Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

HRW Azərbaycanın BMT İnsan Haqları Şurasında təmsilçiliyinə etiraz edir


"Tarixi səsvermə" ilə BMT Baş Assambleyası İnsan Haqları Şurasının yaradılmasına qərar verir, 15 mart 2006
"Tarixi səsvermə" ilə BMT Baş Assambleyası İnsan Haqları Şurasının yaradılmasına qərar verir, 15 mart 2006
BMT üzvləri İnsan Haqları Şurasının yeni tərkibinə yalnız insan haqlarına hörmət edən dövlətləri seçməlidirlər. Beynəlxalq insan haqları təşkilatı – «Human Rights Watch» (HRW) aprelin 24-də belə bir çağırışla BMT-yə müraciət edib. BMT-nin İnsan Haqları Şurasına mayın 9-da seçki olacaq, Azərbaycan da daxil olmaqla 65 ölkə bu şuradakı 47 yer üçün namizədliyini verib.

«Human Rights Watch»un Nyu-York ofisinin təmsilçisi Rid Brodinin fikrincə, səsvermə gizli olsa da, BMT üzvləri Azərbaycanın insan haqları sahəsindəki pozuntularını nəzərə almalıdırlar. Cənab Brodinin fikrincə, bu pozuntular sırasında bir sıra dissidentlərin həbsdə olması, parlament seçkisindəki total saxtalaşdırma, müxalifətçi gənclərin məhkəməsi sadalana bilər. BMT-nin İnsan Haqları Şurası isə dünyanın müxtəlif ölkələrində insan haqları pozuntularını tənqid edən, araşdıran ali orqan olacaq.


Rid Brodi: «Fikrimizcə, Azərbaycan kimi müxalifət partiyalarının, vətəndaş cəmiyyəti qurumlarının, siyasi fikrin əzildiyi bir ölkəylə BMT-nin İnsan Haqları Şurası məşğul olmalıdır, bu ölkə həmin şurada oturmamalıdır».


Milli Məclisin İnsan Haqları Komissiyasının sədri Rəbiyyət Aslanova isə Azərbaycanın bu beynəlxalq quruma üzv olmaq şansının böyük olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan öz qanunvericiliyini beynəlxalq hüquq normalarına uyğun olaraq daim təkmilləşdirir: «BMT rəsmiləri, ekspertləri də Azərbaycandakı bu müsbət dəyişiklikləri görürlər. O ki qaldı, HRW-un hesabatlarına, görünür, bu qurum Azərbaycanla bağlı bundan əvvəlki qərəzli və qeyri-obyektiv mövqeyinin məntiqi davamı kimi belə bir addım atır».


HRW-un icraçı direktoru Kennet Rotun fikrincə, yaxşı xəbər odur ki, bəzi ən pis insan haqları pozucuları- Sudan, Şimali Koreya, Belarus, Zimbabve, Özbəkistan və Nepal şuraya üzvlük üçün müraciət etməyə cürət etməyiblər. İndi isə BMT üzvləri insan haqlarını pozan digər dövlətlərin də bu şuraya üzvlüyünə imkan verməməlidir.


BMT-nin İnsan Haqları Şurasına üzvlük üçün BMT-də səs çoxluğu - yəni, ən azı 96 səs qazanmaq lazımdır. İyunun 19-da yeni şura ilk dəfə olaraq Cenevrədə görüşəcək.


XS
SM
MD
LG