Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:43

Qapısı qıfıllı məscid


Əsas binada hələ tikinti işləri başa çatmasa da, həyətdəki kiçik tiklilər son bir neçə ildə məscid kimi fəaliyyət göstərib
Əsas binada hələ tikinti işləri başa çatmasa da, həyətdəki kiçik tiklilər son bir neçə ildə məscid kimi fəaliyyət göstərib
Yeni Günəşli qəsəbəsindəki «Fatimeyi Zəhra» məscidinin artıq iki aydır giriş qapısından qıfıl asılıb. Bu qıfılın bir də açılıb-açılmayacağı İqtisad Məhkəməsinin mövqeyindən asılı olacaq.

Həm Suraxanı İcra Hakimiyyəti, həm də «Fatimeyi Zəhra» dini icması bir-birinə qarşı 2 saylı Bakı Yerli İqtisad Məhkəməsində iddia qaldırıblar. İcra hakimiyyəti «Fatimeyi Zəhra» məscidinin sökülməsi və torpaq sahəsinin onlara qaytarılmasını, dini icma isə tikinti işlərinin dayandırılması ilə bağlı sərəncamın ləğv edilməsini tələb edir.

«FATİMEYİ ZƏHRA» MƏSCİDİNİN İNŞASINA RƏFAEL ALLAHVERDİYEV RAZILIQ VERİB…

Məscidin keşikçisi deyir ki, əslində onların bütün sənədləri qaydasındadır:
«Sərəncamımız da var, torpağın şəhadətnaməsi də. O vaxt Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rafael Allahverdiyev sərəncam vermişdi».

Əsas binada hələ tikinti işləri başa çatmasa da, həyətdəki kiçik tiklilər son bir neçə ildə məscid kimi fəaliyyət göstərib. Keşikçi deyir ki, Yeni Günəşli qəsəbəsində başqa məscid olmadığından, qəsəbə sakinləri indi ibadət üçün başqa məscidlərə getmək məcburiyyətində qalırlar.

«YA ZƏHRA, İMDADIMIZA ÇAT!»

Məscidin həyətində bir neçə nəzir qutusu var. Qutularının üstündə qeyd edilmişdi ki, bu nəzir «Fatimeyi Zəhra» məscidinin inşası üçün toplanır. Həyətdə tək-tük gənc dindarlar da gözə dəyirdilər.
Onlardan biri yazacağım məqaləyə «Ya Zəhra, imdadımıza çat» sərlövfəsini qoymağı məsləhət görür. Ancaq mikrofonu ona uzadanda təklifini dilə gətirmək istəmir. Gənclərdə ehtiyatlılıq hiss olunur. Məhkəmə başa çatmamış danışmaq istəmədiklərini deyirlər.

Əslində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu məsələni kənardan izləməyi üstün tutur. Komitənin şöbə müdiri Gündüz İsmayılov deyir ki, «Fatimeyi Zəhra» məscidi ilə bağlı problem hüquqi məsələdir və hüquq yolu ilə də həll edilməlidir:

«Məhkəmə başa çatmamış bizim bu məsələylə bağlı hər-hansı münasibət bildirməmiz, məhkəmənin işinə müdaxilə kimi dəyərləndirilə bilər. Biz öz sözümüzü məhkəmədən sonra bildirəcəyik».

FİKİR AYRILIĞI…

Son vaxtlar Azərbaycanda məscidlərin sökülməsinə və qıfıllanmasına tez-tez rast gəlmək mümkündür. Bu məsələ artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında da fikir ayrılığı yaradıb. Komitənin sədri Hidayət Orucov dəfələrlə bildirib ki, qanunsuz inşa edilən məscidlərin sökülməsində dinə qarşı mənfi heç nə yoxdur.

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə isə deyir ki, istənilən halda məscidlərin sökülməsinə qarşıdır. Əslində cəmiyyət də bu məsələləri birmənalı qarşılamır. Fəlsəfə elmlər namizədi Müşfiq Şükürlünun fikrincə, dini sferada bir qarışıqlıq hökm sürür. Dövlət sadəcə orda nizam-tərəzi yaratmaq niyyətindədir.

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyir ki, bütün bunlar vicdan azadlığının boğulmasına yönəlib:

«Bu toplumun başına daş yağmaq kimi bir şeydir. Bir toplum ki, mənəvi baxımdan sürünür, orda məscidləri uçuracaqlar, əxlaqsızlıq aşkara çevriləcək, ləyaqətli insanları zindana atacaqlar…»

İlqar İbrahimoğlunun fikrincə, bəzi məmurlar düşünürsə ki, məscidləri sökməklə insanların inanclarını məhv edəcəklər, onlar yanılırlar. Heç Sovet imperiyası buna nail ola bilmədi. İlqar İbrahimoğlu düşünür ki, söz və siyasi azadlıqların tapdalanması vicdan azadlığına da təhlükə yaratmaya bilməzdi.
XS
SM
MD
LG