmaq üçün binaların həyətlərinə, məhəllələrə daraşır. Burda həm zibili vaxtında daşımayan qurumun, həm itlərə qarşı mübarizə aparmalı olan qurumun, həm də həkimlərin məsuliyyətsizliyi var. Uşağı üç gün xəstəxanada saxlayıb, müayinə etmədən evə buraxıblar. Tapşırıblar ki, həftədə bir dəfə gətirərsiniz, vaksin vurular. Ancaq onu tam sağalanadək saxlamaq, müayinə, müalicə etmək vəzifə borcları idi».

***Buna da bax-Binaların zirzəmilərinə doluşan itlər sakinlərə qənim kəsilib

RƏSMİ QURUMLAR NƏ DEYİR

Sumqayıt Şəhər Səhiyyə Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Zəhra Mikayılzadəyə Təcili Tibbi Yardım Xəstəxanasında bütün tibbi yardımlar göstərilib, vaksinlər vurulub:

«İlkin rəyə görə, ölümə səbəb uşaqda kəskin immunitet və hemoqlobin azlığı olub. Daha dəqiqi ekspertiza rəyindən sonra bilinəcək».

«Bizim yol» qəzeti yazır ki, son 40 gündə Sumqayıtda 199 nəfəri it dişləyib. Təkcə iyulda 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, quduz itlərin vurulmasına rəsmi icazə var və aidiyyəti qurumlar bu işlə məşğul olurlar:

«Vaxtaşırı itlərin quduz olub-olmaması yoxlanılır, quduz itlərə vaksinlər vurulur. Bu işi Baytarlıq İdarəsi görür. Ancaq etiraf edək ki, çox vaxt sakinlər də məhəllələrdə natəmizlik, harada gəldi zibillik yaradırlar, itlər də bu üzdən sürü şəklinə düşüb həmin zibilliklərin ətrafında sülənirlər».

XS
SM
MD
LG